Müqəddəs həvari və müjdəçi Matta Müqəddəs həvari və müjdəçi Matta  (kiev-foto.info)

Liturgiya oxunuşları: 21 FEVRAL. Kül Çərşənbəsindən sonrakı şənbə

“İsa açıq-aşkar günahkar sayılan birini Özünə yaxınların sırasına qəbul edir. İncilin xoş xəbəri də məhz bundadır: günahkara Allahın lütfünün təklif olunmasında. Matta obrazında biz bir paradoks görürük: müqəddəslikdən ən uzaq görünən insan mərhəməti qəbul etməyin nümunəsinə çevrilə bilər. O, Məsihin çağırışına dərhal cavab verir: “durub Onun ardınca getdi.” Bu “durmaqda” günahdan imtina və Rəbb ilə birlikdə yeni həyata şüurlu şəkildə qədəm qoymaq var” (Papa XVI Benedikt).

BİRİNCİ OXUNUŞ Yeşaya 58,9b-14

O vaxt Rəbbi köməyə çağıracaqsınız, Rəbb cavab verəcək. Fəryad edəcəksiniz, O sizə “buradayam” deyəcək. Əgər siz boyunduruğu, yəni başqalarına zülm etməyinizi aranızdan rədd etsəniz, barmaq uzadıb şər sözlər söyləməyə yol verməsəniz, can-dildən acların qayğısına qalsanız, fəqirlərin ehtiyaclarını ödəsəniz, nurunuz qaranlıqda parlayacaq, qaranlığınız günorta işığı kimi nur saçacaq. Rəbb həmişə sizə yol göstərəcək, quru torpaqlarda sizi doyuzduracaq, güc verəcək. Siz də sulanmış bağça kimi, suları heç vaxt əskilməyən bulaq kimi olacaqsınız. Sizdən törənənlər qədim dağıntıları tikəcək, nəsillərdən qalma təməllərin üstünü siz bərpa edəcəksiniz. Sizə xarabalıqları bərpa edənlər, camaatın yaşaması üçün küçələri yenidən quranlar deyiləcək. Şənbə günündə büdrəməsəniz, müqəddəs günümdə istədiyinizi etməsəniz, Şənbə gününü “şən gün”, Rəbbin müqəddəs gününü “şərəfli gün” adlandırsanız, öz yolunuzla getməməklə, istədiyinizi əldə etməməklə, boşboğazlıqla məşğul olmamaqla o günü əziz tutsanız, Rəblə ünsiyyətdən zövq alacaqsınız. O zaman Mən sizi yer üzünün yüksək yerlərinə çıxaracağam, atanız Yaqubun payından dadacaqsınız. Bu sözlər Rəbbin ağzından çıxıb.

Təfsir

Bu mətnində peyğəmbər Yeşayanın iki növ xeyir-duası yer alır. Əxlaqi xeyir-dua bizim əməllərimizlə bağlıdır – böhtan atmamaq, qəm çəkənləri təsəlli etmək, aclara kömək etmək. Ruhani xeyir-dua isə Allahla münasibətlərimizə aiddir, yəni “Rəbbin günü”nə (israillilər üçün Şənbə gününə) sədaqətlə riayət etməyə. Bizim davranış tərzimizlə onun nəticələri arasında birbaşa və fasiləsiz əlaqə mövcuddur. Yaxşı əməllər həmişə mükafatlandırılır. Gəlin Allaha etibar edək və Onun həlim, ata qayğısı ilə dolu səsinin bizi yönəltməsinə imkan verək. “Barmaq uzadıb şər sözlər söyləmək” (Yeş 58,9) barədə isə səhra atalarından biri – abba Zenonun sözlərini xatırlamaq yerinə düşər. O, şagirdlərinə deyirdi: “Başqasının arxasınca pis danışmaq ruhun ölümüdür”. Biz çox vaxt qonşumuz haqqında (istər bilərəkdən, istər bilməyərəkdən) dilimizdən çıxan sözlərə, onun nöqsan və səhvlərini üzə vurduğumuz ifadələrə ciddi əhəmiyyət vermirik. Lakin bu sözlərin nəticəsi ruhumuzun ölümü olursa, deməli, danışığımıza daha diqqətli və ehtiyatlı yanaşmalıyıq. Qoy bu Böyük Oruc kiməsə qarşı hər hansı pis sözü lüğətimizdən birdəfəlik çıxarmaq üçün bir fürsətə çevrilsin.

İNCİL Luka 5,27-32

Bundan sonra İsa bayıra çıxdı və vergi yığılan yerdə oturan Levi adlı vergiyığanı görüb ona dedi: «Ardımca gəl». O da durub hər şeyi atdı və İsanın ardınca getdi. Sonra Levi evində İsaya böyük bir qonaqlıq verdi. Onlarla birgə bir çox vergiyığan və başqa adamlar süfrəyə oturmuşdu. Fariseylərlə onların ilahiyyatçıları şikayət etməyə başladı. Onlar İsanın şagirdlərinə dedi: «Niyə vergiyığanlar və günahkarlarla birgə yeyib-içirsiniz?» Amma İsa onlara belə cavab verdi: «Sağlamların deyil, xəstələrin həkimə ehtiyacı var. Mən salehləri deyil, günahkarları tövbəyə çağırmaq üçün gəlmişəm».

Təfsir 

İsa sadəcə “qaydaları pozmur”, O, iman müəllimlərinin bacarmadığı işi yerinə yetirir. Fəriseylər öz sıralarının “təmizliyini” qoruduqları halda, Məsih canları xilas edirdi. İsa, günahkarları tövbəyə çağırmaq missiyası haqqında danışarkən fəriseylərə göstərir ki, O, məhz onların etmədiyini edir. Fəriseylər və din alimləri xalqın müəllimləri idilər. Halbuki hər bir yaxşı müəllim arzulayır ki, şagirdləri öyrəndiklərini həyatlarında gerçəkləşdirsinlər. Lakin fəriseylər nəinki insanlara təsirli şəkildə yol göstərə bilmirdilər, hətta insanların həqiqi dönüşünə nail olan İsaya dərin paxıllıq edirdilər. Paxıllıq insanı içindən yeyən, onu kor edən bir hissdir. Biz isə bizdən daha yaxşı çalışanlardan nümunə götürməli, Müjdənin sadiq xidmətçilərinə bənzəməyə çalışmalı, onları tənqid etməməliyik. Gəlin insanların Allaha yönəlməsinə sevinək, diqqətimizi böyük xilas məqsədinə yönəldək və öz fikrimizcə “uyğun olmayan” vasitələrə irad tutmaqla məşğul olmayaq. Bugünkü Müjdənin paradoksu ondadır ki, əslində “xəstə” olanlar məhz fəriseylərin özləridir və Rəbb onlar üçün də gəlmişdir! Təəssüf ki, onlar özlərini sağlam hesab edir, Həkimin köməyini axtarmırlar; əksinə, günahkarların Onun vasitəsilə Allaha dönüb həyatlarını dəyişməsinə görə İsanı qınayırlar. Levi isə və onun vergi yığan dostları sevinirlər: onlar Allahın lütfündə yenidən azadlıq tapmış, həyatlarından şərin təsirini uzaqlaşdırmışlar. Gəlin biz də Onun dəyişdirdiyi zəiflər və Özünə cəlb etdiyi kənara atılmışlar olan bu “müqəddəs günahkarların” süfrəsində yer alaq

20 fevral 2026, 20:15