2020.06.10 Vangelo del giorno Parola di Dio scritture Bibbia Vangelo

Liturgiya oxunuşları: 3 OKTYABR. Adi Dövrün XXVI həftəsinin cüməsi

“Tövbə yolu həmişə çarmıxdan keçir. İmtina və mənəvi mübarizə olmadan müqəddəsliyə çatmaq olmaz. Ruhani tərəqqi asketizmə və nəfs üzərində qələbəyə səbəb olur ki, bu da mərhələ-mərhələ həyatı sülhə və İncilin Bəxtiyarlıq əmrlərinin sevincinə aparır” (Papa Fransisk, Rəbbin Mələyi, 27.09.2020).

BİRİNCİ OXUNUŞ Barux 1, 15-22

Rəbb Allahımızda salehlik, bizdə isə bu gün olduğu kimi üzüqaralıq var; bu üzüqaralıq hər bir Yəhudiyə, hər bir Yerusəlim sakininə  - həm padşahlarımıza, həm başçılarımıza, həm kahinlərimizə, həm peyğəmbərlərimizə, həm də əcdadlarımıza aiddir. Çünki biz Rəbbin önündə günah etdik, Ona itaət etmədik, Rəbbin qarşımıza qoyduğu əmrlərinə əməl etmək üçün Allahımızın səsinə qulaq asmadıq. Rəbbin əcdadlarımızı Misir torpağından çıxartdığı gündən indiyəcən Rəbb Allahımıza itaətsiz olduq və Onun səsinə qulaq asmağa məhəl qoymadıq. Bal və süd axan torpağı bizə vermək üçün əcdadlarımızı Misir torpağından çıxartdığı gün Rəbbin Öz qulu Musaya bildirdiyi fəlakət və lənət başımıza gəldi; bunlar hələ də üzərimizdədir. Biz Onun bizə göndərdiyi peyğəmbərlərin heç bir sözünə əməl etməyib Rəbb Allahımızın səsinə qulaq asmadıq. Hər birimiz Rəbb Allahımızın gözləri önündə başqa allahlara xidmət edərdik, pis işlər görüb ürəyimizdə pis fikirlərlə gəzirdik.

Təfsir

Birinci oxunuşun mətni, peyğəmbər Baruxun öz xalqının günahlarına görə Allaha tövbə duasıdır. Dua günahın tam etiraf edilməsilə başlayır: “Rəbb Allahımızda salehlik, bizdə isə bu gün olduğu kimi üzüqaralıq var. Çünki biz Rəbbin önündə günah etdik, Ona itaət etmədik, Rəbbin qarşımıza qoyduğu əmrlərinə əməl etmək üçün Allahımızın səsinə qulaq asmadıq”. Mətnin müəllifi etiraf edir ki, həmvətənlərinin başına gələn bütün müsibətlər onların özlərinin Allaha itaətsizliklərinin nəticəsidir. Günah köləliyə bənzəyir: xalq Misir köləliyindən azad edildi, lakin başqa bir köləliyə, günahın köləliyinə düşdü. Bu ona görə baş verdi ki, onlar itaətsiz idilər, “hər biri pis işlər görüb ürəyində pis fikirlərlə gəzirdi” və başqa tanrılara qulluq edirdilər. Günahlarını etiraf edən xalqın tövbəsi Cavab Məzmuru ilə ifadə olunan yalvarışa çevrilir: " Ey bizi qurtaran Allah, İsmin şərəfinə Sən bizə yardım et, günahlarımızı kəffarə edərək İsmin naminə Sən bizi xilas et". Bu oxunuşda bizə təqdim olunan əsas fikir ondan ibarətdir ki,  biz çətinliklərimizin məsuliyyətini başqalarının üzərinə atmamalıyıq. Əksinə, Allahın hüzurunda dayanıb, daxili “bəlalarımızın” və “bədbəxtliklərimizin” səbəbi ola bilən günahlarımızın bağışlanmasını diləməliyik.

İNCİL Luka 10,13-16

Vay halına, ey Korazin! Vay halına, ey Bet-Sayda! Sizdə baş vermiş möcüzələr Sur və Sidonda olsaydı, onlar çoxdan çul geyinib külün üstündə oturaraq tövbə edərdi. Amma qiyamət günü Sur və Sidonun halı sizinkindən daha asan olacaq. Sən, ey Kefernahum, göyə qədər ucalacaqsanmı? Ölülər diyarına qədər enəcəksən. Sizi dinləyən kəs Məni dinləyir, sizi rədd edən Məni rədd edir. Məni rədd edənsə Məni Göndərəni rədd edir.

Təfsir  

İsanın sözləri peyğəmbərlik məzəmməti kimi səslənir: " Vay halına, ey Korazin! Vay halına, ey Bet-Sayda! Sizdə baş vermiş möcüzələr Sur və Sidonda olsaydı, onlar çoxdan çul geyinib külün üstündə oturaraq tövbə edərdi ". İsa insanları günahlarından dönməyə və Allahın Padşahlığını qəbul etməyə çağıran peyğəmbərlərin dilindən istifadə edir. Rəbbin sərt sözləri hərəkətə çağırır: Allah insanları Özünə tərəf çəkmək və hər bir insana dəyişmək, Onun mərhəməti ilə yenilənmək imkanı bəxş etmək üçün çoxlu əlamətlər göndərir. Bununla belə, Allahın qayğısına baxmayaraq, biz Onun əlamətlərinə məhəl qoymuruq. Biz çox vaxt dəyişmək, yanlış yoldan əl çəkmək və həqiqi şəfaya və mənəvi inkişafa başlamaq üçün çətin qərarı sabaha saxlayırıq. Anlamaq lazımdır ki, xilasımız sabah deyil, burada və indi baş verir.  Həqiqi tövbə qətiyyət tələb edir və heç bir gecikməni qəbul etmir. Allah hər zaman kömək etməyə hazırdır, lakin biz Onun əlamətlərinə açıq olmalı və Onun çağırışına dərhal cavab verməyə hazır olmalıyıq.

02 oktyabr 2025, 20:17