2020.06.10 Vangelo del giorno Parola di Dio scritture Bibbia Vangelo

Liturgiya oxunuşları: 23 OKTYABR. Adi Dövrün XXIX həftəsinin cüm

“İsa Öz dostlarına, eləcə də bizə ən böyük istəyini açır: Səmavi Atanın həyat doğuran və insanı xilas edən məhəbbətinin alovunu yer üzünə gətirmək. İsa bizi bu alovu dünyaya gətirməyə çağırır: biz Onun həqiqi şagirdləri kimi həmin alova görə tanınacağıq” (Papa Fransisk, Rəbbin Mələyi 18.08.2019).

BİRİNCİ OXUNUŞ Rom  6,19-23

Cismani təbiətinizin zəifliyi üzündən insanların düşündüyü kimi danışıram. Necə əvvəllər üzvlərinizi murdarlığa və Qanunu pozmaq üçün qanunsuzluğa qul kimi təslim etmişdiniz, eləcə də indi üzvlərinizi müqəddəs olmaq üçün salehliyə qul kimi təslim edin. Çünki siz günahın qulları olanda salehliyə əməl etməkdən azad idiniz. Bəs o zaman nə bəhrə götürdünüz? İndi artıq o şeylərdən utanırsınız. Axı onların axırı ölümdür. Amma indi günahdan azad edilib Allaha qul olduğunuz üçün götürdüyünüz bəhrə sizi müqəddəsliyə aparır və bunun axırı da əbədi həyatdır. Çünki günahın əvəzi ölümdür, Allahın ənamı isə Rəbbimiz Məsih İsada olan əbədi həyatdır.

Təfsir

Həvari Paul köləlik mövzusundan istifadə edərək, insan enerjisini günahdan salehliyə və azadlığa yönəltməyə çağırır. O, bu sadə müqayisədən istifadə edərək vurğulayır ki, azadlıq sadəcə olaraq günahdan “azad olmaq” deyil, daha da önəmlisi, onun “Rəbb üçün” azadlıq olmasıdır. Həyatımız heç vaxt neytral olmur; o, azadlığımızdan necə və hansı məqsədlə istifadə etmək barədə daim qərarlar tələb edir. Həvari belə bir seçimin nəticələrini aydın şəkildə təsvir edir: “Çünki günahın əvəzi ölümdür, Allahın ənamı isə Rəbbimiz Məsih İsada olan əbədi həyatdır.”. Daxili mübarizə təbiidir və həyatımızın bir hissəsidir. Bununla belə, hər birimiz hər şeyi yaxşılığa doğru seçməyi və istiqamətləndirməyi bacarmalıyıq. Biz Allaha xidmət etmək seçimimizin xeyir-dua gətirəcəyinə əmin olmalıyıq.

İNCİL Luka 12,49-53

Mən yer üzünə od yağdırmağa gəlmişəm. Kaş ki bu od artıq alışıb-yanaydı! Mənim alacağım bir vəftiz var. Bu vəftiz yerinə yetib qurtaranadək nə qədər sıxıntı çəkməliyəm! Siz düşünürsünüz ki, Mən yer üzünə sülh gətirməyə gəlmişəm? Xeyr, sizə deyirəm ki, Mən ayrılıq gətirməyə gəlmişəm! Çünki bundan sonra bir evdə yaşayan beş nəfər bir-birindən ayrılaraq üç nəfərə qarşı iki nəfər, iki nəfərə qarşı üç nəfər olacaq. Çünki ata oğlundan, oğul atasından, ana qızından, qız anasından, qayınana gəlinindən, gəlin də qayınanasından ayrılacaq».

Təfsir  

İsanın “alışıb-yanan od” və “ayrılıq” haqqında sözləri Müqəddəs Ruhun gücündən və iman həyatında seçimin qaçılmazlığından danışır. İsa deyir: “Mən yer üzünə od yağdırmağa gəlmişəm. Kaş ki bu od artıq alışıb-yanaydı!” İsanın dediyi  od Müqəddəs Ruhun ənamıdır. Bütün natəmizliyi yandıran və bizi daxildən dəyişdirən gücdür; yolumuzu işıqlandıran və bizi o yol ilə getməyə təşviq edən güc. O, içimizdə həyatı dolğun və gözəl edən ən yüksək mənəvi və nəcib ideallara doğru istəyə çevrilir. İsa bizi bu istəklə alışıb-yanmağa çağırır. Ruhani həyatda səmimi səylər istər-istəməz qarşıdurmalara gətirib çıxaracaq ki, bu barədə İsa xəbərdarlıq edir: "Siz düşünürsünüz ki, Mən yer üzünə sülh gətirməyə gəlmişəm? Xeyr, sizə deyirəm ki, Mən ayrılıq gətirməyə gəlmişəm!". İnsan İncili seçmək cəsarəti tapdıqda, kiminsə onun yolunu paylaşmayacağı qaçılmazdır. Biz "divanda oturub" sadəcə həyatı müşahidə edə bilmərik. İsa bizi Onun sülhünü başqalarına çatdırmağa çağırır.

23 oktyabr 2025, 10:46