2019.04.20 Risurrezione

Liturgiya oxunuşları: 5 APREL. MƏSİHİN DİRİLMƏSİ - PASXA

"Pasxa sirri bizim məna axtarışımıza verilən cavabdır. Dirilişin nurunda Çarmıx Yolu İşıq Yoluna çevrilir. Pasxa çarmıxı aradan qaldırmır, lakin tarixin axarını dəyişmiş mübarizədə ona qalib gəlir. Məsihin Dirilişi nəzəriyyə deyil, imanın təməlində dayanan Hadisədir. Pasxaya iman etmək — öz həyatını dəyişmək, dünyanı isə heç vaxt məyus etməyən xristian ümidinin həlim və eyni zamanda cəsarətli gücü ilə yeniləşdirmək deməkdir" (Papa XIV Leo).

Məsih həqiqətən dirildi! Pasxa sevinci bizi Rəbbə qayıtmağa, yenidən Onu tapmağa sövq edir. Bu sevinc bizi zəhmətdən və öhdəliklərdən azad etmir. Şagirdlər kimi biz, həqiqətən dirilmiş həyata çevrilmiş bir həyatın bədəlini ödəməkdən qorxmamalıyıq. Dirilmiş Rəbbə baxaraq, biz yolumuzu davam etdirmək üçün yenidən cəsarət və qüvvə qazanırıq. Məsih nəyə sevinir? Mübarək qardaş Kristian de Şerje öz vəzində belə çağırırdı: “Sevincin ilkinliyini Məsihə qaytaraq: Səmavi Atanı bizə aşkar etmək — Onun sevincidir; Həyatın Hökmdarı və Mənbəyi olmaq — Onun sevincidir; açıq ürəklə həyatımızın “oyununa” daxil olaraq bütün ölümlərimizlə qarşılaşmaq və bizi onlardan azad etmək — Onun sevincidir; hər bir dirilişin zəmanəti və yaradıcısı olmaq — Onun sevincidir”. Qoy bu dövr bizim üçün sevinc ilə dolu olsun. Dirilmişin şanlı varlığının bizi öz ardınca aparmasına icazə verək. O, ölümü məğlub etmişdir və bu gün də dünyamızdakı hər cür ölümü məğlub etməyə davam edir, bizi Öz nuru və ümidilə doldurur.

BİRİNCİ OXUNUŞ Həv 10, 34a.37-43

Peter sözə başlayıb dedi: “Bilirsiniz ki, Yəhyanın vəftiz üçün çağırışından sonra Qalileyadan başlayaraq bütün Yəhudeyada nələr baş verdi. Allah Nazaretli İsanı Müqəddəs Ruhla və qüdrətlə məsh etdi. İsa xeyirxahlıq edərək hər yanı gəzib iblisin təzyiqinə məruz qalanların hamısını sağaltdı. Çünki Allah Ona yar idi. Yəhudilərin ölkəsində və Yerusəlimdə İsanın nələr etdiyinin şahidi olduq. Onu çarmıxa çəkib öldürdülər. Amma Allah Onu üçüncü gün diriltdi və bütün xalqa deyil, əvvəlcədən seçdiyi Öz şahidlərinə – ölülər arasından dirilməsindən sonra Onunla birlikdə yeyib-içən bizlərə aydın göstərdi. Bizə isə əmr verdi ki, “Allahın təyin etdiyi ölülərlə dirilərin Hakimi Budur” deyə bunu xalqa şəhadət etməklə vəz edək. Onun barəsində bütün peyğəmbərlər şəhadət edir ki, Ona iman edən hər kəsin günahı Onun adı ilə bağışlanır”.

Təfsir

İman Simvolunda Kilsə «həvari» kimi müəyyən edilir («Bir, müqəddəs, ümumdünya və həvari Kilsəyə iman edirəm»), çünki o, həvarilərin şəhadəti üzərində qurulmuşdur. Onlar İsanın əməllərinin ən başlanğıcından şahidləri olmuş, öz gözləri ilə gördüklərini və öz əlləri ilə toxunduqlarını başqalarına çatdırmaq iqtidarında idilər. Faktlar fakt olaraq qalır və onları inkar etmək mümkün deyil: İsa hər kəsə xeyirxahlıq edirdi — bu, danılmaz bir həqiqətdir; O, Çarmıx üzərində ölmüşdür — bu da şübhə doğurmayan gerçəklikdir; O, dirilmiş və şagirdlərinə zühur etmişdir — bu da eyni dərəcədə həqiqətdir. Biz buna iman edə bilərik, çünki həvarilərin belə bir iddianı irəli sürməkdə nə şəxsi mənfəəti, nə də gizli bir marağı olmuşdur. Bu həqiqətlərdən məntiqi və ardıcıl nəticə doğur: İsa, Allah olmaqla yanaşı, həm də dirilərin və ölülərin Hakimidir, çünki Onun qurbanı bütün insanlara günahların bağışlanmasını gətirmişdir. Buna canlı iman aktı ilə inanmaq gərəkdir — elə bir imanla ki, o, nə ağla ziddir, nə də onu məhdudlaşdırır. Rəbbin dirilməsinə iman insanın dərk edə biləcəyi ən azadedici həqiqətdir; və həvarilər bunu Məsih uğrunda öz həyatlarını könüllü şəkildə fəda etməklə təsdiq etmişlər.

İKİNCİ OXUNUŞ  Kol 3,1-4

Beləliklə, Məsihlə birlikdə dirildiyinizə görə ucalardakı şeyləri axtarın. Orada Məsih Allahın sağında oturub. Dünyəvi şeyləri deyil, ucalardakı şeyləri düşünün. Çünki siz ölmüsünüz və həyatınız Məsihlə birlikdə Allahda saxlanılıb. Həyatınız olan Məsih zühur edəndə siz də Onunla birgə izzətlə zühur edəcəksiniz.

Təfsir

«Həyatımızın Məsihlə birlikdə Allahda saxlanılması» nə deməkdir? Bu o deməkdir ki, biz artıq dünyaya məxsus deyilik, Məsihə məxsusuq. İmanlı insan Müqəddəs Ruhda qalaraq bu dünyanın gözündə qaçılmaz olaraq “saxlanılmış”, “gizlənmiş” olur; bu mənada ki, dünyəvi təlaş artıq onu cəlb etmir. O, vaxtını və qüvvəsini boş şeylərə, sırf yer üzünə aid qayğılara, varlığın bayağılıqlarına və vicdanla uzlaşmayan güzəştlərə sərf etmək niyyətində deyil. Bilirk ki, bu, ağır bir mübarizədir, çünki dünya hələ də öz parıltısı və cazibələri ilə insanı aldatmağa çalışır. Lakin biz artıq dərk etmişik: dünya heç vaxt verdiyi vədləri yerinə yetirmir, onun bütün “qələbələri” isə yalnız boş şöhrətdən ibarətdir. Əgər biz Məsihə məxsusuqsa, artıq indi Rəbbin hər gün bəxş etdiyi ruhani sevinclərə şərik oluruq: qəlbdə sülh və düşüncədə aydınlıq; ehtiraslar üzərində qələbə; göylərdə müqəddəslərlə dostluq; Müqəddəs Yevxaristiyanı qəbul etmək. Bütün bunlar haqqında dünyəvi şüurun heç bir təsəvvürü yoxdur. Həvari Paul qəti şəkildə bildirir: ya biz Məsihlə birlikdə dirilmişik, ya da yerin “qumlarında” gömülmüşük. Hər şey insanın daxilində həll olunur və hər bir qərar bizim harada olduğumuzu müəyyən edir.

İNCİL Yəhya 20,1-9

Həftənin ilk günü tezdən, hələ qaranlıq ikən Məcdəlli Məryəm qəbirin yanına gəldi. O gördü ki, daş qəbirin ağzından götürülüb. Onda qaçıb Şimon Peterlə İsanın sevimlisi olan o biri şagirdin yanına gəldi və onlara dedi: «Rəbbi qəbirdən aparıblar və hara qoyulduğunu bilmirik». Peterlə o biri şagird bayıra çıxıb qəbirə tərəf getdilər. İkisi birgə qaçırdı, amma o biri şagird Peterdən daha cəld qaçdı və qabaqca qəbirə o çatdı. Əyilib içəri baxdı və kətan bezlərin düşüb-qaldığını gördü, ancaq içəri girmədi. O vaxt onun ardınca Şimon Peter də gəlib qəbirə girdi. O, düşüb-qalan kətan bezləri və İsanın başına qoyulmuş dəsmalı gördü. Dəsmal kətan bezlərin yanında deyil, başqa bir yerdə bükülü qalmışdı. Onda qəbirin yanına qabaqca gələn o biri şagird də içəri girib bunları gördü və iman etdi. Çünki onlar İsanın mütləq ölülər arasından diriləcəyini bildirən Müqəddəs Yazını hələ anlamırdılar. Beləcə şagirdlər yenə evlərinə qayıtdılar.

Təfsir

Bu oxunuşun mərkəzi ifadəsi «gördü və iman etdi» sözləridir. Alimlər onun mənasını izah etməyə çalışaraq saysız-hesabsız yazılar qələmə almışlar. Bəs Yəhya nəyi gördü ki, onu dərhal Dirilməyə iman etməyə vadar etdi? Aydındır ki, təkcə boş məzar özü-özlüyündə sübut deyil. Kənara çəkilmiş daş da ayrıca heç nəyi sübut etmir. Lakin Yəhyanın kəfənlər və onların yerləşməsi barədə verdiyi ətraflı təsvir göstərir ki, onlar elə bir şəkildə idilər ki, bu, açıq-aşkar möcüzəvi, misilsiz və insan təcrübəsi baxımından mümkün olmayan bir hadisəyə işarə edirdi. İsanın başını örtən parçaya dair tərcümədə işlədilən «ayrıca başqa bir yerdə bükülmüş» ifadəsi kifayət qədər dəqiq deyil. Yunan dilindən sözbəsöz tərcümə etdikdə başqa bir mənzərə ortaya çıxır: kəfən (sindon) sanki “içindən havası çıxçmış”  vəziyyətdə idi — elə bil bədən kəfəni açmadan, sadəcə içindən yoxa çıxmışdı. Baş örtüyü isə əksinə, öz dairəvi formasını saxlamış, sanki hələ də nəyisə bürüyürmüş kimi sərt qalmışdı, halbuki içi boş idi. Bu parça öz-özünə bu cür formanı qoruya bilməzdi — və məhz bu, heyrəti doğurdu. Bədən sadəcə kəfənin hüdudlarından çıxmamışdı; o, parçaların düzümünü pozmadan onların içindən keçmiş, baş örtüyünü isə qeyri-təbii, sanki “asılı” vəziyyətdə qoymuşdu. Bu əlamət Yəhyanı sarsıtdı: o, bunu öz gözləri ilə gördü və dərhal bütün qəlbi ilə iman etdi.

04 aprel 2026, 14:24