2024.11.07 XXXII DOMENICA DEL TEMPO ORDINARIO – ANNO B

Liturgiya oxunuşları: 24 NOYABR. Adi Dövrün XXXIV həftəsinin bazar ertəsi

“Mərhəmət işləri həyatımızın xəzinəsini əmanət edə biləcəyimiz ən etibarlı və ən gəlirli bankdır. Çünki İncil bizə öyrədir ki, “iki kiçik mis sikkə” ilə hətta kasıb dul qadın da dünyanın ən zəngin insanına çevrilir. Bir ananı uşaqlarını qucaqlayarkən təsəvvür edə bilərik: o, dünyanın ən gözəl və ən varlı adamı deyilmi?” (Papa XIV Leo, Rəbbin mələyi 10.08.2025)

BİRİNCİ OXUNUŞ Dan 1,1-6.8-20

Yəhuda padşahı Yehoyaqimin padşahlığının üçüncü ilində Babil padşahı Navuxodonosor Yerusəlimə hücum edib oranı mühasirəyə aldı. Xudavənd Yəhuda padşahı Yehoyaqimi və Allah məbədinin əşyalarından bir hissəsini ona təslim etdi. Navuxodonosor onları Şinar torpağına, öz allahının məbədinə apardı və əşyaları həmin məbədin xəzinəsinə qoydu. Padşah hərəmağalar rəisi Aşpenaza əmr etdi ki, padşah nəslindən və zadəganlardan olan İsraillilərin arasından bədənlərində qüsur olmayan, yaraşıqlı, hər elmdən xəbərdar, bilikli, dərrakəli, sarayda padşaha xidmət etməyə layiq olan cavanlar seçərək onlara Xaldeylilərin dilini və ədəbiyyatını öyrətsin. Padşah onlara özünün yediyi yeməklərdən və içdiyi şərabdan gündəlik yemək payı təyin etdi ki, üç il onlara tərbiyə versinlər, sonra isə padşahın xidmətinə gətirsinlər. Onların arasında Yəhuda nəslindən olan Daniel, Xananya, Mişael və Azarya var idi. Daniel qərara aldı ki, padşahın yediyi yeməklərlə və içdiyi şərabla özünü murdar etməsin. Buna görə də özünü murdar etməmək üçün hərəmağalar rəisinə müraciət etdi. Allah hərəmağalar rəisinin gözündə Danielə lütf və rəğbət qazandırdı. Hərəmağalar rəisi Danielə dedi: «Sizin yeyib-içməyinizi təyin edən ağam padşahdan qorxuram. Nə üçün o sizin simanızı həmyaşıdınız olan cavanların simasından solğun görsün? Siz bununla padşahın yanında həyatımı təhlükə altına qoyursunuz». Daniel hərəmağalar rəisinin özü, Xananya, Mişael və Azaryanın üzərinə qoyduğu məmura dedi: «Gəl qullarını on gün ərzində yoxla. Qoy bizə yemək üçün göyərti, içmək üçün su versinlər. Sonra isə sənin hüzurunda həm bizim üzümüzə, həm də padşah yeməklərindən yeyən cavanların üzünə baxsınlar. Bunu görəndən sonra qullarınla necə istəyərsən, elə də rəftar edərsən». Məmur bu məsələdə cavanların sözünə qulaq asdı və onları on gün yoxladı. On gün sonra onların siması padşah yeməklərindən yeyən başqa cavanların simasından daha gözəl göründü və onlar bədəncə daha dolğun idi. Onda məmur cavanların yeməyini və içəcəkləri şərabı götürüb onlara göyərti verdi. Allah bu dörd gəncə hər cür ədəbiyyatı və elmi öyrənmək üçün bilik və dərrakə verdi. Daniel isə hər cür görüntüləri və yuxuları yozmağı bacarırdı. Onların gətirilməsi üçün padşahın əmr etdiyi gün çatanda hərəmağalar rəisi onları Navuxodonosorun hüzuruna gətirdi. Padşah onlarla danışdı və hamının arasında Daniel, Xananya, Mişael və Azarya kimisi tapılmadı. Onlar padşahın hüzurunda xidmətə qoyuldu. Padşah onlardan hər cür elm və bilik barədə soruşanda gördü ki, bunlar ölkəsindəki sehrbazların və ruhçağıranların hamısından on qat üstündür.

Təfsir

Daniel və üç gənc israillidən babillilərin adət-ənənələrinə və əxlaq qaydalarına tamamilə tabe olmaları və bu bütpərəst xalqın içində tamamilə ərimələri gözlənilirdi. Lakin onlar bütpərəst adətlərində iştirak etməməyi seçdilər və İsrail Allahının qanunlarına sadiq qaldılar. Eyni zamanda, Daniel və üç gənc, onlara həvalə edilən xidməti qəbul etdilər: padşaha məsləhətçi olmaq və yuxuları və görüntüləri yozmaq. Bu, imana sadiq qalaraq yad dünyaya uyğunlaşmağın gözəl bir nümunəsidir. Hətta saray əyanları olduqdan və bütpərəst bir padşaha xidmət etdikdən sonra belə, bu dörd gənc ağır sınaqlara baxmayaraq (onlar hətta diri-diri odlu sobaya atıldılar), İsrail Allahına sadiq qaldılar. Biz Rəbbə və Kilsəyə sadiq qalmalı və eyni zamanda dünyanı imansızlarla (müasir "bütpərəstlərlə") birlikdə qurmalı, onu daha yaxşı bir yerə çevirməyə çağırılmışıq. İsanın İncildə istədiyi də məhz budur: "Siz dünyadasınız, amma dünyadan deyilsiniz" (Yəhya 15, 19).

İNCİL Luka 21, 1-4

İsa başını qaldırıb baxdı və məbədin ianə qutusuna ianələri atan varlı adamları gördü. Bir kasıb dul qadını da gördü. O, ianə qutusuna iki lepton pul atdı. İsa dedi: «Sizə həqiqəti deyirəm: bu kasıb dul qadın hamıdan çox pul atdı. Çünki onların hamısı varlarının artıqlığından ianə verdilər, bu qadınsa kasıblığına baxmayaraq, dolanmaq üçün əlində nə varsa, hamısını verdi».

Təfsir 

Bugünkü İncil iki növ ianəni müqayisə edir: varlıların etdiyi kimi artıq olanı vermək və dul qadının etdiyi kimi hər şeyi vermək. Bəs biz kimin tərəfindəyik? Etiraf edək ki, biz də adətən yalnız artıq olanı veririk. Kim sahib olduğu hər şeyi xeyriyyəçiliyə verməyə cəsarət edər? Rəbb bizdən maşınımızı, əmanətlərimizi, mənzilimizi, paltaryuyan maşınımızı və bütün geyimlərimizi “Caritas”-a bağışlamağımızı tələb etmir. Buna görə də bugünkü İncili düzgün başa düşməliyik: nəticədə "hər şey" biz özümüzük. Gəlin özümüzdən soruşaq: kimin üçün yaşayırıq? Gəlin özünü Allaha (əsl xəzinə də elə Allahın Özüdür) həsr edən, özünün varlığını Ona qaytaran, Allahı hər şeydən üstün tutan kasıb dul qadını xatırlayaq. Biz yalnız özümüz üçün yaşamamalıyıq. Əksinə, çalışaraq, qazanaraq, qabiliyyətlərimizi təkmilləşdirərək, mərhəmət əməlləri ilə Allahın Padşahlığını qurmaqda iştirak edə bilərik. Artıq olanı vermək özün üçün yaşamaq deməkdir.  Və bunun əksi kimi, vaxtımızı, enerjimizi, bacarıqlarımızı və bəzən hətta maliyyə vəsaitlərimizi başqalarının rifahı naminə vermək vermək — bu, bugünkü İncili tam şəkildə yerinə yetirmək deməkdir.

24 noyabr 2025, 08:28