Liturgiya oxunuşları: 18 OKTYABR. Müq. Müjdəçi Luka
MÜQƏDDƏS MÜJDƏÇİ LUKA
Müqəddəs Luka bütpərəstlikdən Məsihin sadiq şagirdi, həkimdən müjdəçi və İncil şahidinə qədər maraqlı bir həyat yolu keçib. O, heç vaxt İsa ilə şəxsən görüşməyib, lakin sadiq yoldaşı olan Həvari Paulla görüşü onun imanını alovlandırmışdır. Luka Müqəddəs Məryəmə və Xilaskarın uşaqlığına diqqət yetirərək İsanın həyatı haqda xüsusi həssaslıqla danışıb. Onun təsvir etdiyi məsəllər və möcüzələr ən zəiflərə qarşı dərin mərhəmət və məhəbbət hissini ifadə edir. Bir yazıçı və şahid kimi Luka, çox dəyərli İncili və ilk xristian icmasının yolunu təsvir edən və Müqəddəs Ruhun gücünü nümayiş etdirən Həvarilərin İşləri kitabını bizə bəxş edib. O, öz əsərində, özünün də şahidlik etdiyi kimi, artıq icmalar daxilində dövriyyədə olan bütün yazılı və şifahi mənbələrdən istifadə etmiş və onları birləşdirmişdir. O, öz İncilini yazarkən Mark İncilinin ardıcılığından istifadə edib, lakin onu əhəmiyyətli dərəcədə zənginləşdirib. Lukanın ölümü sirr olaraq qalır: bəzi mənbələr şəhidlikdən, bəziləri Yunanıstanda ahıl yaşına çatmasından danışır.
BİRİNCİ OXUNUŞ 2 Tim 4,9-17a
Yanıma tez gəlməyə çalış. Çünki Dima indiki dövrü sevdiyi üçün məni tərk edib Salonikə getdi. Kreskent Qalatiyaya, Tit isə Dalmatiyaya getdi. Yalnız Luka yanımdadır. Markı da götür özünlə gətir, çünki o etdiyim xidmətdə mənə yardım edir. Tixiki isə Efesə göndərdim. Troasda Karpın yanında qoyduğum yapıncını, kitabları, xüsusən, yazılı dəriləri də gələndə gətir. Misgər İsgəndər mənə çox pislik etdi. Rəbb ona əməllərinin əvəzini verəcək. Sən də ondan özünü gözlə. Çünki söylədiklərimizə ciddi-cəhdlə zidd getdi. Mən ilk dəfə müdafiə olunanda heç kim mənə tərəfdar çıxmadı, hamı məni tərk etdi. Qoy onlara günah sayılmasın. Lakin Rəbb köməyimə gəlib mənə güc verdi ki, vəz mənim vasitəmlə tam elan edilsin və onu bütün millətlər eşitsin.
Təfsir
Timoteyə İkinci məktubun bu hissəsində biz Paulun çətin günlər keçirdiyini görürük. Dostlarının dünyəvi şeylərə üstünlük verdikləri üçün onu tərk etdiklərini yazır. Ancaq bu vəziyyətdə belə, Paul acıya təslim olmur, yaxşını və müsbət olanı görür - Lukanın onunla qalmasını. Bütün çətinliklərə baxmayaraq, Paul ruhani övladlarına qayğıkeş ata olmaqda davam edir. “Misgər İsgəndər mənə çox pislik etdi. Sən də ondan özünü gözlə. Çünki söylədiklərimizə ciddi-cəhdlə zidd getdi” deyərək onları təhlükədən xəbərdar edir. Bu qisas deyil, sadə ehtiyatlılıqdır. Bu, onun növbəti ifadəsində də öz əksini tapır: “Qoy onlara günah sayılmasın”. Pauldaki bu daxili güc və sakitlik bir şeylə izah olunur: “Rəbb köməyimə gəlib mənə güc verdi ki, vəz mənim vasitəmlə tam elan edilsin və onu bütün millətlər eşitsin.” Rəbb bizə çətin anlarda dahili sülhümüzü itirməməyimizə kömək etsin və biz də həmişə Onun xeyirxah varlığını hiss edək.
İNCİL Luka 10, 1-9
Bu hadisələrdən sonra Rəbb başqa yetmiş nəfəri təyin etdi və onları iki-iki Özünün gedəcəyi hər şəhərə və hər yerə Özündən əvvəl göndərdi. Onlara dedi: «Məhsul çoxdur, işçilərsə azdır. Buna görə də məhsulun Sahibinə yalvarın ki, Öz məhsulunu yığmaq üçün işçilər göndərsin. Gedin, sizi qurdların arasına quzular kimi göndərirəm. Özünüzlə nə kisə, nə torba, nə də çarıq götürün. Yolda heç kimlə salamlaşıb danışmayın. Hansı bir evə girsəniz, əvvəl “Bu evə əmin-amanlıq olsun!” deyin. Əgər orada əmin-amanlığa layiq bir adam varsa, dilədiyiniz əmin-amanlıq onun üzərində qalacaq. Əks halda o sizə qayıdacaq. Girdiyiniz evdə qalın, sizə nə verirlərsə, yeyib-için, çünki işçi öz haqqına layiqdir. Evdən evə köçməyin. Hansısa bir şəhərə girdiyiniz zaman sizi qəbul edirlərsə, qabağınıza qoyulanı yeyin. Orada olan xəstələrə şəfa verin və onlara deyin: “Allahın Padşahlığı sizə yaxınlaşıb”.
Təfsir
Dünya geniş bir tarladır, "məhsul boldur", lakin "işçilər azdır" deyən İsa şagirdlərini Uca Yaradanın "Öz məhsuluna işçilər göndərməsi" üçün dua etməyə çağırır. İsa yalnız keşişləri və rahib olanları deyil, həm də Vəftiz Sirrini qəbul edənlərin hamısını xidmətə çağırmağa davam edir. Hər birimiz Rəbbin tarlasında işçiyik və hər birimizin öz missiyası var. Məsih xəbərdarlıq edir ki, xidmət asan olmayacaq: “sizi qurdların arasına quzular kimi göndərirəm”. Çətinliklərə və zəifliklərə baxmayaraq, əsas odur ki, iman, xeyirxahlıq və sevinc itirilməsin. İsa deyir: “Hansı bir evə girsəniz, əvvəl “Bu evə əmin-amanlıq olsun!” deyin və rastlaşdığınız hər kəsə “Allahın Padşahlığı sizə yaxınlaşıb” deyin. Biz özümüzü seçilmiş, sevilən və göndərilmiş hiss etməliyik — istedad və bacarıqlarımıza görə deyil, yalnız bizi seçən və axır zamana qədər bizimlə olacağımızı vəd edən Allahın məhəbbəti sayəsində. Biz Onun işçiləriyik və Onun gücü həmişə bizimlədir.