2019.03.09 Tentazione di Gesù, il diavolo tenta Cristo nel deserto

Liturgiya oxunuşları: 22 FEVRAL. Böyük Orucun I Rəbb günü

“Səhrada İsa, Məsih olmağın saxta obrazlarını rədd etdi. Şeytan hiyləgərdir: o, hakimiyyəti və maddi ehtiyacları ön plana çıxararaq saxta “xeyir” təklif edir. Beləliklə, Allah ikinci plana keçir, demək olar ki, qeyri-real görünür. Sınaq anında biz daim yol ayrıcında qalırıq: “mən”mi, yoxsa Allah? Mənim marağım, yoxsa həqiqi Xeyir? Məsih bizim sınaqlarımızı Öz üzərinə götürdü ki, bizə Öz qələbəsini bəxş etsin. Qaliblə birlikdə mübarizə aparırsınızsa, qorxmayın” (XVI Benedikt).

BİRİNCİ OXUNUŞ Yar 2,7-9;3,1-7

Rəbb Allah yerin torpağından insanı düzəltdi və onun burnuna həyat nəfəsi üfürdü. Beləcə insan canlı varlıq oldu. Sonra Rəbb Allah şərqdə yerləşən Edendə bir bağ saldı və düzəltdiyi insanı orada yerləşdirdi. Rəbb Allah torpaqda gözəl görünüşlü və yemək üçün şirin meyvəli cürbəcür ağaclar yetirdi. O həmçinin bağın ortasında həyat ağacını və xeyirlə şəri bilmə ağacını bitirdi. Rəbb Allahın yaratdığı bütün çöl heyvanlarının ən hiyləgəri ilan idi. İlan qadına dedi: «Doğrudanmı, Allah sizə “bağda olan heç bir ağacın bəhrələrindən yeməyin” deyib?» Qadın ilana dedi: «Bağdakı ağacların bəhrələrindən yeyə bilərik. Amma bağın ortasındakı ağacın meyvələri barədə Allah deyib: “Ondan yeməyin və ona toxunmayın, yoxsa öləcəksiniz!”» İlan qadına dedi: «Yox, əsla ölməzsiniz. Əksinə, Allah bilir ki, o meyvələrdən yediyiniz gün gözləriniz açılacaq və xeyirlə şəri bilərək Allah kimi olacaqsınız». Qadın gördü ki, ağacın meyvəsi yemək üçün yaxşıdır, gözə xoş görünür və bu ağac insana dərrakə verməyi vəd edir. Buna görə də o həmin meyvədən dərib yedi. Sonra yanında olan ərinə də verdi, o da yedi. O vaxt ikisinin də gözləri açıldı və çılpaq olduqlarını bildilər. Buna görə də əncir yarpaqlarını bir-birinə hörüb özlərinə fitə düzəltdilər.

Təfsir

Əzəli günah haqqında hekayə sınaq anında hər birimizin daxilində baş verənləri heyrətamiz dəqiqliklə təsvir edir. Bu, hər bir büdrəmənin prototipidir və onun üzərində düşünmək şərin tələlərindən yayınmağın ən yaxşı yoludur. Həvvanın ilk səhvi ilanla dialoqa başlaması oldu. Sınaq gələndə dərhal “üzünü başqa tərəfə çevirmək” lazımdır. Sınaq həmişə cazibədar olur; müdriklik isə şeytanla dialoq qurmaq əvəzinə İsa ilə dialoqa başlamaqdadır. Şeytana diqqət lazımdır – ona bunu verməyin. Sadəcə sakit və təvazökar şəkildə deyin: “Ya Rəbb İsa Məsih, mən günahkara rəhm et”. Beləcə sınaq gücünü itirir və tədricən geri çəkilir. Həvva gördü ki, “ağacın meyvəsi yemək üçün yaxşıdır, gözə xoş görünür və arzuolunandır”. Halbuki bu xüsusiyyətlər yalnız Allaha məxsusdur! Yalnız O həqiqətən xeyirxah, gözəl və arzuolunandır. İlanın yalanı ondadır ki, o, hansısa obyekti (əşyani, vəziyyəti, istəyi) bizə Allahın Özündən daha “yaxşı” kimi göstərir. Cavabımız qəti olmalıdır: “Xeyr, mən yalnız Allahı istəyirəm!”.

İKİNCİ OXUNUŞ Rom 5,12-19

Beləliklə, günah bir insan vasitəsilə, ölüm də günah vasitəsilə bu dünyaya gəldi. Beləcə ölüm bütün insanlara yayıldı, çünki hamı günah etdi. Qanundan əvvəl də dünyada günah var idi. Amma qanun olmayanda günah hesaba alınmır. Lakin Adəmdən Musaya qədər ölüm hamıya, hətta Adəmin əmri pozmasına bənzər bir günah etməyənlərə də hökmranlıq etdi. Adəm o gələcək İnsanın əvvəlcədən göstərilən təsviri idi. Amma Allahın ənamı təqsir kimi deyil. Çünki bir adamın təqsiri üzündən çox adam öldüsə də, Allahın lütfü və bir Adamın, yəni İsa Məsihin lütfü ilə verilən ənam bir çoxları üçün daha böyük təsir göstərdi. Allahın ənamı həmin bir adamın günahının nəticəsi kimi deyil: bir günahdan sonra gələn hökm məhkumluq gətirdi, amma çoxlu təqsirdən sonra gələn ənam salehlik gətirdi. Əgər bir adamın təqsiri üzündən ölüm həmin adamın vasitəsilə hökmranlıq etdisə, Allahın bol lütfünü və salehlik ənamını qəbul edənlər bir Adam, yəni İsa Məsih vasitəsilə daha qəti olaraq həyatda hökmranlıq edəcək. Deməli, necə ki bir təqsir üzündən bütün adamlar məhkum olundu, eləcə də bir saleh əmələ görə bütün adamlara yaşamaq üçün salehlik verildi. Necə ki bir adamın itaətsizliyi üzündən bir çoxları günahkar sayıldı, eləcə də bir Adamın itaəti sayəsində bir çoxları saleh sayılacaq.

Təfsir

Həvari Paul Məsihin işinin böyüklüyünü göstərmək üçün Adəmin obrazına müraciət edir və müstəsna bir həqiqəti açıqlayır. İnsan olaraq biz Adəmin günahında pay sahibiyik, çünki ondan insan təbiətini miras almışıq – biz onun nəslindənik. Təəssüf ki, bu təbiətin zədələnmişliyini də miras alırıq: biz Adəmin bədənində doğulur, lakin daxilimizdə onun itaətsizlik ruhu da yaşayır. İsa nə edir? O da insan təbiətini qəbul edir. Allah olaraq, Öz itaəti və Çarmıxı ilə Adəmin günahını sağaldır, Onun Sirrli Bədəninə peyvənd olunanlar üçün Cənnətin qapılarını açır. Bu o deməkdir ki, Vəftiz Sirri və lütf içində həyat vasitəsilə Məsihdə qalaraq, Onun qələbəsinin bəhrələrini -  bu fani dünyadan Dirilmişin izzətli aləminə keçidi -  daxilimizdə daşıyırıq. Hələlik bu, yalnız zəmanətdir (çünki fiziki ölüm bizi hələ gözləyir), lakin biz artıq həqiqətən bu keçiddə iştirak edirik. Biz hiss etməliyik ki, bizdə daim ölümdən həyata keçid baş verir, çünki Məsih hər an bizim üçün bunu həyata keçirir. Bu isə həqiqətən möhtəşəm Müjdədir.

İNCİL Matta 4,1-11

Bundan sonra İsa iblis tərəfindən sınağa çəkilmək üçün Ruh tərəfindən səhraya aparıldı. İsa qırx gün-qırx gecə oruc tutandan sonra acdı. O zaman sınağaçəkən yaxınlaşıb Ona dedi: «Əgər Sən Allahın Oğlusansa, bu daşlara əmr et ki, çörəyə dönsün». İsa ona belə cavab verdi: «“İnsan yalnız çörəklə deyil, Allahın ağzından çıxan hər kəlmə ilə yaşayar” deyə yazılmışdır». Sonra iblis Onu müqəddəs şəhərə gətirdi və məbədin qülləsinə qoyub dedi: «Əgər Sən Allahın Oğlusansa, Özünü aşağı at. Axı “Allah Sənə görə mələklərinə əmr edər ki, Səni əlləri üstündə aparsınlar, ayağın bir daşa dəyməsin” deyə yazılmışdır». İsa ona dedi: «“Allahın Rəbbi sınama” deyə də yazılmışdır». İblis yenə İsanı çox yüksək bir dağa çıxartdı. Ona dünyanın bütün padşahlıqlarını və şan-şöhrətini göstərib dedi: «Əgər Sən yerə qapanıb mənə səcdə etsən, bütün bu şeyləri Sənə verəcəyəm». İsa dedi: «Rədd ol, Şeytan! “Allahın Rəbbə səcdə et və yalnız Ona ibadət et” deyə yazılmışdır». Bundan sonra iblis İsanı tərk etdi və mələklər gəlib Ona xidmət edirdi.

Təfsir 

Rəbb Özü də şər tərəfindən sınağa çəkilmişdir, buna görə də Qiyamət günündə heç kim Ona deyə bilməyəcək: “Bəli, Ya Rəbb, mən şərə təslim oldum, çünki məni sınağa çəkirdilər, amma Sən şeytanın cazibəsinin nə qədər güclü olduğunu bilmirsən!”. Əgər şərin vədləri bizə cazibədar görünürsə, xatırlamalıyıq: İsa Məsih də oxşar cazibəni hiss etmişdir və bu, bizi təəccübləndirməməlidir. Problem sınağa çəkilməyimizdə deyil, cavabımızda və reaksiyamızdadır. İsada biz həm Müəllim, həm də canlı örnək görürük. Onun Özünün bu yoldan keçməsi bizim üçün böyük dayaqdır. Sınağa necə cavab verməli? Əvvəlcə sakitliyi qorumaq: təşvişə düşməmək və tələsməmək. Mənbəni tanımaq: bu impulsun şeytandan gələn sınaq olduğunu aydın şəkildə müəyyənləşdirmək. İmanın gücünü toplamaq: kimə məxsus olduğumuzu xatırlamaq. Hiyləgərə qəti və sakit şəkildə cavab vermək ki, biz Məsihə məxsusuq. Biz şeytanın əlindən nə çörək, nə şöhrət, nə də hakimiyyət almaq istəyirik. Hər şeyi yalnız Səmavi Atanın əlindən qəbul etmək istəyirik – əgər O bizə bunu bəxş etməyi uyğun görərsə. Əgər verməzsə, qoy elə də olsun. Məsələ ondadır ki, bütün nemətlərin yeganə Bəxş edəni kimi Allahı və yalnız Allahı tanıyaq.

21 fevral 2026, 17:07