Liturgiya oxunuşları: 20 FEVRAL. Kül Çərşənbəsindən sonrakı cümə
BİRİNCİ OXUNUŞ Yeşaya 58,1-9а
«Avazla çığırın, çəkinməyin, səsinizi şeypur səsi kimi ucaldın, xalqıma üsyankarlığını, Yaqub nəslinə günahlarını bildirin! Onlar hər gün Məni axtarır, Mənim yolumu öyrənməkdən zövq alır. Sanki bu əməlisaleh, Allahının hökmündən ayrılmayan millət imiş. Onlar Məndən düzgün hökmlər diləyirdi, Allaha yaxınlaşmaqdan zövq alırdı. Onlar belə deyir: “Oruc tutduğumuzu nə üçün görmürsən, özümüzü aşağı tutanda, Sən niyə fikir vermirsən?” Baxın, oruc tutduğunuz gün siz istədiyinizi edirsiniz, bütün işçilərinizi sıxışdırırsınız. Baxın, orucunuzu savaşma ilə, dava ilə, yumruqla, döyməklə keçirirsiniz. Səsinizi ucalara çatdırmaq üçün bugünkü kimi sizə oruc tutmaq olmaz. İstədiyim oruc, insanın özünü aşağı tutduğu gün belə olmalı idimi? Bu, qamış kimi başınızı əyib, əyninizə çul geyib, kül üstündə oturmağınızdırmı? Bunamı oruc və Rəbbə məqbul olan gün deyirsiniz? Mənim istədiyim orucsa haqsızlığın buxovlarını qırmaq, boyunduruğun iplərini açmaq, sıxıntı içində olanları azad etmək, hər cür boyunduruğu məhv etmək deyilmi? Yediyiniz çörəyi acla bölüşdürmək, yurdsuz kasıbları evinizə gətirmək deyilmi? Mənim istədiyim oruc bu deyilmi? Çılpaq görəndə geyindirmək, yaxınlarınızdan köməyinizi əsirgəməmək deyilmi? Onda nurunuz şəfəq kimi saçacaq, tezliklə şəfa tapacaqsınız, qarşınızda salehliyiniz gedəcək, Rəbbin izzəti sizə arxa olacaq. O vaxt Rəbbi köməyə çağıracaqsınız, Rəbb cavab verəcək.
Təfsir
“Fariseylik ruhu” adlandırdığımız hal qədim bir ruh halıdır; o, İsanın gəlişindən xeyli əvvəl mövcud idi. Məsihdən altı əsr əvvəl yazılmış Yeşaya peyğəmbərin kitabından bu parçaya görə, Allah israilliləri ayinəri Ona və yaxınlarına məhəbbət olmadan, yalnız zahiri şəkildə yerinə yetirdiklərinə görə məzəmmət edir. İncildə görürük ki, Rəbb İsanın qətiyyən “dözmədiyi” yeganə şey riyakarlıqdır. Riyakarlığın mahiyyəti nədir? Məsələn, başqalarına oğurluq etməməyi öyrətmək, özgələrinin günahlarını qınamaq, amma eyni əməlləri gizlicə törətmək. İsa müxtəlif insanlara fərqli şəkildə yanaşır. Günahkarlara qarşı ona görə mərhəmətlidir ki, onları dəyişməyə təşviq etsin. Zəiflərə qarşı şəfqət göstərir ki, onları möhkəmləndirsin. Günahkar qadını bağışlayır və ona bir daha günah etməməyi tapşırır. Lakin fariseylərlə sərt və qəti danışır. Niyə? Çünki yalan və hiylə ürəkdə məskən salmamalıdır. Onun çağırışı ona görə belə kəskindir, çünki onların özündənrazılıq qalxanını sındırmaq lazımdır. Əgər bizim içimizdə də bu fariseyilikdən bir zərrə varsa, indi ürəyi yenidən Allahın nuru ilə işıqlandırmaq, səmimi və təvazökar olmaq üçün ən münasib zamandır.
İNCİL Matta 9,14-15
O zaman Yəhyanın şagirdləri İsanın yanına gəlib dedilər: «Nə üçün biz və fariseylər çox oruc tuturuq, amma Sənin şagirdlərin oruc tutmur?» İsa onlara cavab verdi: «Bəy yanlarında olanda sağdışı və soldışı yas tuta bilərmi? Lakin bəyin onların arasından aparılacağı günlər gələcək və o zaman oruc tutacaqlar.
Təfsir
Oruc ruhani həyatda qəlbi duaya hazırlayır, bizi “tövbə ayıqlığında” saxlayır və möcüzəvi şəkildə Allahın Ruhu ilə birləşdirir. İsanın Özü də ictimai xidmətinə başlamazdan əvvəl oruc tutmuşdu. Məhz buna görə Vəftizçi Yəhyanın şagirdləri Məsihin davamçılarının o qədər də səylə oruc tutmadığını görüb təəccüblənirlər. Rəbb onlara cavab verərkən sanki belə deyir: “Nə üçün hələ də oruc tutursunuz? Oruc bir hazırlıq idi, lakin indi Bəy gəlib, onu kənara qoya bilərsiniz”. Burada Məsih orucun ruhani mənasından danışır. Onun “Bəy onların əlindən alınanda” ifadəsi iki məna daşıyır: maddi məna – İsanın Çarmıx üzərində ölümü; və ruhani məna – günahımız səbəbilə, şüurlu təqsirə düşdüyümüz zamanlarda Rəbbin qəlbimizdən uzaqlaşması. Belə hallarda oruc zəruri olur. O, tövbəmizi ifadə etmək, Allahın lütfünü cəlb etmək və sarsılmış qəlbi yenidən Məsihi öz İlahi Bəyi kimi qəbul etməyə hazırlamaq üçün lazımdır.