2024.04.29 Saint Pio Foundation e realizzate dal fotografo personale di padre Pio, Elia Stelluto.

Liturgiya oxunuşları: 23 SENTYABR. Müq. Padre Pio

“İsanın ardınca getmək üçün Allahın Kəlamını dinləməli və onu yerinə yetriməlisən. Xristian həyatı bundan ibarətdir. Hər şey bu qədər sadədir. Ola bilsin ki, biz onu heç kimin başa düşmədiyi öz izahatlarımızla bir qədər mürəkkəbləşdirmişik, lakin xristian həyatı Allahın Kəlamını dinləmək və yerinə yetirməkdən ibarətdir” (Papa Fransisk, Müqəddəs Marta Evinin ibadətgahında Messa 23.09.2014).

BİRİNCİ OXUNUŞ Ezra 6,7-8.12b.14-20

O zaman padşah Dara məmurlara yazdı: “Yəhudilərin valisi və Yəhudilərin ağsaqqalları Allahın evini öz yerində bərpa etsinlər. Mən əmr edirəm ki, Allahın bu evinin bərpasında Yəhudilərin bu ağsaqqallarına kömək edəsiniz, işlərinin dayandırılmaması üçün bu adamların xərci mütləq padşah xəzinəsindən, Fərat çayının qərb torpaqlarından yığılan vergilərdən ödənilsin. Bu məbədi isminə məskən edən Allah bu fərmanı dəyişdirməyə cəhd edən və Yerusəlimdəki məbədin dağılmasını istəyən hər padşahı və xalqı yox etsin. Mən Dara əmr edirəm, əmrim sözsüz yerinə yetirilsin”. Yəhudilərin ağsaqqalları tikintini davam etdirdilər və peyğəmbər Haqqay ilə İddo oğlu Zəkəriyyənin peyğəmbərlik sözlərinə əsasən onların işləri uğurlu gedirdi. İsrail Allahının buyruğuna görə Fars padşahları Kir, Dara və Artaxşastanın əmri ilə məbədi tikib qurtardılar. Məbəd padşah Daranın hakimiyyətinin altıncı ili, Adar ayının üçündə başa çatdı. İsrail övladları – kahinlər, Levililər və sürgündən qayıdanların hamısı bu Allah evinin təqdis mərasimini sevinclə qeyd etdilər. Allahın evinin təqdisi üçün yüz buğa, iki yüz qoç, dörd yüz quzu və bütün İsrail üçün qəbilələrinin sayına görə günah qurbanı olaraq on iki təkə təqdim etdilər. Yerusəlimdə Allaha xidmət üçün Musanın Kitabında yazıldığı kimi kahinləri öz dəstələrində və Levililəri öz bölmələrində düzdülər. Sürgündən qayıdanlar Pasxa bayramını birinci ayın on dördündə keçirdilər. Çünki kahinlərlə Levililər bir nəfər kimi özlərini pak etdikləri üçün təmiz idilər. Levililər bütün sürgündən qayıdanlar üçün, kahin qardaşları və özləri üçün Pasxa qurbanı kəsdilər.

Təfsir

Dünən biz Allahın qəbilə başçılarına məbədin tikintisinə başlamaq üçün necə ilham verdiyi haqqında oxuduq. Bugünkü oxunuş bu hekayəni davam etdirir, ümumi bir işin uğuru üçün dəstəyin vacibliyini nümayiş etdirir. Bütpərəst padşah Dara bütün tikinti xərclərinin tam ödənilməsini tələb edən bir fərman verir. Beləliklə, məbəd “İsrail Allahının buyruğuna görə Fars padşahları Kir, Dara və Artaxşastanın əmri ilə” tikilmişdir. Bu, Allahın hər kəs vasitəsilə hərəkət edə biləcəyini vurğulayır. Tikinti başa çatdıqdan sonra məbədin təqdis olunma anı gəlir və bu, böyük sevinclə qeyd olunur. Xalq qurbanlar gətirir və Pasxa bayramını qeyd edir. Oxunuşun mətnidə, eləcə də bugünkü Cavan Məzmurunda dəfələrlə “sevinc” sözü işlənilir. Bu onu göstərir ki, tikintinin ağır zəhməti böyük sevinclə sonlandı. Gəlin bu hekayəni öz həyatımıza necə tətbiq edə biləcəyimizi nəzərdən keçirək. Biz də həyatımızın “məbədini” tikməliyik. Bu proses nizam-intizam və səy tələb edir, lakin sonda sevinclə dolmalıdır. Beləliklə, bu oxunuşun əsas ideyası sadəcə quruculuğa çağırış deyil, Allahın iradəsi və Onun köməyi ilə görülən hər bir işin dərin sevincə səbəb olduğunu xatırlatmaqdır.

İNCİL Luka 8, 19-21

İsanın anası və qardaşları Onun yanına gəldi. Amma izdihama görə Ona yaxınlaşa bilmədilər. İsaya xəbər verdilər: «Anan və qardaşların bayırda dayanıb Səni görmək istəyirlər». İsa onlara cavab verdi: «Mənim anam və qardaşlarım Allahın kəlamını eşidib ona əməl edənlərdir».

Təfsir  

Bu oxunuşda İsa ailənin tərifini dəyişdirərək ruhani əlaqələrin qan bağlarından daha vacib olduğunu göstərir. Dünən biz “işıq” olmaqdan danışdıq. Bugünkü İncil bunu necə etmək lazım olduğunu göstərir. İsaya anası və qardaşlarının bayırda gözlədikləri deyildikdə, O, belə cavab verir: “Mənim anam və qardaşlarım Allahın kəlamını eşidib ona əməl edənlərdir”. Bu o demək deyil ki, İsa Öz ailəsinə qarşı laqeydlik edir. O, sadəcə olaraq deyir ki, İncildəki ailəmiz qan ailəmizdən daha genişdir. O, şagirdlərini insani dəyərlərə deyil, İncil dəyərlərinə uyğunlaşdırmağa çağırır. Biz Allaha və başqalarına qulaq asmağı və diqqətli olmağı öyrənəndə imanda bacı-qardaş oluruq. Bu, bizə yalnız yaxınlarımızla deyil, həyat yolunda rastlaşdığımız hər kəslə münasibət qurmağa kömək edir. Və sonra Assizli Müqəddəs Fransiskin sözləri aydın olur: “Biz hamımız qardaşıq”. Bu o deməkdir ki, həqiqi xristian ailəsi imanı bölüşən və Məsihin ardınca getməyə hazır olan hər kəs üçün açıqdır.

23 sentyabr 2025, 10:38