Liturgiya oxunuşları: 16 FEVRAL. Adi Dövrün VI həftəsinin bazar ertəsi
BİRİNCİ OXUNUŞ Yaq 1,1-11
Allahın və Rəbb İsa Məsihin qulu mən Yaqubdan millətlər arasına səpələnmiş on iki qəbiləyə salam! Ey qardaşlarım, müxtəlif sınaqlarla üzləşəndə bunu böyük bir sevinc hesab edin. Çünki bilirsiniz ki, imanınızın sınaqdan keçməsi dözüm yaradır. Dözüm də öz əməlini kamil etsin ki, siz yetkin və kamil adamlar olasınız, heç bir çatışmazlığınız olmasın. Əgər sizlərdən birinin müdrikliyi çatışmırsa, hər kəsə səxavətlə və məzəmmət etmədən verən Allahdan diləsin və ona veriləcək. Amma qoy heç şübhə etmədən, imanla diləsin. Çünki şübhə edən adam küləyin qaldırdığı və hərəkətə gətirdiyi dəniz dalğasına bənzəyir. Qoy belə adam düşünməsin ki, Rəbdən bir şey alacaq. O qərarsızdır, heç bir yolunda sabit deyil. Qoy həqir qardaş öz ucalığı ilə fəxr etsin, varlı qardaşsa öz həqirliyi ilə fəxr etsin, çünki varlı insan otun çiçəyi kimi solub gedəcək. Günəş çıxır, bərk isti olur və otu qurudur. Otun çiçəyi tökülür və onun zahiri gözəlliyi itir. Varlı adam da beləcə, işləyə-işləyə solacaq.
Təfsir
Yaqub — Yerusəlim Kilsəsinin ilk yepiskopu və Rəbb İsa Məsihin qohumu idi. Həvari olaraq o, Məsihin açıq fəaliyyət dövründə Onunla ünsiyyətdən dərin mənəvi təcrübə qazanmışdı; üstəlik, uşaqlıqdan bir-birlərini tanıyırdılar. Yaqub bütün xristianlara istisnasız olaraq ünvanlanmış “ümumi” məktub yazmışdır. Onun əsas çağırışı sınaqlar və təqiblər qarşısında möhkəm dayanmaqdır. Bu məsələdə Yaqub həqiqi bir bilici idi: Yerusəlimdə yeni yaranmış icma daim düşmənçiliklə üzləşirdi. Lakin məhz bu həqiqəti daha aydın göstərir ki, Allahın qüdrəti ən parlaq şəkildə onu boğmağa çalışan xarici qüvvələrin təzyiqi altında üzə çıxır. Yaqubun təliminə görə həqiqi xristian necə olmalıdır? O, “kalkulyatordan” istifadə etməyən insandır: quru hesablarla yaşamır və həqiqətə şahidlik etməli olduğu yerdə mənfəət axtarmır. O, güzəştsizdir: vicdanı və dünya ilə alver etmir. O, alovlu ürəyə malikdir: Müqəddəs Ruhla dolu olaraq Allaha və yaxınlarına məhəbbətlə yanır. O, azaddır: onu səbir, cəsarət və daxili azadlıq səciyyələndirir. Xristianı heç nə və heç kim dayandıra bilməz, çünki həvari Paulun dediyi kimi: «Əgər Allah bizimlədirsə, kim bizə qarşı dura bilər? » (Romalılara 8,31).
İNCİL Mark 8,11-13
Fariseylər İsanın yanına gəlib Onunla mübahisə etməyə başladılar. Onu sınamaq üçün istədilər ki, göydən gələn bir əlamət göstərsin. O, ürəyində dərin bir ah çəkib dedi: «Niyə bu nəsil əlamət axtarır? Sizə doğrusunu deyirəm: bu nəslə heç bir əlamət verilməyəcək». Sonra onları tərk edib yenə qayığa mindi və o biri sahilə tərəf üzdü.
Təfsir
Allahdan əlamət istəmək düzgündürmü? Bugünkü İncili dinləyərkən elə görünə bilər ki, yox. Lakin müqəddəslərin həyatından bilirik ki, taleyüklü anlarda onlar Rəbbdən bir işarə diləmişlər ki, atacaqları addımın doğru olub-olmadığını anlasınlar. Üstəlik, Müqəddəs Kitabda məşhur bir hadisə var: peyğəmbər Yeşaya padşah Axaza əlamət istəməyi təklif edir, lakin o imtina edir. Bu isə nəticədə Bakirənin Oğul doğacağına dair böyük peyğəmbərliyə gətirib çıxarır. Hər şey əlamətin necə və hansı ürəklə istənilməsindən asılıdır. İncil deyir ki, fariseylər İsanı “sınağa çəkmək” üçün Ondan əlamət tələb edirdilər, yəni Onu tələyə salmaq və ittiham üçün bəhanə tapmaq niyyəti ilə. Lakin, əgər insan çətinlik anında, səmimi və təvazökar ürəklə, Allahın iradəsini anlamağa çalışaraq xüsusi bir söz və ya təsdiq diləyirsə, bunda günah yoxdur. Bununla belə, unutmamalıyıq ki, Rəbb artıq bizə daim mövcud olan əlamətlər bəxş etmişdir və onlar etibarlı istiqamət göstəricisidir: Kilsə, Müqəddəs Sirlər və Yevxaristiya. Biz, ilk növbədə məhz onlara üz tutmalıyıq.