Liturgiya oxunuşları: 28 OKTYABR. Müq. Həvarilər Şimon və Yəhuda Faddey
Müqəddəs Vətənpərvər Şimon və Yəhuda Faddey - ortaq missiya və şəhidlik
On Bir Həvari Müjdəni başqa ölkələrə çatdırmaq üçün Yerusəlimi tərk etdikdə, Yəhuda Faddey Qalileya və Samariyadan keçərək qədim İrana getdi. Mötəbər mənbələrə görə, bu bölgədə o, Şimonla görüşdü və onlar birlikdə bütün enerjilərini və həvəslərini Müjdənnin təbliğinə həsr etdilər: on minlərlə babilli və digər şəhərlərin sakinləri vəftiz olunmağı istədilər. Lakin Allahın Padşahlığının elan edilməsi təkcə ardıcıllar tərəfindən qəbul edilməklə yanaşı, düşmənlər tərəfindən də rədd edilməklə nəticələndi. İki həvari üçün ən yüksək şəhadəti (şəhidliyi) nümayiş etmə vaxtı gəlmişdi. Onlar həbs edildi, Günəş Məbədinə gətirildi və Məsihdən imtina etmələri və ilahə Dianaya ibadət etmələri tələb olundu. Həvarilər bu tələbi qəti şəkildə rədd etdilər. Deyilənə görə, Yəhuda Faddey bütləri yalançı adlandırdı və məhz həmin anda məbəddən iki dəhşətli cin çıxıb onu məhv etdi. Bunu görən insanlar dəhşətə gəlib iki həvariyə hücum etdilər və beləliklə Şimov və Faddey şəhid oldular. Onların mübarək qalıqları Romadakı Müqəddəs Peter Bazilikasında saxlanılır.
BİRİNCİ OXUNUŞ Ef 2,19-22
Deməli, artıq yad və qərib deyilsiniz, siz müqəddəslərlə birgə vətəndaş və Allah ailəsinin üzvüsünüz. Həvarilərlə peyğəmbərlərin təməli üzərində tikilmisiniz, guşədaşı isə Məsih İsa Özüdür. Bütün bina Onun üzərində birləşərək Rəbbə aid müqəddəs məbəd olmaq üçün ucalır. Siz də Ruh vasitəsilə Allahın məskəni olmaq üçün birlikdə Məsih üzərində tikilirsiniz.
Təfsir
Müqəddəs həvarilər Şimon və Yəhuda Faddeyin bayramı günü oxunan Efeslilərə məktubdan olan bu hissə, bizim həvari şəhadətinə əsalanan yeni mövqeyimizi vurğulayır. Həvari Paul bəyan edir: " Deməli, artıq yad və qərib deyilsiniz, siz müqəddəslərlə birgə vətəndaş və Allah ailəsinin üzvüsünüz." Bu mətn vurğulayır ki, artıq heç kim Allah qarşısında "qərib" deyil. Bu yeni mənsubiyyət möhkəm bir təməl üzərində qurulub: "Həvarilərlə peyğəmbərlərin təməli üzərində tikilmisiniz, guşədaşı isə Məsih İsa Özüdür”. İndi də növbə bizimdir. Müqəddəs həvarilərin şəhadəti ilə güclənib, dünyaya Allahın bizimlə və bizim üçün nə etdiyini bildirməliyik: " Göylər Allahın əzəmətini bəyan edir, göy qübbəsi əllərinin işini elan edir ".
İNCİL Luka 6, 12-19
O günlərdə İsa dua etmək üçün dağa çıxdı. O bütün gecəni Allaha dua etməklə keçirtdi. Gün açılanda şagirdlərini yanına çağırdı və onlardan on iki nəfəri seçib həvari adlandırdı: Peter adını verdiyi Şimon, onun qardaşı Andrey, Yaqub, Yəhya, Filip, Bartalmay, Matta, Tomas, Halfay oğlu Yaqub, Millətçi adlanan Şimon, Yaqub oğlu Yəhuda və sonralar xəyanətkar olan Yəhuda İskaryot. İsa onlarla birgə aşağı endi və düzəngahda dayandı. Orada çox sayda şagirdlərindən ibarət izdiham var idi. Bütün Yəhudeyadan, Yerusəlimdən, Sur və Sidon yaxınlığındakı sahil bölgələrindən çoxlu adam Onu dinləmək və öz xəstəliklərindən sağalmaq üçün gəlmişdi. Natəmiz ruhlardan əzab çəkənlər də şəfa tapdılar. Bütün izdiham İsaya toxunmağa çalışırdı. Çünki Ondan çıxan qüdrət hamını sağaldırdı.
Təfsir
Həm Birinci oxunuş, həm də İncil oxunuşu üçün Kilsə, müqəddəs həvarilər Şimon və Yəhudaya həsr olunmuş bugünkü bayram günü ilə əlaqəli bir mətn seçib. İncil, On İki Həvarinin seçilməsinin əsasında nəyin dayandığını açıqlayır: "O günlərdə İsa dua etmək üçün dağa çıxdı. O bütün gecəni Allaha dua etməklə keçirtdi. Gün açılanda şagirdlərini yanına çağırdı və onlardan on iki nəfəri seçib həvari adlandırdı." On İki Həvarinin seçilməsi mühüm bir seçim olduğu üçün tələskənliklə edilməməli idi. Seçim, bütün gecə boyu edilən duanın nəticəsi oldu. İsanın bu hərəkəti bir nümunədir: vacib qərarları qəbul etməki olduqda, biz də Allahla tək qalmaq və "Ya Rəbb, məndən nə istəyirsən?" deyə soruşmaq üçün kifayət qədər vaxt ayırmalıyıq. Əlbəttə ki, belə bir dua tam uğura zəmanət vermir, bunu İsanın Özünün nümunəsində də görmək olar: həvarilərin arasında Ona xəyanət edən, Onu inkar edən və Onu tərk edənlər də oldu. Lakin İsa heç vaxt heç kimi Öz səbirli sevgisindən məhrum etmədi. Bu bizə də kömək etməlidir: işlər istədiyimiz kimi getməsə belə, bir-birimizi bütün hallarda sevməyi öyrənməliyik. Nə olursa olsun, mənəvi həyatımızın binası təməl daş olan Məsihin üzərində qurulub. Ən vacib olanı budur!