Liturgiya oxunuşları: 20 SENTYABR. Adi Dövrün XXIV həftəsinin şənbəsi
BİRİNCİ OXUNUŞ 1 Tim 6,13-16
Hər şeyə həyat verən Allahın və Ponti Pilatın önündə öz yaxşı əqidəsinə şəhadət edən Məsih İsanın hüzurunda sənə tapşırıram ki, Rəbbimiz İsa Məsihin zühurunadək Allahın əmrinə ləkəsiz və nöqsansız riayət et. Allah Onu Öz vaxtında zahir edəcək. O, bəxtiyarlıq mənbəyi olan tək Hökmdar, şahların Şahı və ağaların Ağasıdır. Yeganə ölməzliyə malik olan, əlçatmaz nurda yaşayan Odur. Onu insanlardan heç kəs görməyib və görə də bilməz. Ona izzət və əbədi qüdrət olsun. Amin.
Təfsir
Müqəddəs Paul Timoteyə məktubunu yekunlaşdıraraq, onu, İsa Məsihin şəhadətindən nümunə götürərək öz çağırışına sadiq olmağa çağırır. Həvari öz şagirdinə son nəsihətini verir: “Rəbbimiz İsa Məsihin zühurunadək” möhkəm qalmaq və ilahi əmrə riayət etmək. Paul onu qüsursuz və kamil olmağa çağırır. Bu cür sədaqətin nümunəsi İsanın Özüdür, o, “Ponti Pilatın önündə öz yaxşı əqidəsinə şəhadət” etdi. Paulun Timoteyi çağırdığı şəhadət Məsihin Özünün şəhadətindən güc və məna alır. Əvvəlki günlərin oxunuşları artıq bizə öyrətdi ki, imanımızın mərkəzi İsadır. Bugünkü oxunuş vurğulayır ki, bizim şəxsi imanımız Məsihin imanını təqlid etməlidir, xüsusən də Rəbbin Pilatın qarşısında yaşadığı çətin anlara bənzər anlarda. Bizə dəstək verən səmavi mükafat gününün mütləq gələcəyinə imanımızdır.
İNCİL Luka 8,4-15
Böyük izdiham toplaşanda, insanlar hər şəhərdən İsanın yanına gələndə İsa onlara bir məsəl danışdı: «Bir əkinçi toxumunu səpməyə çıxdı. Səpin zamanı toxumlardan bəzisi yol kənarına düşdü, ayaq altında tapdalandı və göydə uçan quşlar onları dənlədi. Bəzisi daşlığa düşdü və cücərincə susuzluqdan qurudu. Bəzisi tikanlar arasına düşdü. Tikanlar toxumla birgə boy atıb onu boğdu. 8 Başqaları isə münbit torpağa düşdü və böyüyüncə yüz qat artıq səmərə verdi». İsa bunları deyərək nida etdi: «Eşitməyə qulağı olan eşitsin!» Şagirdləri isə Ondan soruşdular: «Bu məsəlin mənası nədir?» O dedi: «Allahın Padşahlığının sirlərini bilmə qabiliyyəti sizə verilmişdir. Başqalarına isə hər şeyi məsəllərlə danışıram ki, “gördükləri halda görməsinlər, eşitdikləri halda anlamasınlar”. Məsəlin mənası budur: toxum Allahın kəlamıdır. Yol kənarına düşənlərsə kəlamı eşidənlərdir. Sonra iblis gəlir və iman etməyib xilas olmasınlar deyə kəlamı onların ürəyindən götürüb aparır. Daşlığa düşənlərsə kəlamı eşidəndə sevinclə qəbul edənlərdir. Lakin onlarda kök olmadığına görə bir müddət iman edir və sınaq vaxtı gələndə imandan dönürlər. Tikanlar arasına düşənlərsə bunlardır: kəlamı eşidirlər, amma get-gedə bu həyatın qayğılarından, var-dövlətindən, zövqlərindən boğulur və yaxşı bəhrə vermirlər. Münbit torpağa düşənlərsə bunlardır: belə insanlar kəlamı eşidib xeyirxah və sadiq ürəkdə saxlayırlar. Bunlar səbirlə səmərə verir.
Təfsir
Əkinçi məsəlində əsas məqam toxumun keyfiyyəti (Allahın Kəlamı) deyil, onu qəbul edən insan qəlbinin vəziyyətidir. İsa məsəli danışır və sonra izah edir. Toxum müxtəlif keyfiyyətli torpağa düşür: yol kənarı (toxum tapdalanır və quşlar onu yeyir), qaya (toxum cücərir, lakin kök ata bilmədiyi üçün tez quruyur), tikanların arası (toxum alaq otlar tərəfindən boğulur), yaxşı torpaq (toxum bol məhsul verir). Toxum Allahın Kəlamıdır və müxtəlif torpaq növləri insan qəlbinin müxtəlif növləridir. Toxumu qəbul etməyə hazır olan ürəyin üzərinə düşən Allahın Kəlamı bol meyvə verir. Gəlin ürəyimizin Allahın Kəlamını qəbul etməyə nə qədər hazır olduğuna nəzər salaq. Məgər bizi, alaq otları kimi, səmavi qurtuluş mesajını boğan kin, şöhrətpərəstlik və ya təkəbbür idarə etmirmi? Ruhani həyat, qəlbin azad və həssas olması üçün daim aparılan təmizləmə işidir. Bu, iman toxumunun bəhrə verməsini təmin edən davamlı bir işdir. Gəlin ürəyimizi sınayaq və onları Rəbbin Kəlamını qəbul etməyə hazırlayaq.