2023.10.26 Josaphat Kuntsevich

Liturgiya oxunuşları: 12 NOYABR. Müq. İosafat Kuntseviç, yepiskop və şəhid

“İncildəki şükür etmək üçün geri qayıtmayan cüzamlılar bizə xatırladır ki, Allahın lütfü bizə çata bilər, amma cavabsız da qala bilər; şəfa verə bilər, amma cəlb etməyə də bilər. Buna görə də, gəlin bizi İsanın ardınca getmək yoluna qoymayan bu cür "məbədə qalxmaqdan" ehtiyatlı olaq” (Papa XIV Leo, vəz 12.10.2025).

Müqəddəs İosafat Kuntseviç təxminən 1580-ci ildə Volınskiy Vladimir-də (Ukrayna) anadan olub. İyirmi yaşında Bazilian Ordeninə daxil olub. 1604-cü ildə Müqəddəs Üçlük Vilnüs monastırında rahib, 1618-ci ildə isə Polotsk arxiyepiskopu olub. Kilsə birliyini şövqlə təşviq edənlərdən idi. Ruhani həyatında Şərq monastır ənənəsinə riayət edirdi. 12 noyabr 1623-cü ildə iman uğrunda canını fəda etdi: Vitebskdəki evində silahlı dəstə ilə sakitcə üzləşib və başı yarılmış halda qatilləri üçün dua edib. Onun məzarı Romanın Müqəddəs Peter bazilikasındadır.

BİRİNCİ OXUNUŞ Müd 6,1-11

Beləliklə, ey padşahlar, qulaq asın, yer üzünün hər tərəfinin hökmranları, anlayın, öyrənin! Çoxlu insanları idarə edənlər, təbəələrinin sayı ilə öyünənlər, diqqətlə dinləyin! Hökmranlıq və qüdrət sizə Rəbdən - əməllərinizi araşdıran, niyyətlərinizi sınayan Uca Olandan verilib. Çünki siz Onun Padşahlığının xidmətçiləri olduğunuz halda düzgün mühakimə etmədiniz, qanunla əməl etmədiniz, Allahın iradəsinə görə davranmadınız. Allahın iradəsi də dəhşətlə və tezliklə sizə görünəcək, başçılıq edənlərə qarşı sərt mühakimə olacaq. Çünki özünü aşağı tutanlar mərhəmətə layiqdirlər, güclülər isə şiddətli işgəncəyə məruz qalacaqlar. Hamının hökmdarı insanlaran qorxan deyil, böyüklərdən dəhşətə düşən deyil. Çünki böyüyü də, kiçiyi də O yaradıb, hamı barədə eyni cür düşünür. Lakin başçılıq edənləri sərt sınaq gözləyir. Beləliklə, ey hökmranlar, mənim sözlərim sizə yönəlib ki, siz hikmətə yiyələnəsiniz və yoldan azmayasınız. Çünki müqəddəs şeyləri təqdis edənlər müqəddəs sayılacaq. Müqəddəs şeylər barədə öyrədilənlər müdafiə ediləcək. Beləcə, Mənim sözlərimə həvəs göstərin, onlara istəkli olun və onlar sizi öyrədəcək.

Təfsir

Müdriklik Kitabından olan bu parça idarəetmə məsuliyyəti həvalə edilmiş şəxslərə ünvanlanıb. "Allah tərəfindən təyin olunmayan hakimiyyət yoxdur" (Rom 13, 1) deyə, hakimiyyətdə olanlar dünyada Yaradanın düzgün idarəetmə üçün verdiyi qanunları tətbiq etməyə çağırılıblar. Keçmişdə, xristian dünyasında bu konsepsiya aydın idi və hökmdarlar Kilsə tərəfindən izah edilən təbii əxlaq qanununu rəhbər tuturdular. Bu gün bu fikir itirilib və görünən mənfi nəticələrə gətirib çıxarıb. Allahın qanununun yerinə yetirilməsinin yalnız "hakimiyyət sahiblərinə" aid olduğunu düşünməməliyik. Biz də ailələrimizdə, ictimai həyatda və işdə məsuliyyət daşıyırıq. Bizim vəzifəmiz və borcumuz həmişə Allahın qanununun "tərcüməçiləri" kimi çıxış etmək, ümumi rifah naminə ədalətli, saleh və mərhəmətli davranmaqdır.

İNCİL  Luka 17,11-19

İsa Yerusəlimə doğru yolunu davam edərkən Samariya ilə Qalileya arasındakı sərhəddən keçirdi. Kəndlərin birinə girəndə Onu on nəfər cüzamlı kişi qarşıladı. Onlar uzaqda durub  ucadan çığırdılar: «İsa, Ustad, bizə rəhm et!» İsa onları görüb «gedin, özünüzü kahinlərə göstərin» dedi. Onlar yol gedə-gedə pak oldular. Onlardan biri isə sağaldığını görəndə uca səslə Allahı izzətləndirərək qayıtdı. O üzüstə İsanın ayaqlarına düşərək Ona təşəkkür etdi. Bu adam Samariyalı idi. Onda İsa dedi: «Pak olanlar on nəfər deyildimi? Bəs qalan doqquz adam haradadır? Bu yadellidən savayı geri dönüb Allaha izzət verən olmadımı?» Sonra o adama dedi: «Ayağa qalx, get. İmanın səni xilas etdi».

Təfsir 

On cüzamlının sağalması hadisəsi iki vacib dərsi ehtiva edir. Allahın hərəkətini dərhal anlayan yeganə şəxs samariyalı idi - xor görülən və kənar hesab edilən bir adam. Hətta həvarilər belə Allahın xilasının yalnız yəhudilərə deyil, hər kəsə təklif olunduğunu anlamaqda çətinlik çəkirdilər. Bu hadisə onları ürəklərinin sərtliyi barədə düşünməyə vadar etməli idi. Allahın qarşısında imtiyazlı irq, qəbilə və ya xalq yoxdur: Allahda biz hamımız bərabər və hamıya qardaşıq. Samariyalıya imanının onu xilas etdiyi deyildi. O, tək cüzamdan xilas olunmadı (on nəfərin hamısı sağaldı), onun daxili həyatı da şəfa tapdı. Şükür etmək üçün dərhal geri qayıtmaqla bu adam lütfün yalnız Allahdan gələ biləcəyini etiraf etdi. O, İsanın xəstəlikdən tutmuş daxili, mənəvi ruha qədər hər şey üzərində hökmranlığına şəhadət etdi. Xilas edən məhz bu etiraf və minnətdarlıqdır. Gəlin özümüzdən soruşaq: Rəbbə bizim üçün hər gün, hər dəqiqə etdiyi hər şey üçün təşəkkür edirikmi? Əgər ediriksə, onda bu artıq xilasın özüdür.

11 noyabr 2025, 21:49