Cristo Re dell'universo, Gesu Cristo

Liturgiya oxunuşları: 23 NOYABR. RƏBBİMİZ İSA MƏSİH - KAİNATIN PADŞAHI

“Kainatın Padşahı bu dünyanın hökmdarları kimi deyil: O, rahat bir taxtda oturmur, əksinə, mıx və tikanlarla bəzədilmiş utancverici bir xaça mıxlanıb. Bu müqəddəs taxtdan O, heç kəsi günahlandırmır və hər kəsi qucaqlayır. Yalnız Onun ağuşunda olaraq anlayırıq ki, Allah insan təbiətini - ölümümüzü və ağrımızı, zəifliyimizi və həssaslığımızı məhəbbətlə qucaqlamaq üçün necə uzun bir yolu qət edib” (Papa Fransisk, Vəz 20.11.2022).

Məsihin Padşahlığının mənşəyi Çarmıx qurbanıdır. O, dünyanı Çarmıxdan idarə edir; Çarmıxdan dünyanı xilas edir. Məsih elə Padşahdır ki, Öz Padşahlığını səxavətlə bölüşür,  hamını bağışlayaraq Öz Padşahlığına şərik edir. O, ölümü ilə hamının ölümünü məğlub edən Padşahdır.   Məsih bu dünyanın məntiqinə sığmayan Padşahdır. O, Özü Pilata deyir: "Mənim Padşahlığım bu dünyadan deyil" (Yəhya 18, 36).  Sirrli olaraq, Onun böyüklüyü gündən-günə insanları və onların vasitəsilə bütün yaradılışı günahın köləliyindən azad edən lütf vasitəsilə gerçəkləşir. Bu təntənəli gün ilə liturgiya ilini başa vurarkən, Məsihə keçən ilin nəticələrini təqdim edirik, Onun varlığını, köməyini və dostluğunu etiraf edirik. Gəlin Məsihin həyatımızda istədiyi kimi hökmranlıq etməsinə icazə verək ki, O, bizi ilahi hüzuru ilə təqdis edə bilsin.

BİRİNCİ OXUNUŞ 2 Pad (2 Şam) 5,1-3

İsrailin bütün qəbilələri Xevrona, Davudun yanına gəlib belə dedi: «Bax biz sənin sümüyündən, sənin ətindənik. Əvvəllər – Şaul padşahımız olanda da İsrailliləri yürüşlərə aparan və gətirən sən idin. Rəbb sənə demişdi ki, xalqım İsrailə sən çobanlıq edəcəksən, İsrail üzərində sən hökmdar olacaqsan».İsrailin bütün ağsaqqalları Xevrona, padşah Davudun yanına gəldilər və padşah orada Rəbbin önündə onlarla əhd bağladı. Ağsaqqallar Davudu İsrail üzərində padşah olmaq üçün məsh etdilər.

Təfsir

Davud bütün İsrail üzərində padşah təyin edildi ki, Məsih üçün bir "ev" (sülalə, nəsil) hazırlasın. Məsihin padşah olduğu Onun tarixindən də məlum olur: insan ailəsinin nəsil şəcərəsinə görə, o, padşahın nəslindəndir. Bu əlamət bəşəriyyətin Məsihdə əvvəlcədən təyin olunmuş insanı tanıması üçün lazım idi. Bu gün İsanın padşah nəsli fərqli yollarla, fərqli şəkildə (dünyavi yox, ruhani şəkildə) hərəkət edir, lakin Allahın müqəddəs tarixdəki niyyətinin mənşəyinə qayıtmaq vacibdir. İsa təkcə taxt-tacı deyil, həm də qəhrəman Davudun özəl xüsusiyyətlərini də miras alır və onları mənəvi müstəviyə ucaldır. Bu xüsusiyyətlər hansılardır? Gənc çoban Davud heç kimin gözləmədiyi bir vaxtda Şamuel tərəfindən padşah təyin edildi; insanların gözündə İsa adi dülgərin oğludur və sarayda yaşamıır. Davud nəhəng Qolyatı yalnız sapandla məğlub edir; İsa şeytanın gücünü Kəlamı və Çarmıx qurbanı ilə məğlub edir. Davud parçalanmış qəbilələri yenidən birləşdirir və onları vahid bir padşahlığa çevirir; İsa bütün dövrlərin insanlarını Müqəddəs Ruhu ilə toplayır və onları vahid bir xalq, Müqəddəs Kilsə halına gətirir. Davudun padşahlığının sonu var, Məsihin ilahi padşahlığı əbədidir.

İKİNCİ OXUNUŞ Kol 1,10-20

Belə ki Rəbbə layiq şəkildə həyat sürərək Onu hər cəhətdən razı salasınız və hər cür xeyirli əməldə bəhrə verib Allahı tanımaqda böyüyəsiniz, hər şeyə dözərək səbir edə bilməniz üçün Onun izzətli qüvvəsinə güvənərək hər cür qüdrətlə möhkəmlənəsiniz, müqəddəslərin nurda olan irsinə şərik olmanız üçün sizə səlahiyyət verən Ataya sevinclə şükür edəsiniz. O bizi zülmət hakimiyyətindən xilas edib Öz sevimli Oğlunun Padşahlığına köçürtdü. Oğlund satınalınmaya – günahlarımızın bağışlanmasına malikik. Görünməz Allahın surəti və bütün yaradılış üzərində ilk doğulan Odur. Çünki göylərdə və yerdə olan, görünən və görünməyən hər şey – taxtlar, ağalar, başçılar, hakimlər Onda yarandı. Nə varsa, Onun vasitəsilə və Onun üçün yarandı. Hər şeydən əvvəl var olan Odur və hər şey Onda bərqərar olur. Bədənin, yəni imanlılar cəmiyyətinin Başı da Odur. Hər şeydə birinci olsun deyə başlanğıc olan, ölülər arasından dirilərək ilk doğulan Odur. Çünki Allah Onda tam bütövlüyü ilə yaşamağa və Onun vasitəsilə, çarmıxda axıdılan qanı ilə barışıq yaradaraq həm yerdə, həm də göylərdə olan hər şeyi Özü ilə barışdırmağa razı oldu.

Təfsir

Həvari Paulun düşüncələri planetar, hər şeyi əhatə edən, kosmik və universaldır. O, torpaqlardan və saraylardan ibarət bir padşahlıqdan deyil, mələklər dünyası da daxil olmaqla, hər şeyin İsa Məsihin hakimiyyəti altında olduğu bir padşahlıqdan danışır. Ən əsası, bütün var olanın (dünyanın və mələklərin) barışması İsanın "Çarmıxıda axıdılan Qanı ilə" həyata keçirilir. Çarmıx əzabın, utancverici ölümün və alçaldılmanın əlamətidir. Lakin, məhz bu Qolqota Çarmıxı Onun padşahlıq qüdrətinin alətidir. İsa həmişə Padşah olub, lakin yalnız ölümü və dirilməsi ilə O, hər şeyi bərpa edir, Özünü hamının günahları üçün kəffarə qurbanı kimi təqdim edir. Beləliklə, Məsih hər şeyi Özündə "yenidən birləşdirir" və Ataya Onun adı və Ona olan iman ilə birləşdirilmiş bir padşahlıq təqdim edir. Biz Məsihin əzablarında iştirak etməklə öz padşahlığımızı həyata keçirməyə çağırılmışıq. Onun kimi, biz də dünyamızı yenidən birləşdirir və onu Məsihin mirası kimi Allaha təqdim edirik.

İNCİL Luka 23, 35-43

Camaat durub tamaşa edirdi. Onlarla birlikdə rəhbərlər də İsaya istehza edib deyirdilər: «Başqalarını xilas edirdi. Əgər O, Allahın seçdiyi Məsihdirsə, qoy Özünü də xilas etsin!». Əsgərlər də yaxınlaşıb Onu ələ saldılar. Ona şərab sirkəsi təqdim edib belə dedilər: «Əgər Sən Yəhudilərin Padşahısansa, Özünü xilas et!». Onun üzərində «Yəhudilərin Padşahı budur» yazısı yazılmışdı. Çarmıxa asılmış cinayətkarlardan biri Ona böhtan ataraq deyirdi: «Məgər Sən Məsih deyilsən? Özünü də, bizi də xilas et!» O biri cinayətkarsa ona qadağan edərək deyirdi: «Sən heç Allahdan qorxmursan? Sən özün də eyni cəzaya məhkum olmusan! Biz ədalətlə məhkum olunmuşuq, çünki əməllərimizə layiq olan əvəzi alırıq. Bu Adamsa heç bir haqsızlıq etməmişdi». Sonra İsaya dedi: «Ey İsa, Öz Padşahlığına gələndə məni xatırla!» İsa ona dedi: «Sənə doğrusunu deyirəm: bu gün sən Mənimlə birlikdə cənnətdə olacaqsan».

Təfsir 

Başçılardan tutmuş əsgərlərə və oğrulardan birinə qədər hər kəs İsanın Özünü xilas etməsini tələb edir. Lakin onlar bunu istehza ilə edirlər, çünki Onu tamamilə gücsüz və çarmıxa çəkilmiş görürlər. Əgər İsa çarmıxdan ensəydi, O, sevgi yox, güc nümayiş etdirərdi. Xilas edən isə məhz Allahın sevgisidir, bir insanın özünü çarmıxdan endirməsi tamaşası deyil. İsanın çarmıxdakı sevgisi ölümü qəbul etməyə hazır olmaq, bəşəriyyətə mərhəmət, Səmavi Ataya itaət etmək və tam və saf bir fədakarlıqdır. Məhz bu ali sevgi anında Allah Özünü hər kəsi bağışlayan və hər kəsin hesabını ödəyən kimi göstərir. Yaxşı oğru bunu dərk edir, özünü günahlandırır ("Biz ədalətlə məhkum olunmuşuq") və Allahın Quzusunun mütləq məsumluğunu elan edir. Bu iman hərəkəti ilə o, dərhal sevgi hədiyyəsini qəbul edir, əsl xilası tapır və cinayətkar kimi ölümünü tövbə edən günahkarın ölümünə çevirir. İncildə bu yeganə haldır ki, insan Rəbbə yalnız Onun adı ilə müraciət edir: İsa (Yeşua - "Allah xilas edir") və bu kifayətdir. Məsihə üz tutmaq, Onu adı ilə çağırmaq, öz günahını  və hər şeyin əvəzini verənin məsumluğunu etiraf etmək — bu, birbaşa cənnətə aparan yoldur.

22 noyabr 2025, 22:22