2020.06.18 Vangelo del giorno Padre nostro Gesu insegna discepoli

Liturgiya oxunuşları: 5 OKTYABR. Adi Dövrün XXVII RƏBB GÜNÜ

“Biz başa düşməliyik ki, biz heç vaxt Allaha kifayət qədər xidmət edə bilməyəcəyik. Biz İsanın öyrətdiyi kimi eetiraf etməliyik: “Biz dəyərsiz qullarıq, çünki görməli olduğumuz işləri etmişik” (Luka 17, 10). Bu, bizi öz yerimizə qoyan və Rəbbin bizə qarşı çox səxavətli olmasına imkan yaradan təvazökar mövqedir” (Papa XVI Benedikt, Vəz 03.10.2010).

BİRİNCİ OXUNUŞ Hab 1,2-3;2,2-4

Ya Rəbb, nə vaxta qədər Səni imdada çağıracağam? Sənsə eşitmirsən. «Zorakılıq var!» deyə Sənə fəryad edirəm, lakin bizi qurtarmırsan. Niyə mənə şər göstərirsən, Özün də haqsızlığa baxırsan? Hara nəzər salsam, orada soyğunçuluq və zorakılıq var, davaların, çəkişmələrin sonu yoxdur. Rəbb mənə belə cavab verdi: «Görüntünü yaz, lövhələrdə açıqla ki, qoy hər kəs tez onu oxuya bilsin. Çünki bu görüntü müəyyən vaxt üçündür, başa çatmağa tələsir və yalan deyil. Gecikmiş kimi görünsə də, gözləyin, hökmən gələcək, gecikməyəcək. Bax, bu adam məğrurdur, köksündəki ürəyi düz deyil, amma saleh adam imanı ilə yaşayacaq.

Təfsir

Habaqquq peyğəmbər ümidsizlik nidası ilə Allaha üz tutaraq xalqının çaşqınlığını dilə gətirir: "Ya Rəbb, nə vaxta qədər Səni imdada çağıracağam? Sənsə eşitmirsən. «Zorakılıq var!» deyə Sənə fəryad edirəm, lakin bizi qurtarmırsan". Bu sadəcə giley deyil, dərin iman məsələsidir. Əzab çəkməsinə baxmayaraq, Habaqquq ümidini itirmir. O, əmindir ki, Allah onu eşidir və xalqının həyatında iştirak edir; Habaqququn fəryadı ümidin özüdür. Allah cavab verir və hər şeyin öz vaxtı olduğuna işarə edir: "Görüntünü yaz, lövhələrdə açıqla ki, qoy hər kəs tez onu oxuya bilsin. Çünki bu görüntü müəyyən vaxt üçündür, başa çatmağa tələsir və yalan deyil. Gecikmiş kimi görünsə də, gözləyin, hökmən gələcək, gecikməyəcək. Bax, bu adam məğrurdur, köksündəki ürəyi düz deyil, amma saleh adam imanı ilə yaşayacaq." Bu vacib bir məqamdır: Rəbb tez cavablar və ya ani həllər təqdim etmir, lakin istənilən həyat vəziyyətini qiymətləndirmək üçün meyarlar təklif edir. Bu meyar imandır: təkcə əqidə yox, Allaha canlı güvən, hətta O, susurmuş kimi görünən anlarda belə. Bu gözlənti insanı gücləndirir. Bugünkü ilk oxunuş bizə xatırladır ki, Allah heç vaxt, heç bir halda Öz xalqını tərk etmir.

İKİNCİ OXUNUŞ 2 Tim 1,6-8.13-14

Bu səbəbdən sənin üzərinə əl qoymağımla Allahın sənə verdiyi ənamı alovlandırmağını xatırladıram. Çünki Allah bizə qorxaqlıq ruhu deyil, güc, məhəbbət və ağıllı-kamallı olmaq ruhu vermişdir. Buna görə Rəbbimiz barədə şəhadət etməkdən və Onun uğrunda məhbus olan məndən utanma. Allahın gücü ilə Müjdə uğrunda mənimlə birlikdə əzaba qatlaş. Məsih İsada olan iman və məhəbbətlə məndən eşitdiyin sağlam sözlərdən nümunə götür. Sənə verilən yaxşı əmanəti bizdə yaşayan Müqəddəs Ruh vasitəsilə saxla.

Təfsir

Birinci oxunuşda biz gördük ki, iman Allahın bir ənamıdır, bizimlə baş verənləri dərk etməyə yardım edən gözəl meyardır. İkinci oxunuş bu mövzunu inkişaf etdirir və vurğulayır ki, bu ənam daim gücləndirilməli və qorunmalıdır. Həvari Paul öz şagirdi Timoteyə yazır: “Allahın sənə verdiyi ənamı alovlandırmağını xatırladıram”. Bu sözlər keşişə ünvanlansa da, bütün xristianlara aid edilə bilər. Vəftiz - sönməməsi üçün əziz tutulmalı və daima “yenidən alovlandırılmalı” bir ənamdır. İmanımız cəsarətli olmalıdır: biz Rəbbimiz İsa Məsihin şəhadətindən utanmamalı, aldığımız “sağlam sözlərin nümunəsinə” əməl etməliyik. Bu o deməkdir ki, iman təkcə daxili əqidə deyil, həm də həyatımızda özünü göstərən zahiri şəhadətdir.

İNCİL Luka 17,5-10

Həvarilər Rəbbə dedilər: «İmanımızı artır!» Rəbb onlara belə dedi: «Bir xardal toxumu qədər imanınız olsaydı, bu tut ağacına “Kökündən çıx və dənizdə əkil!” deyərdiniz, o da sizin sözünüzə baxardı.Sizlərdən hansı biriniz cütçülük və yaxud çobanlıq edən bir qula tarladan qayıdanda “tez ol, gəl süfrəyə otur” deyər? Əksinə, ona “axşam yeməyimi hazırla və qurşanıb mənə xidmət et ki, mən yeyib-içim, sonra da sən özün ye-iç” deməzmi? Əmrlərini yerinə yetirdiyi üçün o, qula təşəkkür edərmi? Beləcə siz də sizə əmr olunanların hamısını yerinə yetirəndən sonra deyin: “Biz dəyərsiz qullarıq, çünki görməli olduğumuz işləri etmişik”».

Təfsir  

Keçən həftə biz zəngin adam və Lazardan və başqalarının ehtiyaclarını görməyin vacibliyindən danışdıq. Bugünkü İncil həvarilərin xahişi ilə başlayır: "İmanımızı artır!" Bu, təbii tələbdir, çünki Habaqquq peyğəmbərin kitabına görə, “saleh adam imanı ilə yaşayacaq”. İsa göstərir ki, iman Allaha tam etibar etməklə möhkəmlənir və onun dünyanı dəyişdirmək gücü var. Əsas məsələ “yerimizdə olmaq” və özümüzü “dəyərsiz qullar” hesab etməklə, Allahın həqiqətən Külli-İxtiyar olmasını qəbul etməkdir. Bu o demək deyil ki, biz yararsızıq. Əksinə, biz heç bir qarşılıq gözləmədən yaxşılıq edirik. İman daha böyükdür: o, sevgidir. Sevgini ölçmək mümkün deyil; o, yalnız verilə bilər. İstehlakçılığın və pula pərəstişin hökm sürdüyü dünyamızda bir çox əməllər heç bir fayda vermədiyi üçün “mənasız” sayılır. Amma gəlin bu yanlış fikrə boyun əyməyək. Habaqquq peyğəmbərin dediyi kimi, mükafatımız mütləq gələcək: “Gecikmiş kimi görünsə də, gözləyin, hökmən gələcək, gecikməyəcək; saleh adam imanı ilə yaşayacaq”.

03 oktyabr 2025, 22:45