2020.01.10 Pray for Peace

Liturgiya oxunuşları: 22 SENTYABR. Adi Dövrün XXV həftəsinin bazar ertəsi

“Şəhadət - Vəftiz işığını qəbul etmiş və onu başqalarına çatdırmağı üzərinə öhdəlik kimi götürmüş məsihçinin xüsusiyyətlərindən biridir. O, Allahın Nuru olan İsa Məsihin şahididir və bu nuru həyatının çırağında daşımalıdır” (Papa Fransisk, Müqəddəs Marta Evinin ibadətgahında Messa 28.01.2016).

BİRİNCİ OXUNUŞ Ezra 1, 1-6

Rəbb Fars padşahı Kirin hökmranlığının birinci ilində Yeremyanın dili ilə dediyi sözü yerinə yetirmək üçün Kiri ruhlandırdı. Ona görə Kir padşahlığının bütün ərazisində yazılı və şifahi elan etdi: «Budur, Fars padşahı Kir belə deyir: “Göylərin Allahı Rəbb dünyanın bütün padşahlıqlarını mənə verdi və Yəhudanın Yerusəlim şəhərində Öz məbədini tikməyi mənə əmr etdi. Aranızda Onun xalqına mənsub olanların hamısına qoy Allahı yar olsun! Qoy onlar Yəhudanın Yerusəlim şəhərinə qalxsın və İsrailin Allahı Rəbbin məbədini tiksinlər. Yerusəlimdə səcdə qılınan Allah Odur. Sağ qalan İsraillilər hansı əhali arasında yaşayırsa, qoy onlar Yerusəlimdəki Allah evinə verəcəkləri könüllü ianələrdən başqa, qızıl-gümüş, əşya və heyvanlar verməklə bu adamlara kömək etsinlər”». Yəhuda, Binyamin qəbilələrinin nəsil başçıları, kahinlərlə Levililər, eləcə də Allahın ruhlandırdığı bütün adamlar Rəbbin Yerusəlimdəki məbədini tikmək üçün yola düşməyə hazırlaşdılar. Aralarında yaşadıqları yerli əhalinin hamısı verdikləri könüllü ianələrdən başqa, qızılla, gümüş qablarla, əşyalarla, heyvanlarla və qiymətli şeylərlə onlara kömək etdilər.

Təfsir

Uca Allah Öz xalqını yeni başlanğıca çağırmaq üçün hətta bütpərəst padşahdan da istifadə edir və bu çağırış bu gün bizim hər birimiz üçün aktualdır. İranın bütpərəst padşahı Kir İsrail xalqı üçün vasitəçi olur; yəhudilərin sürgündən qayıtması üçün fərman verir və onları Yerusəlim məbədini tikməyə sövq edir. Bu, vacib bir məqamı vurğulayır: Allah hər kəsi, hətta gözləmədiyimiz insanları belə, Öz məqsədlərini həyata keçirmək üçün istifadə edə bilər. Artıq sürgünlə barışmış xalqa müraciət edən Kir onlara “qalxın və tikin” əmrini verir. Bu iki feil - "qalxmaq" və "tikmək" - təkcə fiziki hərəkəti deyil, həyatın yenidən canlanmasına, cəsarət tapmağa və çətinliklərə təslim olmamağa çağırışı ifadə edir. Bu gün də, Rəbb bizi hərəkətsizlikdən və ümidsizlikdən çıxarmaq üçün insanlardan istifadə etməyə davam edir. Ola bilsin, bizi daşdan olan məbədi tikmək üçün çağırmırlar, lakin biz öz həyatımızı qurmağa çağırılmışıq. Bizim vəzifəmiz  - bu çağırışa diqqətli və açıq olmaq və bugünkü Cavab Məzmurunda oxuduğumuz kimi “Rəbbin bizim üçün böyük işlər gördüyünü” xatırlamaqdır. Allah həmişə bizim həyatımızda işləyir və biz Onun ardınca getməyə hazır olmalıyıq.

İNCİL Luka 8, 16-18

Heç kim çırağı yandırıb onu qabla örtməz yaxud yatağın altına qoymaz. Əksinə, çıraqdana qoyar ki, içəri girənlər işığı görsünlər. Çünki elə gizli bir şey yoxdur ki, aşkara çıxmayacaq və elə örtülü bir şey yoxdur ki, bilinib aydın olmayacaq. Buna görə də necə dinlədiyinizə diqqət edin. Çünki kimin varıdırsa, ona daha çox veriləcək. Amma kimin yoxudursa, özününkü zənn etdiyi şey də əlindən alınacaq.

Təfsir  

Allahın Kəlamını qəbul etdikdən sonra onu yalnız özümüz üçün saxlamamalıyıq, əksinə, yaymalıyıq ki, bəhrə versin. Dünənki İncil oxunuşunda İsa dedi ki, yaxşı ürək Allahın Kəlamı üçün münbit torpaq kimidir. Bugünkü İncil bu fikri davam etdirir: " Heç kim çırağı yandırıb onu qabla örtməz yaxud yatağın altına qoymaz. Əksinə, çıraqdana qoyar ki, içəri girənlər işığı görsünlər". Bu o deməkdir ki, Allahın Kəlamının işığı təkcə bizim üçün yanmamalıdır. “Torpağımızın” keyfiyyəti necə qulaq asdığımızdan asılıdır. Bu, hərəkətsiz mövqe deyil,  xilasedici Kəlamın fəal və diqqətli qəbuludur. İsa deyir: “Buna görə də, necə dinlədiyinizə diqqət edin”. Bizim bəhrə gətirib-gətirməyəcəyimiz Allahın Kəlamını nə qədər dərindən dərk etməyimizdən asılıdır. Rəbb xəbərdarlıq edir ki, “kimin varıdırsa, daha çox veriləcək və o, bolluq içində olacaq, kimin yoxudursa, əlində olan da ondan alınacaq” (Matta 25, 29). Bu, aldığımız ənama görə məsuliyyət daşıdığımızı göstərir. Allahın Kəlamı və Onun Nuru olan bu ənam ona görə verilir ki, biz onu başqaları ilə səxavətlə bölüşə bilək.

20 sentyabr 2025, 14:40