2020.08.21 Vangelo del giorno Cristo Pantocratore evangelisti tetramorfo Castell de Mur

Liturgiya oxunuşları: 13 NOYABR. Adi Dövrün XXXII həftəsinin cümə axşamı

“Allahın Padşahlığı bizdən uzaq deyil, yaxındır! Bu, onun xüsusiyyətlərindən biridir: gündəlik yaxınlıq. Allahın Padşahlığı toxum kimi təvazökardır: həlimdir, lakin Müqəddəs Ruhun gücü ilə böyüyür. Biz, öyünmədən, onun içimizdə böyüməsinə icazə verməliyik: Ruhun gəlməsinə, qəlblərimizi dəyişdirməsinə və bizi sükutla, sülhlə, rahatlıqla, Allaha, başqalarına yaxınlıqda, Allaha ibadətdə, nümayişkaranəlik etmədən irəli aparmasına icazə verməliyik” (Papa Fransisk)

BİRİNCİ OXUNUŞ Müd 7,22-8,1

Hikmət düşüncəli bir ruh, müqəddəs, vahid, çoxhissəli, həssas, mütəhərrik, aydın, pak, aşkar, qüsursuz, yardımçı, qəti, qarşısıalınmaz, əngəl qoyulmaz, xeyirxahlıq edən, insansevər, möhkəm, sarsılmaz, narahat olmayan, hər şeyə qadir, hər şeyə nəzarət edən, bütün ağıllı, saf və incə ruhlara nüfuz edəndir. Çünki hikmət hər hərəkətdən daha cəlddir, öz saflığına görə hər şeyə yayılır və nüfuz edir. O, Allah qüdrətinin nəfəsidir, Külli-İxtiyarın pak izzətinin axınıdır: buna görə də heç bir çirkin şey ona nüfuz etməyəcək. O, əbədi işığın şöləsidir, Allah fəaliyyətinin təmiz güzgüsü, Onun xeyirxahlığının surətidir. Hikmət tək olsa da, hər şeyi bacarır, özü olduğu kimi qalsa da, hər şeyi təzələyir. Nəsillər boyu müqəddəs canlara girir, onları Allahın dostlarına və peyğəmbərlərə çevirir. Çünki Allah hikmətlə yaşayanlardan başqa heç kimi sevmir. Hikmət günəşdən də gözəldirŞ bütün ulduz cərgələrindən üstündür, işıqla müqayisədə birinci sayılır. Çünki işıq gecə ilə əvəz olunur, hikmətə isə şər üstün gələ bilməz. Hikmət dünyanın bir ucundan o biri ucuna qədər şiddətlə yayılır, hər şeyi nizamla qaydaya salır.  

Təfsir

Müdriklik Kitabından bugünkü  parça Allahın xeyirxahlığına həsr olunmuş bir himn kimi səslənir. Əgər Allah haqqında yanlış təsəvvürlərimiz varsa, bu mətni diqqətlə oxumaq Onun dünyadakı əsl hərəkət tərzini ayırd etmək üçün kifayətdir. Allahın xeyirxahlığına dair şübhələr insanlara şeytan tərəfindən aşılanır. Eden bağında iblis Adəm və Həvvanı Allahın əslində yaxşı olmadığına inandırdı: sanki Allah onlardan bir sirr gizlədir, onlara etibar etmir, onları sevmir.  Ulu valideynlər Atalarına olan etibarlarını itirmişdilər və bütün faciənin kökü budur. Allaha etibar etməyən insan özünə çəkilir, öz mövqeyini itirir və nəticədə öz uğursuzluqlarına görə Allahı günahlandırmağa başlayır. Allahın işlərinə şübhə etdiyimiz zaman, Onun həmişə və bütün hallarda faydalı olan Hikməti ilə necə hərəkət etdiyini xatırlamalıyıq. Ona qarşı şübhələri rədd etməliyik, çünki inamsızlığı bizə yalnız bizə nifrət edən və bizə zərər vermək istəyən aşılayır. Rəbbin mərhəmətini yenidən kəşf etməklə, Onun kiçik və təvazökar insanlara açdığı hikməti anlayacağıq.

İNCİL Luka 17,20-25

Fariseylər İsadan «Allahın Padşahlığı nə zaman gələcək?» deyə soruşanda İsa onlara cavab verdi: «Allahın Padşahlığı müşahidə ilə gəlməz. Adamlar “bax, o buradadır” yaxud “oradadır” deməyəcəklər, çünki budur, Allahın Padşahlığı sizin daxilinizdədir». İsa şagirdlərə də belə dedi: «Elə günlər gələcək ki, Bəşər Oğlunun günlərindən birini görməyi arzulayacaqsınız, amma görməyəcəksiniz. Adamlar sizə “bax, O oradadır” yaxud “bax, buradadır” deyəcək. Gedib onların arxasınca düşməyin! Çünki şimşək göyün bir kənarında çaxıb o biri kənarına qədər necə parlayırsa, Bəşər Oğlu da Öz günündə elə olacaq. Amma əvvəlcə O, çox əzab çəkməli və indiki nəslin adamları tərəfindən rədd olunmalıdır.

Təfsir 

Allahın Padşahlığı nədir və harada yerləşir? Fariseylər bunun maddi, görünən və izzətli bir şey olduğuna inanırdılar - başqa sözlə, onu, insanın əbədi hakimiyyət arzusunun əksi kimi başa düşürdülər. Məsih isə Öz Padşahlığının tamamilə fərqli bir şey olduğunu izah etmək üçün çox vaxt sərf edirdi.  Hətta həvarilər də Onun Dirilməsindən sonra yenə də soruşdular: " Ya Rəbb, İsraildə Padşahlığı indimi bərpa edəcəksən?" (Həvarilərin İşləri 1, 6). Onlar hələ də başa düşə bilmirdilər. Bu həqiqətin dərk edilməsi yalnız Müqəddəs Ruhla mümkün olur. Sonra aydın olur ki, Allahın Padşahlığı Allahın Özüdür, yəni insanın qəlbində Müqəddəs Ruhun varlığıdır və bu, insanı sonsuz bir ölçüyə qaldırır. Allahın Padşahlığı Məsihin Bədəni, Kilsə, Müqəddəs Ruhun insan daxilində və xristianlar arasında sərbəst dövranı, Vəftiz və digər ayinlərdir. Allahın lütfündə yaşayan hər kəs artıq Onun Padşahlığındadır. Bundan aydın olur ki, Padşahlıq diqqəti cəlb etmədən gəlir. Bir insan Yevxaristiyanı qəbul edərkən kim dəqiq nə baş verdiyini görür? Qəzetlər bunu yazmır, amma bu baş verir. Görünməzlik Padşahlığın əsl ölçüsüdür. Eyni zamanda, Padşahlıq Məsihin dolğunluğunda yaşayan müqəddəslərin əməllərində ən çox özünü göstərir.

12 noyabr 2025, 20:11