2023.10.05 maria del rosario

Liturgiya oxunuşları: 7 OKTYABR. Əqdəs Bakirə Məryəmin Rozarisi

“Allah Ali-Mələk Cəbrayılı Nazaretə, Məryəmin yanına göndərdi ki, ona və onun vasitəsilə bütün bəşəriyyətə Kəlamın missiyasını elan etsin. Allah Öz əbədi Oğlunu göndərmək istədi ki, O, insan olub, bəşəriyyətə ilahi həyat, övladlıq, lütf və həqiqət bəxş etsin. Oğulun missiyası məhz o anda, Nazaretdə, Məryəm Cəbrayılın dediyi sözləri eşidəndə başladı” (Müq. II İoann Pavel, Vəz 21.10.1979).

Əqdəs Bakirə Məryəmin Rozarisi xatirəsi  -  tarix və imanı birləşdirən, bütün dünyada imanlıları ruhlandırmaqda davam edən bir bayramdır. O, Allahın müdafiəsini, duanın gücünü və Allahın Validəsinə ehtiramı xatırladır. Müqəddəs Rozariy duası Mərhəmət Anasına olan sevgi və inamı ifadə edir. Onun şəfaəti həyatın bütün hallarında bir ümid işığı kimi qəbul edilir. Müqəddəs II İoann Pavel deyirdi: "Bakirə Məryəmin Rozarisi bir çox müqəddəslər tərəfindən sevilən və Kilsənin Təlimi tərəfindən təşviq edilən bir duadır. Rozariy, sadəliyi və dərinliyi ilə hətta üçüncü minillikdə də müqəddəslik bəhrələrini verən böyük əhəmiyyətə malik bir dua olaraq qalır."  

BİRİNCİ OXUNUŞ Yunus 3,1-10

Rəbbin sözü Yunusa ikinci dəfə nazil oldu: «Qalx, Ninevaya – o böyük şəhərə get və sənə söyləyəcəyim sözləri onlara car çək». Yunus Rəbbin sözünə görə qalxıb Ninevaya getdi. Nineva Allahın nəzərində böyük şəhər idi. Oranı üç günə gəzib-dolaşmaq olardı. Yunus şəhəri gəzməyə başlayıb bir günlük yol getdi və car çəkərək dedi: «Qırx gündən sonra Nineva dağılacaq!» Ninevalılar Allaha inandılar, oruc elan edərək böyükdən kiçiyə qədər hamı çul geyindi. Bu xəbər Nineva padşahına çatanda o, taxtından qalxaraq şahlıq libasını əynindən çıxartdı və çul geyinib külün üstündə oturdu. Padşah özünün və əyanlarının adından buyurdu ki, Ninevada elan edib desinlər: «Nə insanlar, nə heyvanlar, nə mal-qara, nə də ki qoyun-keçi heç nə yeməsin, otlağa getməsin və su içməsin. İnsanlar da, heyvanlar da çul geyinsin və var gücləri ilə Allaha fəryad etsin. Hər kəs öz pis yolundan və əllərinin zorakılığından dönsün. Kim bilir, bəlkə Allah rəhmə gəlib, qızğın qəzəbini bizdən döndərər və biz məhv olmarıq». Allah onların işlərini, pis yoldan döndüklərini gördü. Ona görə də rəhm edib əvvəlcə onların üstünə göndərmək istədiyi bəlanı göndərmədi.

Təfsir

Bu gün biz nəhayət Allahın əmrinə tabe olan Yunus peyğəmbərin hekayətinin ikinci hissəsini oxuyuruq. Uğursuz qaçmaq cəhdindən sonra Yunus ona tapşırılan missiyanı yerinə yetirir: “Yunus Rəbbin sözünə görə qalxıb Ninevaya getdi... və car çəkərək dedi: «Qırx gündən sonra Nineva dağılacaq!»” Maraqlıdır ki, Yunus özünə və missiyasına dair hələ də inamsız olduğu halda, Nineva xalqı onun sözlərini qəbul etdi. " Ninevalılar Allaha inandılar, oruc elan edərək böyükdən kiçiyə qədər hamı çul geyindi. Bu xəbər Nineva padşahına çatanda o, taxtından qalxaraq şahlıq libasını əynindən çıxartdı və çul geyinib külün üstündə oturdu." Zəngin və kasıb, padşah və adi insanlar, tövbə etmək ehtiyacı hiss edirlər. Onların imanı o vaxta qədər “gizli” olsa da, Allahı Öz qərarını dəyişməyə sövq edir: “Allah onların işlərini, pis yoldan döndüklərini gördü. Ona görə də rəhm edib əvvəlcə onların üstünə göndərmək istədiyi bəlanı göndərmədi”. Yunusla olduğu kimi, Rəbb bizim də müqavimətimizi və zəifliyimizi başa düşür. O, bizim nədən yarandığımızı bilir. Zəifliyimizə və çatışmazlıqlarımıza baxmayaraq, gəlin Uca Allahın niyyəti bizim vasitəmizlə həyata keçsin deyə, Onun bizdən istifadə etməsinə icazə verək.

İNCİL Luka 10, 38-42

İsa şagirdləri ilə yoluna davam edərkən bir kəndə girdi. Burada Marta adlı bir qadın Onu öz evinə dəvət etdi. Onun Məryəm adlı bir bacısı vardı. O, Rəbbin ayaqları yanında oturub Onun sözünə qulaq asırdı. Marta isə işin çoxluğundan çaşıb-qalmışdı. O, İsaya yaxınlaşıb dedi: «Ya Rəbb! Görmürsən ki, bacım işləri tək mənim üstümə yığıb? Ona de ki, mənə kömək etsin». Rəbb isə ona belə cavab verdi: «Marta, Marta, sən çox şeyin qayğısını çəkib təlaşa düşürsən. Yalnız bir şey lazımdır. Məryəm yaxşısını seçdi. Bu da onun əlindən alınmayacaq».

Təfsir  

Bugünkü İncil oxunuşu diqqət və qonaqpərvərlik mövzusunu davam etdirir. Burada qonaqlara xidmət və qonaq qəbul etməyin iki fərqli yolunu görürük. Marta və Məryəmin xidmətini belə ümumiləşdirmək olar: "Marta Onu qəbul etdi. Məryəm Onu dinlədi." Məryəm “İsanın ayaqları yanında oturub Onun sözünə qulaq asırdı”. Onun münasibəti İsanın şəxsiyyətinə, Onun sözlərinin ali dəyərinə olan diqqətin təzahürüdür.  Məryəm İsa ilə münasibətə üstünlük verdi. Marta isə “böyük ziyafət”lə məşğul idi. O, hər şeyi mükəmməl etmək üçün tələskənliyə qapıldı və bu, onu Qonağın özündən yayındırdı. Onun yanaşması kimə xidmət etdiyini dərindən dərk etmədən xidmət naminə xidmətdir. Məryəmin yanaşması Martanın xidmətini istisna etmir; əksinə, ona məna verir. Dinləməklə qonağımızın Kim olduğunu və Onun nəyə ehtiyacı olduğunu daha yaxşı anlaya bilərik. Xidmət, Allaha diqqət üzərində qurulduqda, o, yorucu bir iş olmaqdan çıxar və Allahın ehtiyaclarına məhəbbətlə verilən cavaba çevrilər. Rəbb bəyan edir ki, “Məryəm yaxşısını seçdi. Bu da onun əlindən alınmayacaq”. Bu, Məryəmin Martadan daha yaxşı olduğunu ifadə etmir, ancaq Məryəm, qonaqpərvərliyin əsas prinsipini başa düşür: qonağa diqqət, onun ətrafındakı hazırlıqlar təlaşından daha vacibdir. Xülasə olaraq, bir şey edərkən "niyə” sinin vacibliyini unutmayaq. İnsan təkcə “çörəklə” deyil, həm də diqqət və sevgi ilə yaşayır. Bu, həyatın təlaşında Allaha diqqətlə qulaq asmağı xatırlamağa çağırışdır: bu yolla xidmətimiz əsl məna ilə dolacaq.

04 oktyabr 2025, 18:44