2021.11.14 Vangelo di domenica

Liturgiya oxunuşları: 25NOYABR. Adi Dövrün XXXIV həftəsinin çərşənbə axşamı

“Ətrafımızda narahatedici hadisələr, müharibələr və münaqişələr, zəlzələlər, aclıq və vəba gördükdə necə reaksiya veririk? Onlar haqqında düşünməmək üçün diqqətimizimi yayındırırıq, qarışmamaq üçün əyləncələrəmi qapılırıq? Görməmək üçün üzümüzü çeviririk? Yaxud baş verənlərə səssizcə uyğunlaşırıq? Yoxsa bu vəziyyətlər İncilə şəhadət etmək üçün bir fürsətə çevrilir?” (Papa Fransisk, Vəz 13.11.2022).

BİRİNCİ OXUNUŞ Dan 2,31-45

Ey padşah, sən yuxuda böyük bir heykəl görmüsən. Nəhəng və çox parlaq olan bu heykəl sənin önündə dururdu, onun görünüşü qorxunc idi. Bu heykəlin başı xalis qızıldan, sinəsi və qolları gümüşdən, qarnı və budları tuncdan idi. Baldırları dəmirdən, ayaqlarının bir hissəsi dəmirdən, bir hissəsi isə gildən idi. Sən baxdığın zaman əl dəymədən bir daş yerindən qoparıldı, heykəlin dəmir və gil ayaqlarından vurub onları parça-parça etdi. O zaman dəmir, gil, tunc, gümüş və qızıl birlikdə parçalandı və yay xırmanlarındakı saman çöpü kimi sovruldu. Külək onları apardı və onlardan əsər-əlamət qalmadı. Heykəli dağıdan daş isə böyük bir dağ oldu və bütün dünyanı tutdu. Yuxu budur. İndi isə padşahın önündə onu yozaq. Ey padşah, sən şahənşahsan. Göylərin Allahı padşahlığı, qüvvəti, qüdrəti və izzəti sənə verib. O hər yerdə yaşayan bəşər övladlarını, çöl heyvanlarını və göy quşlarını ixtiyarına verməklə səni onlara hökmdar edib. Qızıldan olan baş sənsən! Sonra səndən aşağı səviyyədə olan başqa padşahlıq yaranacaq. Ondan sonra isə tuncdan olan, bütün dünyaya hökmranlıq edən üçüncü bir padşahlıq olacaq. Dördüncü padşahlıq isə dəmir kimi möhkəm olacaq, çünki dəmir hər şeyi qırıb-dağıtdığı kimi o da başqalarını hər şeyi əzən dəmir tək qırıb-əzəcək. Ayaqların və barmaqların bir hissəsinin dulusçu gilindən, bir hissəsinin isə dəmirdən olduğunu görməyinin mənası budur ki, o bölünmüş padşahlıq olacaq. Onda bir qədər dəmir möhkəmliyi qalacaq, necə ki sən dəmiri dulusçu gili ilə qarışıq görmüsən. Ayaq barmaqlarının bir hissəsi dəmirdən, bir hissəsi gildən olduğu kimi bu padşahlığın da bir hissəsi möhkəm, bir hissəsi kövrək olacaq. Dəmiri dulusçu gili ilə qarışıq gördüyünün mənası budur ki, onlar müxtəlif insan nəsilləri vasitəsilə bir-birləri ilə qarışacaq, ancaq dəmir gillə birləşmədiyi kimi onlar da bir-birləri ilə birləşməyəcək. O padşahların dövründə göylərin Allahı heç vaxt dağılmayan bir padşahlıq quracaq və bu padşahlıq başqa xalqın əlinə keçməyəcək. O bütün əvvəlki padşahlıqları əzib-dağıdacaq, özü isə əbədi qalacaq. Sən gördün ki, dağdan bir daş əl dəymədən qoparıldı, dəmiri, tuncu, gili, gümüşü və qızılı parça-parça etdi. Beləcə böyük Allah bundan sonra nə olacağını padşaha bildirib. Bu yuxu doğrudur və onun yozumu da etibarlıdır».

Təfsir

Simvolik təsvirlərlə dolu olan bir yuxu vasitəsilə Uca Allah padşah Navuxodonosora bildirir ki, onun padşahlığı yer üzündən tamamilə silinəcək. Cari zamanda bu qədər güclü görünən bir dövlət əslində bu dünyada hər şey kimi yox olmağa məhkumdur. Lakin  bu imperiyanın süqutunun səbəbi onu əvəz edəcək başqa bir superdövlətdə deyil. Burada biz dərin, ruhani bir mənaya yaxınlaşırıq: imperiya insan əli ilə deyil, dağdan qopmuş kiçik bir daşla məhv ediləcək. Əgər bu, insanın əli deyilsə, deməli, bu, Allahın əlidir. Zəif güclünü məğlub edir, Davud Qolyatı məğlub edir, Çarmıx bu dünyanın gücünü məhv edir, yoxsul və təqib olunan Kilsə həmişə bütün pisliklərə qalib gələcək, çünki əsasında Allahın məhəbbəti prinsipi dayanır. Sevgi zəif, həssas, həlim və təvazökar görünür, lakin özündə böyük güc daşıyır. İnsan təkəbbürü isə əksinə, tərif və böyüklük istəyir, var-dövlət və əzəmətlə öyünür, ictimai çəkiyə və kameralara can atır, özünə heyran olur və özünü ucaldır, lakin o, əhəmiyyətsizlik üzərində qurulub və özündə ölüm toxumları daşıyır. Məsihin Çarmıxı qələbə və qurtuluş əlamətidir və biz də bu əlamətin altında qalib gələcəyik: "In hoc signo vinces."

İNCİL Luka 21,5-11

Bəzi adamlar məbədin gözəl daşlar və Allaha həsr olunmuş təqdimlərlə bəzəndiyini söyləyərkən İsa dedi: «Elə günlər gələcək ki, burada gördüyünüz şeylərin daşı daş üstündə qalmayacaq, hamısı yerlə-yeksan olacaq». Ondan soruşdular: «Müəllim, bəs bu dediklərin nə vaxt baş verəcək? Bunlar baş vermək üzrə olanda hansı əlamətlər olacaq?» İsa dedi: «Ehtiyatlı olun, aldanmayın! Çünki Mənim adımla çox adam gəlib “mən Oyam” və “vaxt yaxınlaşıb” deyəcək. Onların ardınca getməyin. Müharibələr və üsyanlar barədə eşidəndə təlaşa düşməyin. Çünki bunlar əvvəlcədən baş verməlidir, amma hər şeyin axırı tez gəlməyəcək». Sonra onlara belə dedi: «Millət millətə, padşahlıq padşahlığa qarşı çıxacaq. Güclü zəlzələlər, yerbəyer aclıq və vəba, dəhşətli hadisələr və göydən böyük əlamətlər olacaq.

Təfsir

Dünyada bu qədər müharibənin olmasına təəccüblənməməliyik, çünki günah olan yerdə onun nəticələri də olur. Eynilə, təbii fəlakətlər də insanların ətraf mühitə laqeyd yanaşması səbəbindən günahla müəyyən dərəcədə bağlıdır. Eyni səbəbdən, iqtisadi çöküşlər, qlobal böhranlar, xəstəliklər və pandemiyalar hər zaman olacaq. Bütün bu mənfi hadisələrdən azad olan, tamamilə yenilənmiş bir dünya yalnız ölümdən sonra başlayacaq, əgər biz Məsihdə qalsaq. Onda ölmək bizi Onun dirilməsinin şəriki və buna görə də Səmadakı yenilənmiş dünyanın sakini edir. Bu dünyada isə, Mübariz Kilsədə olduğumuz müddətdə çox vaxt əziyyət çəkməli oluruq. Buna görə də gəlin bunu cəsarətlə və qətiyyətlə, təəccüblənmədən və ya pis taleyimizi lənətləmədən edək. Bundan əlavə, bugünkü İncildən öyrənirik ki, zaman-zaman yalançı bir məsih peyda olur, özünü Xilaskar adlandırır və bizi ona tabe olmağa çağırır. Lakin biz yalnız Kilsədə var olan Rəbbimiz İsa Məsihin ardıca gedirik. Odur, Kilsənin Başı və biz Onun üzvləriyik; bizim üçün başqa müəllimlər və başqa atalar yoxdur.

25 noyabr 2025, 09:09