2024.08.13 mani in preghiera

Liturgiya oxunuşları: 9 OKTYABR. Adi Dövrün XXVII həftəsinin cümə axşamı

“Duaya, Kilsənin böyük və arasıkəsilməyən duasına böyük ehtiyac var; şövqlü, təvazökar və israrlı duaya ehtiyac var. Bu, dünyamızda xeyir və şərin toqquşduğu cəbhənin ilk döyüş xəttidir. Dua xeyirə yol açır və şərə qalib gəlməyə xidmət edir. Dua dünya üçün ilahi lütf və rəhmət diləyir” (Müq. II İoann Pavel, Rəbbin Mələyi 27.07.1980).

BİRİNCİ OXUNUŞ Mal 3, 13-4,2

«Mənə qarşı sərt sözlər söylədiniz» deyir Rəbb, «siz isə “Sənə qarşı nə söylədik?” deyə soruşursunuz. Siz dediniz: “Allaha xidmət etmək faydasızdır. Ordular Rəbbinin buyruğunu yerinə yetirsək də, Onun önündə yas içində gəzsək də, bunlardan bizə nə xeyir oldu? İndi biz məğrurları bəxtiyar sayırıq. Pislik edənlər işlərində uğur qazanır, Allahı sınayanlar da cəzadan qurtarır”». O zaman Rəbdən qorxanlar bir-birləri ilə danışdı. Rəbb bu sözlərə qulaq asıb dinlədi. Rəbdən qorxub adına hörmət edənlər üçün Onun önündə bir yaddaş kitabı yazıldı. Ordular Rəbbi deyir: «Fəaliyyətə keçdiyim gün onlar Mənə məxsus xalq olacaq. Bir ata özünə xidmət edən oğluna necə rəhm edərsə, Mən də onlara elə rəhm edəcəyəm. O zaman siz salehlə pis adam, Allaha qulluq edənlə etməyən arasındakı fərqi yenə görəcəksiniz». Ordular Rəbbi deyir: «Budur, soba kimi yanan o gün gəlir. Bütün məğrurlar və pislik edənlər saman kimi olacaq. Gələn o gün onları yandıracaq. Onlardan nə kök, nə də budaq qalacaq. Ancaq adıma hörmət edən sizlər üçün şüalarında şəfa olan salehlik günəşi doğacaq. Tövlədən buraxılan danalar kimi oynayacaqsınız.

Təfsir

Malaki peyğəmbərin kitabından oxunuş xalqın Uca Allaha ünvanladığı cəsarətli, hətta kobud səslənən sözləri ilə başlayır: "Allaha xidmət etmək faydasızdır. Ordular Rəbbinin buyruğunu yerinə yetirsək də, Onun önündə yas içində gəzsək də, bunlardan bizə nə xeyir oldu? İndi biz məğrurları bəxtiyar sayırıq. Pislik edənlər işlərində uğur qazanır, Allahı sınayanlar da cəzadan qurtarır".  İnsanlar Allahın onların əzablarını görüb-görməməsindən və saleh olmağın mənasından şübhələnirlər. Rəbb onları eşidir və hər şeyin öz yerinə qaytarılacağı günün gələcəyini vəd edir. Rəbb bəyan edir: “Fəaliyyətə keçdiyim gün onlar Mənə məxsus xalq olacaq”. Allah, Ona sadiq olanlara qayğı göstərəcəyini vəd edir, çünki O, “bir ata özünə xidmət edən oğluna necə rəhm edərsə”, O da onlara elə rəhm edəcək. “O zaman siz salehlə pis adam, Allaha qulluq edənlə etməyən arasındakı fərqi yenə görəcəksiniz”. Zaman gələcək, bütün gizli olanlar üzə çıxacaq. Təkəbbürlülər küləş kimi “yandırılacaq”, salehlər üçün isə “şüalarında şəfa olan salehlik günəşi doğacaq”. Biz həyatı yalnız indiki məqama görə mühakimə etməməliyik; uzunmüddətli perspektivə baxmalıyıq. Bizim vəzifəmiz yaxşılıq etməkdə səbirli olmaq və Allahın hər bir insanı ləyaqətinə görə mükafatlandıracağına inanmaqdır.

İNCİL Luka 11,5-13

Sonra İsa onlara dedi: «Məsələn, sizlərdən birinin bir dostu var. O da gecə yarısı dostunun yanına gedib deyir: “Dostum, mənə üç kömbə çörək borc ver, çünki yanıma dostum gəlib, qabağına qoyacaq heç nəyim yoxdur”. Dostu da içəridən belə cavab verir: “Məni narahat etmə. Qapı artıq qıfıllıdır, uşaqlarım yanımda yatıb, mən durub sənə bir şey verə bilmərəm”. Sizə deyim ki, o həmin adamla dost olduğu halda vermək istəməsə də, təkidlə xahiş etdiyinə görə qalxıb nə qədər ehtiyacı olsa, ona verəcək. Mən sizə bunu deyirəm: diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını döyün və sizə açılacaq. Çünki hər diləyən alar, axtaran tapar, qapı döyənə açılar. Aranızdan hansı ata oğlu ondan balıq diləsə,ona balıq yerinə ilan verər?  Yaxud yumurta diləsə, ona əqrəb verər? Beləliklə, siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verməyi bilirsinizsə, göydə olan Atanın Ondan diləyənlərə Müqəddəs Ruhu verəcəyi nə qədər yəqindir!»

Təfsir  

Bu gün Rəbb şagirdlərini təkidlə və güvənərək dua etməyə çağırır. Məsəldəki əsas söz dörd dəfə təkrarlanan "dost"dur. Bu bizə xatırladır ki, dua sadəcə bir ritual deyil, dostla Dost arasında, yəni bizimlə Allah arasında dialoqdur. Məsəldəki ikinci əsas söz təkiddir.  Bəzən dua etməkdən yoruluruq, çünki bizə elə gəlir ki, Allah cavab vermir. Bununla belə, Onun “sükutu” boşluq deyil, arzu və imanımızı gücləndirmək üçün verilmiş bir gözləmə məkanıdır. Allah istədiyimizdən daha çoxunu verir. Sonda İsa bunu belə yekunlaşdırır: “Beləliklə, siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verməyi bilirsinizsə, göydə olan Atanın Ondan diləyənlərə Müqəddəs Ruhu verəcəyi nə qədər yəqindir!” Allah sadəcə olaraq “üç çörək” vermir: O, bizə Müqəddəs Ruhu verir. Allah bizə üç balıq vermir, amma Müqəddəs Ruhla bizə “balıq tutmağı” öyrədir.

09 oktyabr 2025, 08:16