2022.09.20 29 settembre la Chiesa ricorda i tre arcangeli San Michele, San Gabriele e San Raffaele

Liturgiya oxunuşları: 29 SENTYABR. Müq. Ali-Mələklər Mikael, Cəbrayıl, Rafael

“Mələklər insana onun əsl mahiyyəti haqqında, həyatında çox vaxt gizli, üstü örtülü qalan şeylər haqqında danışırlar. Onları insanı özünə qayıtmağa çağırır. Bu mənada biz insanlar da, yenə və yenə bir-birimiz üçün mələklər kimi olmalıyıq - batil yollardan uzaqlaşdıran və yenidən Allaha yönəldən mələklər kimi” (XVI Benedikt, Vəz 29.09.2007).

Bu gün biz müqəddəs Ali-Mələklər Mikael, Cəbrayıl və Rafaelin və bütün səmavi ruhların bayramını qeyd edirik. Bu, bizim xilas tariximizdə onların canlı iştirakı haqqında düşünmək üçün gözəl fürsətdir. Ali-Mələklər (arxangellar) "səmavi orduların" üzvləridir və mələklər iyerarxiyasının ən yüksək pillələrini tuturlar. Papa Fransisk müqəddəs ali-mələkləri Rəbbə xidmət etməyə həmişə hazır olan Onun “böyük seyrçiləri” adlandırır. Onlar Allah tərəfindən bizə həyat səyahətimizə istiqamət vermək üçün göndərilib. Papa bu sözlərlə onların bəşəriyyətin xilasında mühüm rolunu izah edir ki, bu da onların adlarında əks olunub. Adı "Allahın bənzəri varmı?" kimi tərcümə olunan Müqəddəs Mikael, Allahın xalqını qorumaq üçün Şeytanla döyüşən ali-mələkdir. Müqəddəs Cəbrayıl, "Allahın Gücü (Qüdrəti)", Allahın iradəsini Daniel peyğəmbərə elan edən, Mübarək Məryəmə dünyaya gələcək Oğlu haqda müjdə verən və Zəkəriyyəyə Vəftizçi Yəhyanın doğulacağını deyən ali-mələkdir. Nəhayət, adı "Allah şəfa verdi" kimi tərcümə edilən müqəddəs Rafael, hər kəsi müşayiət edən bələdçidir. O, gənc Toviyanı səyahət zamanı müşayiət edir və onun atasını korluqdan sağaldır. Gəlin Papa Fransiskin sözlərinə qoşulaq: “Ey Mikael, mübarizəmizdə bizə kömək et; Ey Cəbrayıl, bizə xilas Müjdəsini gətir; Ey Rafael, bizim əlimizdən tut”.

BİRİNCİ OXUNUŞ Vəhy 12,7-12a

Göydə döyüş oldu. Mikael və onun mələkləri əjdaha ilə döyüşdü. Əjdaha və onun mələkləri də onlarla döyüşdü, amma gücləri çatmadı. Göydə artıq onlara yer qalmadı. O böyük əjdaha – iblis və Şeytan deyilən, bütün dünyanı aldadan qədim ilan yer üzünə atıldı, mələkləri də onunla birgə atıldı. Mən göydə uca bir səsin belə dediyini eşitdim: «İndi Allahımızın xilası, gücü, Padşahlığı və Onun Məsihinin hakimiyyəti həyata keçdi. Çünki bacı-qardaşlarımızı Allahımızın önündə gecə-gündüz təqsirləndirən ittihamçı kənara atıldı. Onlar Quzunun qanı və öz şəhadət sözləri vasitəsilə ona qalib gəldilər. Hətta ölümlə üzbəüz olanda da öz canlarını sevmədilər. Buna görə də, ey göylər və orada məskən salanlar, bayram edin! Qurunun və dənizinsə vay halına! Çünki iblis böyük hiddətlə yanınıza endi, bilir ki, onun az vaxtı qalıb».

Təfsir

Vəhy Kitabından bu parça xeyirlə şər arasındakı "həyat döyüşünü” təqdim edir. Bu, adi bir savaş deyil, səmada artıq baş vermiş kainat hadisəsidir, harada ki Mikael və onun mələkləri şeytanı simvolizə edən əjdaha -  qədim ilan ilə döyüşüblər. Qələbə Quzunun qanı ilə, yəni İsa Məsihin qurbanı ilə əldə edildi. Təfsirdə vurğulanır ki, bu qələbə artıq əldə olunub: “İndi Allahımızın xilası, gücü, Padşahlığı və Onun Məsihinin hakimiyyəti həyata keçdi”. Lakin Səmadakı bu qələbəyə baxmayaraq, “ittihamçı” (iblis) yer üzünə qovulub və həyatımıza təsir etməkdə davam edir. Artıq bir vaxtlar sahib olduğu güc əlindən alınıb, amma o, yenə də hərəkət edə bilir. Bu bizim üçün nə deməkdir? Yuxarıda deyilənlərin hamısından biz iki mühüm nəticə çıxarmalıyıq: şərin gerçəkliyini qəbul etmək (həyat döyüşlərində qalib gəlmək üçün ilk növbədə şeytanın mövcud olduğunu qəbul etməliyik) və Məsihə güvənmək (biz özümüzü bütünlüklə Səmada qələbə qazanmış olana - Rəbb İsaya, Onun mələklər ordusuna və aralarında adı " Allahın bənzəri varmı?" olan Mikaelə etibar etməliyik). Beləliklə, biz şərdən  qorxmamalıyıq, lakin onun təsir gücünü də görməzlikdən gəlməməliyik. Bizim gücümüz isə özümüzdə deyil, Məsihə səmimi imanımızdadır.

İNCİL Yəhya 1,47-51

İsa Natanaelin Ona tərəf gəldiyini görüb haqqında belə dedi: «Bu, həqiqətən, ürəyində hiylə olmayan bir İsraillidir». Natanael «Sən məni haradan tanıyırsan?» deyə Ondan soruşdu. İsa ona cavab verdi: «Filip səni çağırmazdan əvvəl səni əncir ağacının altında gördüm». Natanael Ona dedi: «Rabbi, Sən Allahın Oğlusan, İsrailin Padşahısan!» İsa ona cavab verib dedi: «Səni əncir ağacının altında gördüyümü söylədiyim üçünmü Mənə iman edirsən? Sən bunlardan daha böyük şeylər görəcəksən». Yenə ona dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: göyün yarıldığını və Allahın mələklərinin Bəşər Oğlu üzərinə enib-qalxdığını görəcəksiniz».

Təfsir  

Yəhyanın İncili İsanın Natanaelə verdiyi vəd ilə yekunlaşır: “göyün yarıldığını və Allahın mələklərinin Bəşər Oğlu üzərinə enib-qalxdığını görəcəksiniz”. Bu vəd birbaşa Yaqubun Yaradılış kitabındaki görüntüsünə istinad edir (Yar 28, 12.15): “O, yuxuda gördü ki, yerin üzərində bir nərdivan durmuş və onun başı göylərə çatmışdır. Allahın mələkləri onunla çıxıb-düşürdülər.... Mən həmişə səninləyəm, gedəcəyin hər yerdə səni qoruyacağam”. Bu kontekstdə İsanın Özü göylə yer arasındakı “nərdivana” çevrilir. Mələklərin qalxdığını və endiyini görmək o deməkdir ki, Allahın qəzavü-qədəri bütün zamanlarda insanların həyatında məhz Onun mələkləri və ali-mələkləri vasitəsilə daim mövcud olacaqdır. Ali-mələk Cəbrayıl çox vaxt bizim dərk etmək bacarığımızdan kənara çıxan vacib mesajlar gətirmək üçün göndərilir. Bu mesajlar, Müqəddəs Məryəmlə baş verdiyi kimi, gözlənilmədən gəlir. Ali-mələk Mikaelin  varlığı bizə həyat mübarizələrində tək olmadığımızı xatırladır. O, bizim qoruyucumuzdur. Ali-mələk Rafael hər birimizin ehtiyac duyduğu şəfa gətirir.

27 sentyabr 2025, 21:18