2020.05.01 Vangelo del giorno eucarestia pane vino

Liturgiya oxunuşları: 3 DEKABR. Adventin I həftəsinin çərşənbəsi

«Məsih Allahın insan aclığına cavabıdır. O, əbədi həyat çörəyidir, O, bizi Özü ilə bəsləyir və Özünə çevirir. O, doyuran, amma yox olmayan, yeyilən, amma heç vaxt tükənməyən çörəkdir» (Papa XIV Leo, Vəz 22.06.2025).

BİRİNCİ OXUNUŞ Yeşaya 25,6-10a

Bu dağda Ordular Rəbbi bütün xalqlar üçün zəngin yeməklərdən, gözəl şərablardan ibarət ziyafət düzəldəcək, orada ən ləziz yeməklər, ən dadlı şərablar olacaq. Bu dağda bütün xalqların üzərindəki duvağı, bütün millətlərin üstündə olan toxunma örtüyü götürəcək. Ölümü əbədi olaraq yox edəcək, Xudavənd Rəbb bütün adamların üzündən göz yaşlarını siləcək, bütün yer üzündən xalqının rüsvayçılığını götürəcək. Çünki Rəbb belə söylədi. O gün deyəcəklər: «Budur bizim Allahımız! Ona etibar etdik, O bizi qurtardı, Rəbb Odur, biz Ona ümid etdik. İndi isə O bizi qurtardığına görə sevinib şadlanaq!». Rəbbin əli bu dağın üstündə olacaq.

Təfsir

Yeşaya peyğəmbərin bu gün təqdim etdiyi obraz böyük əhəmiyyət daşıyır: bütün millətlərin üzərində olan duvağ və yer üzünü bürümüş bir örtük. Duvağ, aydın görməyə mane olur, ağır örtük isə nəfəs almağı çətinləşdirir. Bu örtüklər, Allahın yer üzünə enərək, Çarmıxda Özünü Qurban verdiyi gün götürüləcək. İncildə deyilir ki, məhz həmin anda məbəddəki pərdə iki yerə bölündü və bir çox ölü dirildi və Yerusəlimdə gəzərkən göründü (Matta 27, 51-53). Məsihin ölümü və dirilməsi vasitəsilə Allah Sirri görünən edir və bu andan etibarən hamı Onunla dərin ünsiyyətə daxil ola bilər. Biz sevinirik və şadlanırıq (peyğəmbər böyük bir ziyafət obrazına müraciət edir), çünki Yeşayanın dediyi kimi, "ölüm əbədi olaraq yox ediləcək". Həyatımızı gözəlləşdirən böyük xəbər bu deyilmi? Məsihin üzü artıq gizli deyil; Yevxaristiyada O, Özünü tamamilə sevimli şagirdlərinə verir.

İNCİL Мatta 15,29-37

İsa oradan çıxıb Qalileya gölünün sahilindən keçdi və dağın başına çıxıb orada oturdu. Onun yanına böyük bir izdiham gəldi və özləri ilə birlikdə topallar, korlar, şikəstlər, lallar və daha başqa bir çoxunu gətirdilər. Onları İsanın ayaqları yanına qoydular və İsa onlara şəfa verdi. Xalq görəndə ki lallar danışır, şikəstlər sağalır, topallar yeriyir və korlar görür, heyrətləndi və İsrailin Allahını izzətləndirdi. İsa şagirdlərini yanına çağırıb dedi: «Bu camaata yazığım gəlir, çünki üç gündür ki, yanımdadırlar və yeməyə heç nələri yoxdur. Onları evlərinə ac yola salmaq istəmirəm ki, yolda taqətdən düşməsinlər». Şagirdlər Ona dedilər: «Bu çöllükdə bu qədər camaatı doydurmaq üçün çörəyi haradan tapaq?» İsa onlardan soruşdu: «Neçə çörəyiniz var?» Onlar dedilər: «Yeddi və bir az da kiçik balığımız var». Onda İsa camaata əmr etdi ki, yerə otursunlar. Yeddi çörəklə balıqları götürdü və şükür edərək bölüb şagirdlərə, şagirdlər də camaata verdi. Hamı yeyib-doydu. Artıq qalan hissələri yığdılar, yeddi səbət doldu.

Təfsir 

Möcüzələr, Allahın dünyaya Öz ilahi təbiətini aşkar etmək üçün verdiyi üçü əlamətlərdir. Tək bir iradəsi ilə lallara danışmaq, korlara isə görmə qabiliyyətini qaytaran şəxs adi bir insan ola bilməz. Lakin möcüzə öz-özlüyündə bir məqsəd deyil, çünki Rəbb yer üzünə daha vacib bir iş üçün gəlmişdir: iman edənlərin Onun ilahi təbiətinə şərik olması üçün Özünü vermək üçün. Buna görə də bədənlərə şəfa verdikdən sonra O, dərhal qida üçün lazım olan çörəyi verir.  Əvvəlcə insan sağalır, sonra qida ilə həyatını təmin edir. Lakin bu, yalnız bir əlamət və simvoldur: əsl və əbədi həqiqət budur ki, insan əvvəlcə şərdən (günahdan) azad olur və sonra Məsihin Bədəni ilə dünyəvi deyil, əbədi həyat üçün qidalanır. Möcüzələr bu gün də Kilsədə baş verir, lakin onlar bədənlərin sağalması ilə məhdudlaşmamalıdır. Möcüzələr həmişə Məsihin Yevxaristiya hədiyyəsində və şər qüvvələrinə qarşı mübarizədə gerçəkləşən xilası elan edir ki, şagirdlər həmişə lütf içində qala bilsinlər. Möcüzələr dəhlizdir, Məsih qapıdır və Cənnət  isə Allahın hər birimiz üçün hazırladığı əsl həyat və məkandır.

02 dekabr 2025, 11:06