FRANCE-AGRICULTURE-FARM

Liturgiya oxunuşları: 17 FEVRAL. Adi Dövrün VI həftəsinin çərşənbə axşamı

“Daşlaşmış ürək lütfü və təmənnasızlığı unudur, münaqişələrə və eqoizmə aparır, çünki onda mərhəmət yoxdur. Lakin İsa Atanın mərhəmətidir, hər cür daşürəkliliyə bir çağırışdır. Rəbb ideologiya ilə dolu ürəyə daxil ola bilməz. O, yalnız Öz ürəyi kimi açıq və mərhəmətli qəlblərə daxil olur. Elə isə Rəbdən xahiş edək ki, bizə səmimi bir ürək bəxş etsin; elə bir ürək ki, O orada məskən sala bilsin” (Papa Fransisk).

BİRİNCİ OXUNUŞ Yaq 1,12-18

Sınağa dözən adam nə bəxtiyardır! Çünki sınaqdan keçəndən sonra Rəbbin Onu sevənlərə vəd etdiyi həyat tacını alacaq. Sınağa düşəndə qoy heç kim «Allah məni sınağa çəkir» deməsin. Çünki Allah pisliklə sınağa çəkilmir və Özü də heç kimi sınağa çəkmir. Lakin hər kəs öz ehtirası ilə aparılıb yoldan çıxarılaraq sınağa çəkilir. Sonra ehtiras boylu qalıb günah doğurur. Günah da yetişəndə ölüm törədir. Ey sevimli qardaşlarım, aldanmayın: hər yaxşı bəxşiş və hər kamil hədiyyə yuxarıdan, Özündə heç bir dəyişiklik ya dönüklük kölgəsi olmayan nurlar Atasından† gəlir. O Öz iradəsinə görə həqiqət kəlamı ilə doğulmağımıza səbəb oldu ki, biz Onun yaratdıqlarının bir növ nübarı olaq.

Təfsir

Bugünkü birinci oxunuşa gözəl şərhi bizə böyük səhra zahidi, müqəddəs Antoniy verir: «Sınağı aradan götür — və heç kim xilas olmaz». Bu o deməkdir ki, Cənnətə təsadüfən düşmək olmaz; ora şüurlu şəkildə can atmaq lazımdır və bu canatma sınaq anında etdiyimiz seçimlə təsdiqlənir. İsa Müqəddəs Yazıda açıq şəkildə bildirir: iki ağaya qulluq etmək olmaz – ya birinə, ya da digərinə qulluq edəcəksən (Matta 6,24). Həmçinin deyir: «Mənimlə olmayan Mənə qarşıdır» (Matta 12,30). Allahı seçmək – şeytandan imtina etmək deməkdir; dünyanı seçmək – Allahdan imtina etmək deməkdir. Xristianlıq ortabablığa dözmür: o, bütövlükdə nurdan, cəsarətdən, azadlıqdan və məhəbbətdən ibarətdir. Sınaq həmişə yanımızdadır və ən müxtəlif formalarda özünü göstərir. Bizə hikmətli, sədaqətli və etibarlı ruhani ata lazımdır ki, hansı qərarların bizi Allahın tərəfinə qoyduğunu ayırd etməkdə bizə kömək etsin. Gəlin keşişlərimizdən yardım istəyək ki, onlar ruhani ayırd etmədə bizim üçün həqiqi atalar olsunlar. Müqəddəs Ruha dua edək ki, O bizə müqəddəs ruhani bələdçilər bəxş etsin.

İNCİL Mark 8,14-21

Şagirdləri çörək götürməyi yaddan çıxarmışdılar. Qayıqda onların yalnız bir dənə çörəyi var idi. İsa onlara xəbərdarlıq edərək dedi: «Ehtiyatlı olun, fariseylərin mayasından və Hirodun mayasından özünüzü gözləyin». Şagirdlər isə öz aralarında danışıb deyirdilər: «Bunu çörəyimiz olmadığı üçün deyir». İsa bunu bilərək onlara dedi: «Nə üçün çörəyinizin yoxluğundan danışırsınız? Hələ dərk etmirsinizmi, başa düşmürsünüzmü? Niyə ürəyiniz inadkardır? Gözləriniz ola-ola görmürsünüzmü? Qulaqlarınız ola-ola eşitmirsinizmi? Məgər yadınızdan çıxıb? Mən beş çörəyi beş min nəfərin arasında bölüb paylayanda yemək tikələrindən neçə zənbil doldurdunuz?» Onlar dedilər: «On iki». «Yeddi çörəyi dörd min nəfərin arasında bölüb paylayanda çörək tikələrindən neçə səbət doldurdunuz?» Onlar dedilər: «Yeddi». İsa onlara dedi: «Hələ başa düşməmisinizmi?»

Təfsir 

Şagirdlər nahar üçün çörəklərinin çatmadığı barədə mübahisə edirlər və elə həmin anda İsa maya haqqında danışmağa başlayır. Bu iki maddə arasında əlaqə var, lakin çörək bir şeydir, maya isə tamam başqa bir şey. Az miqdarda maya bütün xəmirdə mayalanma yaradır; eləcə də «fərisey ruhu»nun cəmi bir çimdik hissəsi bütün ruhu məhv etməyə kifayətdir. Rəbb istəmir ki, içimizdə riyakarlığın və yalanın ən kiçik izi belə qalsın (məhz bu, «fəriseylərin və Hirodun mayasıdır»). Bu ona görə vacibdir ki, Məsihin təbliğ etdiyi yeni təlim korlanmasın. İçimizdə hər şey saf olmalıdır və bu, hər birimizə aiddir. Əgər biz könüllü şəkildə özümüzdə bəslədiyimiz eqoizmin izlərini saxlayırıqsa, əhəmiyyətsiz saydığımız məsələlərdə belə ikiüzlü həyat yaşayırıqsa və ya şüurlu şəkildə yalanın ruhumuzda kök salmasına imkan veririksə, onda çox asanlıqla süquta uğraya bilərik. Naharla bağlı isə — göyün quşlarını yedirdən və beş çörəklə beş min nəfəri doyuran O, Öz İlahi Qayğısı ilə On iki balıqçını — Öz dostlarını və həvarilərini də doyurmağın yolunu tapacaq. Çörək barədə düşünməyin, maya barədə narahat olun.

16 fevral 2026, 16:09