Liturgiya oxunuşları: 2 DEKABR. Adventin I həftəsinin çərşənbə axşamı
BİRİNCİ OXUNUŞ Yeşaya 11,1-10
Yesseyin kötüyündən yeni bir fidan çıxacaq, kökündən çıxan bir budaq bar verəcək. Rəbbin Ruhu, hikmət və anlayış ruhu, öyüd-nəsihət və qüdrət ruhu, bilik və Rəbb qorxusu ruhu Onun üzərində olacaq. O, Rəbb qorxusunda sevinc tapacaq. Gözlərinin gördüyü ilə hökm etməyəcək, qulağı ilə eşitdiyinə görə qərar çıxarmayacaq. Lakin o, yoxsullara haqq ilə hökm edəcək, yer üzündəki fəqirlərin işinə ədalətlə qərar çıxaracaq. Dünyanı ağzının dəyənəyi ilə vuracaq. Pis adamları ağzının nəfəsi ilə öldürəcək. O, belini salehliklə qurşayacaq, sədaqəti kəmər kimi taxacaq. O gün qurdla quzu bir yerdə yaşayacaq, bəbirlə çəpiş birgə yatacaq, dana, gənc aslan və bəslənmiş mal-qara yan-yana duracaq, onları balaca uşaq gəzdirəcək. İnəklə ayı bir yerdə otlayacaq, onların balaları bir yerdə yatacaq, şir də buğa tək saman yeyəcək. Südəmər körpə əfi ilanın yuvası üstündə oynayacaq, süddən kəsilmiş uşaq əlini gürzənin yuvasına salacaq. Müqəddəs dağımın heç bir yerində heç kimə zərər dəyməyəcək, heç bir kəs o birisini məhv etməyəcək. Çünki sular dənizi bürüdüyü kimi dünya Rəbbin biliyi ilə dolacaq. O gün Yesseyin kökü xalqlara bayraq olacaq, millətlər ona tərəf yönələcək Məskunlaşdığı yer izzətlə dolacaq.
Təfsir
Yeşayanın peyğəmbərliyi Yesseyin nəslindən (Davudun nəslindən) gələcək və hər şeyi həqiqətə görə mühakimə edəcək Məsihin gəlişi ilə bağlıdır. Lakin Yeşaya əsasən Məsihin işinin əbədi nəticələrindən danışır. Gələcək Olan, yəni Məsih hər şeyi mühakimə edəcək. Hər bir hərəkətimizin yaxşılıq və ya pislik naminə edilməsindən asılı olaraq əhəmiyyəti olacaq. Bizi mühakimə edənlər əslində bizə xidmət göstərir, özümüzü əsl yaxşılığa doğru yönəltməyə və pisliyi rədd etməyə kömək edirlər. Bu, Məsihin xilas işinin nəticəsidir: Allahın Padşahlığında düşmənçilikolmayacaq, hər şey sülhə bürünəcək. Beləliklə, gəlin Allahın hökm kürsüsünə qorxu və lərzə ilə, eyni zamanda böyük ümidlə yaxınlaşaq. Beytlehemdə doğulan Körpə kainatın Hakimi olacaq və hamı Onun Məhkəməsindən keçəcək. O, Atanın qarşısında bizə bəraət vermək üçün öləcək və yenidən diriləcək.
İNCİL Luka 10,21-24
İsa o vaxt Müqəddəs Ruhda şadlanıb dedi: «Ey yerin-göyün Sahibi olan Ata! Səndən razıyam ki, bu şeyləri müdrik və dərrakəli adamlardan gizlədib körpələrə agah etdin. Bəli, Ata! Çünki bu Sənin xoş niyyətin idi. Atam tərəfindən hər şey Mənim ixtiyarıma verildi. Oğulun kim olduğunu Atadan başqa heç kəs bilməz. Atanın kim olduğunu da Oğuldan və Oğulun agah etmək istədiyi şəxsdən başqa heç kəs bilməz». Sonra İsa şagirdlərə sarı dönüb onlara ayrıca dedi: «Nə bəxtiyardır o gözlər ki, sizin gördüklərinizi görür! Sizə bunu deyirəm: bir çox peyğəmbərlər və padşahlar sizin gördüklərinizi görmək istədilər, amma görmədilər, eşitdiklərinizi eşitmək istədilər, amma eşitmədilər».
Təfsir
İncilin Bəxtiyarlıq əmrləri yalnız Dağüstü Vəzdə elan edilənlərlə məhdudlaşmır; onlara Müqəddəs Yazılarda olan bir çox başqa çağırışlar da daxildir. Bu gün onlardan birini oxuyuruq: Məsihi görüb Onun sözünü eşidənlər nə bəxtiyardır. Allah təcəssüm etdi, bir üzə və bir səsə sahib oldu. Artıq O, Öz iradəsini yalnız yazılı qanunlar vasitəsilə ifadə etmir, həm də sənin üzünə baxır, səninlə danışır, sənə Ona bir insan kimi toxunmağa, hiss etməyə və sevməyə imkan verir. Allahın Kəlamının insanlığı xristian Vəhyinin heyrətamiz xəbəridir. Bəs bu xoşbəxtlik yalnız Məsihi Qalileya küçələrində görən müasirləri üçün nəzərdə tutulubmu? Xeyr, o, həm də bizim üçündür, çünki biz Məsihi iman vasitəsilə tanıyırıq və Onunla ünsiyyətin canlı təcrübəsini qazanırıq. Onu daxili gözlərimizlə qəlbimizdə görə bilərik; əgər sussaq, vicdanımız vasitəsilə Onun səsini eşidə bilərik. Çünki "Kəlam bəşər olub, aramızda məskən saldı" (Yəhya 1:14). İsa bizi tərk etmədi: O, dövrün sonuna qədər bizimlə qalacağını dedi. Bunu bilmək bizi xoşbəxt edir, çünki Onu hədsiz dərəcədə sevirik və əbədi olaraq Onun mübarək hüzurunda yaşamaq istəyirik.