2022.11.14 tornado cyclone

Liturgiya oxunuşları: 14 NOYABR. Adi Dövrün XXXII həftəsinin cüməsi

“Gəlin özümüzə sual verək: necə yaşadığımızın, nə qədər diqqətli və ayıq olduğumuzun fərqindəyikmi? Gündəlik vəziyyətlərdə Allahın varlığını tanımağa çalışırıqmı, yoxsa diqqətimiz dağınıq, həyatın faniliyinə qapılırıq? Əgər bu gün Onun varlığını tanımasaq, Axır Zamanda Gəlişinə də hazır olmayacağıq” (Papa Fransisk, Rəbbin Mələyi 27.11.2022).

BİRİNCİ OXUNUŞ Müd 13,1-9

Allah barədə anlayışı olmayan bütün insanlar təbiətən puçdurlar. Onlar görünən kamil şeylərdən Var Olanı dərk edə bilmədilər, işlərinə baxaraq Sənətkarı tanımadılar. Onlar üçün od, ya külək, ya hərəkətdə olan hava, ya ulduz dəstəsi, ya gur axan sular, ya da göy üzü dünyanı idarə edən allahlardır. Əgər bunların gözəlliyinə heyran olaraq bunları allahlar hesab etdilərsə, bunların Rəbbinin nə qədər gözəl olduğunu dərk etməli idilər. Çünki gözəlliyin Səbəbkarı Olan bunları yaratdı. Əgər bunların gücünə və fəaliyyətinə təəcüblənirdilərsə, bunlardan bilməli idilər ki, bunları Yaradan Kəs nə qədər qüdrətlidir. Çünki yaradılışın görkəmi və gözəlliyi təsviri olaraq bunların mövcudluğunun Səbəbkarından xəbər verir. Amma bu insanlar az məzəmmətə layiqdirlər, bəlkə də Allahı axtararkən, Onu tapmaq istəyərkən yalnış yola düşüblər. Çünki Onun işlərinə nəzər salarkən onlar araşdıraraq nəticəyə gəlirlər ki, zahirdə olan hər şey gözəldir. Amma eyni zamanda onları bağışlamaq olmaz. Əgər onların düşüncələri müvəqqəti dünyanı araşdırmaq iqtidarında idisə, nə üçün dünyanın Rəbbini o saat tapa bilmədilər?

Təfsir

Süleymanın Müdrikliyi Kitabının müəllifi tərəfindən qaldırılan mövzu bütün dövrlərin insanları üçün aktual və əhəmiyyətli olaraq qalır. Elm dinə zidd deyil. Əksinə, məhz ətrafımızdakı yaradılışı öyrənməklə bizdə, qaçılmaz bir sual yaranır: bütün bunları kim yarada bilib? Bunun "təsadüfən" baş verdiyi cavabı o qədər bayağı bir iddiadır ki, hətta elm adamlarının özləri də bu gün bunu rədd edirlər. Kainatın necə mövcud ola biləcəyi, insan bədəninin necə fəaliyyət göstərdiyi, bioloji maddədən ibarət beynin necə əksinə, qeyri-maddi bir düşüncə yarada biləcəyi - bütün bunlar o qədər böyük sirlərdir ki, bizi qaçılmaz olaraq bütün bunların arxasında nizam yaradan bir Zəka, yəni Yaradan dayanır fərziyyəsinə sövq edir. Bəs niyə insanlar inanmamağa davam edirlər? Ateizm necə mümkün ola bilər? Çünki şeytan da fəaliyyətdədir, insanın özünün yaradan olduğu, özünün öz varlığının səbəbi olduğu fikri təlqin edir. Buna görə də, hər şeyi yaradan Məhəbbət-Allahın işinə rahat inanan birinin sadəliyini – uşaq tək səmimi qəlbi qoruyub saxlayaraq, faktları dərk etmək, Yaradanın niyyətini anlamaq üçün zəkamızdan istifadə etməliyik.

İNCİL Luka 17, 26-37

Nuhun günlərində necə idisə, Bəşər Oğlunun günlərində də elə olacaq. Nuhun gəmiyə girdiyi günə qədər insanlar yeyib-içir, evlənir, ərə gedirdi. Sonra daşqın gəlib hamısını məhv etdi. Lutun günlərində də belə idi: insanlar yeyib-içir, alıb-satır, əkir, tikirdi. Lakin Lut Sodomdan çıxdığı gün göydən od və kükürd yağdı və hamısını məhv etdi. Bəşər Oğlunun zühur edəcəyi gündə də belə olacaq. O gündə özü damda, əşyası isə evin içində olan adam onları götürmək üçün aşağı enməsin. Eləcə də tarlada olan geri qayıtmasın. Lutun arvadını yadınıza salın! Kim canını qorumaq istəsə, onu itirəcək, amma kim canını itirsə, onu yaşadacaq. Sizə deyirəm: o gecə bir yataqda olan iki nəfərdən biri götürüləcək, o biri isə qalacaq. Birlikdə dən üyüdən iki qadından biri götürüləcək, o biri isə qalacaq». Ona müraciət edib dedilər: «Ya Rəbb, bu hadisələr harada olacaq?» O isə onlara dedi: «Leş haradadırsa, kərkəslər də orada toplaşar».

Təfsir 

İncildə bəhs edilən "Bəşər Oğlunun günləri" nə deməkdir? Biz bunu bilməliyik, çünki həmin günlərdə dəhşətli hadisələr baş verəcək. Bu, dünyanın sonudur, yoxsa həyatımızı təhlükəyə atacaq bir təqibdir? Daşqın və Sodom və Homorranın məhv edilməsinə istinadlar bir cəza, bir təmizləməyə işarə edir, lakin bundan sonra yer üzündə həyat hələ də davam edəcək. Bunun nə vaxt baş verəcəyini dəqiq bilmədiyimiz üçün İsa bizi həmişə hazır olmağa çağırır. Bəs biz nə etməliyik? Yeməyi, içməyi, almağı, satmağı, əkməyi, tikməyi dayandırmalıyıq? Xeyr, bütün bunları etməyə davam etməliyik, eyni zamanda birdən-birə mal-mülkümüzü itirməyə də hazır olmalıyıq. Maddi nemətlər həyat üçün vacibdir, lakin biz yalnız onlara etibar edə bilmərik. Buna görə də, hansısa səbəbdən birdən-birə mal-mülkümüzü itirsək, amma imanımızı qoruyub saxlasaq, itkimiz əhəmiyyətsiz olacaq. Əksinə, həyatımızı maddi sərvətlə doldurub Allahı unuduruqsa, deməli, artıq itirmişik, çünki var-dövlətin ardınca qaçaraq ən vacib şeyi - əbədi həyatı itirmişik.

14 noyabr 2025, 00:13