Liturgiya oxunuşları: 8 OKTYABR. Adi Dövrün XXVII həftəsinin çərşənbəsi
BİRİNCİ OXUNUŞ Yunus 4, 1-11
Bu iş Yunusun heç xoşuna gəlmədi və o hirsləndi. O, Rəbbə dua edərək dedi: «Ya Rəbb! Mən hələ ölkəmdə ikən bunu demirdimmi? Buna görə də mən Tarşişə qaçdım, çünki bilirdim, Sən lütfkar, rəhmli, hədsiz səbirli, bol məhəbbətli Allahsan və rəhm edib bəla göndərməzsən. İndi isə, ya Rəbb, yalvarıram, mənim canımı al, çünki mənim üçün yaşamaqdansa, ölmək yaxşıdır». Rəbb dedi: «Hirslənməyin yaxşı işdirmi?» Yunus şəhərdən çıxdı və şəhərin şərq tərəfində oturdu. Orada özünə çardaq düzəldib kölgəsində oturdu ki, şəhərdə nə baş verəcəyini görsün. Rəbb Allah Yunusun başı üstünə qalxıb kölgə salmaq və onu pis halından qurtarmaq üçün bir gənəgərçək bitkisi yetirdi. Yunus bu bitkiyə görə çox sevindi. Lakin ertəsi gün sübh tezdən Allah bir bitki qurdu yetirdi. Qurd bitkini içindən yedi və bitki qurudu. Günəş çıxanda Allah isti səmum küləyi yetirdi. Günəş onun başını yandırdı və o taqətdən düşüb özü üçün ölüm diləyərək dedi: «Mənim üçün yaşamaqdansa ölmək yaxşıdır». Allah Yunusa dedi: «Məgər sənin bu bitkiyə görə hirslənməyin yaxşı işdirmi?» O dedi: «Əlbəttə, yaxşıdır, elə hirsləndim ki, az qala öləm». Onda Rəbb dedi: «Sən zəhmətini çəkmədiyin və yetişdirmədiyin, bir gecədə bitən və bir gecədə məhv olan bitkiyə acıyırsan. Bəs sağ əlini sol əlindən ayıra bilməyən yüz iyirmi mindən çox insanın və çoxlu heyvanın yaşadığı böyük şəhər Ninevaya Mən necə acımayım?»
Təfsir
Dünənki birinci oxunuşdan biz Nineva əhalisinin Allaha üz tutduğunu öyrəndik, lakin bu gün Yunusun bundan narazı olduğunu öyrənirik. Yunus, çaşqın halda, dərdini Uca Yaradana açır. Onun Allah haqqında təsəvvürü sarsılıb, çünki o inanırdı ki, Allah mərhəmətini hər kəsə deyil, yalnız seçilmiş xalqa göstərir. Rəbb ona cavab verir: " Hirslənməyin yaxşı işdirmi?" Yunus cavab vermir, sadəcə oturur ki, baxsın, Allah bundan sonra nə edəcək. Yunusun günəş altında oturduğunu görüb, " Rəbb Allah Yunusun başı üstünə qalxıb kölgə salmaq və onu pis halından qurtarmaq üçün bir gənəgərçək bitkisi yetirdi. Yunus bu bitkiyə görə çox sevindi. ". Lakin ertəsi gün bitki qurudu və Yunus dedi: “Mənim üçün yaşamaqdansa ölmək yaxşıdır”. Sonra Allah yenidən ona müraciət edir: “Sən zəhmətini çəkmədiyin və yetişdirmədiyin, bir gecədə bitən və bir gecədə məhv olan bitkiyə acıyırsan. Bəs sağ əlini sol əlindən ayıra bilməyən yüz iyirmi mindən çox insanın və çoxlu heyvanın yaşadığı böyük şəhər Ninevaya Mən necə acımayım?” Yalnız bundan sonra Yunus başa düşür ki, o özü tövbə edib qəbul etməlidir ki “Rəbb xeyirxah və mərhəmətlidir”. Gəlin düşünək: biz Yunusa bənzəmirikmi? Dərhal cəzalandırılmalı olduğuna inandığımız insanları bağışladığı üçün Allahı və ya Kilsəni mühakimə etdiyimiz vaxtlar olmayıbmı? Gəlin Allahın sonsuz mərhəmətinə nə qədər ehtiyacımız olduğunu xatırlayaq.
İNCİL Luka 11, 1-4
İsa bir yerdə dua edirdi. Duasını bitirəndə şagirdlərindən biri Ona dedi: «Ya Rəbb, Yəhya öz şagirdlərinə öyrətdiyi kimi Sən də bizə dua etməyi öyrət». İsa onlara dedi: «Dua edəndə belə deyin: Göylərdə olan Atamız, Adın müqəddəs tutulsun, Padşahlığın gəlsin. Göydə olduğu kimi yerdə də Sənin iradən olsun. Gündəlik çörəyimizi bizə hər gün ver. Bizə borclu olan hər adamı bağışladığımıza görə bizim günahlarımızı da bağışla. Bizi sınağa çəkmə».
Təfsir
Lukanın İncilində İsanın tənha yerdə dua etməsindən bəhs edilir. Şagirdlər Onu görəndə soruşurlar: “Ya Rəbb, bizə dua etməyi öyrət”. Biz Onun duası ilə bağlı onları nəyin heyrətləndirdiyini bilmirik, lakin bu, onları o qədər ruhlandırdı ki, onlar bunu özləri yaşamaq istədilər. Əslində dua etməyi öyrənmək Allaha “Səmavi Ata” kimi müraciət etməyi öyrənmək, Onunla günahkar, lakin sevimli övladlarını səxavətlə qəbul edən sevən Ata ilə kimi münasibət qurmaq deməkdir. Rəbb Öz şagirdlərini (və bu gün bizi) Allahla bu şəxsi əlaqə ilə tanış edir. “Atamız” duası yalnız sözlər deyil: bu dua, Uca Allah ilə Əhdin bütün mənasını ehtiva edir. Bu dua Allahla yeni bir münasibəti başlayır. Gəlin bizim duamızın necə olduğunu nəzərdən keçirək: o, Xilaskarın hərarətli duası kimi başqalarında heyrət və sevinc oyatmağa qadirdirmi? Yoxsa o qədər tələsik və səthi olur ki, bizi laqeyd qoyur, hətta çaşdırır? Bugünkü İncil parçası bizə xatırladır ki, imanımız və duamız başqaları üçün canlı nümunə olmalıdır.