Liturgiya oxunuşları: 7 APREL. Pasxa oktavasının çərşənbə axşamı
BİRİNCİ OXUNUŞ Həv 2,36-41
Ona görə də qoy bütün İsrail xalqı möhkəm bilsin ki, Allah sizin çarmıxa çəkdiyiniz bu İsanı həm Rəbb, həm də Məsih təyin etmişdir». Bu sözlər ona qulaq asanların ürəyinə ox kimi sancıldı. Onlar həm Peterdən, həm də o biri həvarilərdən soruşdular: «Qardaşlar, bəs biz nə edək?» Peter onlara cavab verdi: «Tövbə edin, hamınız İsa Məsihin adı ilə vəftiz olun. Onda günahlarınız bağışlanacaq və bəxşiş olaraq Müqəddəs Ruhu alacaqsınız. Çünki bu vəd siz, övladlarınız, uzaqdakıların hamısı – Allahımız Rəbbin çağırdığı hər kəs üçündür». Peter başqa çox söz deyib onlara xəbərdarlıq etdi və yalvardı: «Bu əyri nəsildən xilas olun». Onun sözünü qəbul edənlər vəftiz oldular. O gün üç min nəfərə yaxın insan imanlılara qoşuldu.
Təfsir
Bu, İsanın çarmıxda ölümündən sonra həvari Peterin ilk vəzidir. Bu ana qədər, bir aydan artıq müddət ərzində, həvarilər Sion otağında gizlənirdilər: onlar yəhudilərdən, həbs olunmaqdan və çarmıxa çəkilməkdən qorxurdular. Lakin indi, Müqəddəs Ruhun enməsi baş verdikdən sonra, onlar cəsarətlə meydana çıxır və misilsiz bir qətiyyətlə təbliğ edirlər. Nəticə isə heyrətamizdir: üç min nəfər dərhal vəftiz olunmağı xahiş edir. Bu vəz heç də xoş sözlərdən ibarət deyil: Peter dinləyicilərə açıq şəkildə bildirir ki, İsanı məhz onlar öldürüblər (“sizin çarmıxa çəkdiyiniz o İsa...”) və onların nəslini azğın adlandırır. Bu, bizə öyrədir ki, həqiqəti bütövlüyü ilə, cəsarətlə və nəticələrdən qorxmadan təbliğ etməliyik. Dinləyicilərin eşitmək istədiyini söyləmək xristian təbliği deyil. İnsanlara deyil, Allaha xoş gəlmək lazımdır. Sözün bəhrəliliyi məhz onun güzəştsiz dəqiqliyindədir. Peter belə danışdıqda, uğur təmin olunur; çünki insanlar Sözün ürəklərini deşdiyini hiss edirlərsə, bu, insanın deyil, Müqəddəs Ruhun fəaliyyətidir.
İNCİL Yəhya 20,11-18
Məryəm isə ağlayaraq qəbirin bayırında dayanmışdı. Ağlaya-ağlaya əyilib qəbirin içinə baxdı. Orada ağ paltar geymiş iki mələk gördü: biri İsanın cəsədinin qoyulduğu yerin başında, o biri isə ayağında oturmuşdu. Onlar Məryəmdən «Ey qadın, niyə ağlayırsan?» deyə soruşdu. Məryəm də onlara dedi: «Rəbbimi qəbirdən aparıblar və hara qoyduqlarını bilmirəm». Bunu deyəndən sonra arxaya dönüb İsanın orada dayandığını gördü, amma Onun İsa olduğunu bilmədi. İsa ondan soruşdu: «Ey qadın, niyə ağlayırsan? Kimi axtarırsan?» Məryəm Onun bağban olduğunu güman edərək dedi: «Ağa, əgər Onu Sən aparmısansa, hara qoyduğunu mənə söylə, mən də Onu götürüm». İsa ona «Məryəm!» dedi. O da dönüb İsaya ibranicə «Rabbuni!» dedi. «Rabbuni» «Müəllim» deməkdir. İsa ona dedi: «Mənə toxunma, çünki Mən hələ Atanın yanına qalxmamışam. Amma qardaşlarımın yanına gedib onlara söylə: Öz Atamın – sizin Atanızın, Öz Allahımın – sizin Allahınızın yanına qalxıram». Məcdəlli Məryəm şagirdlərin yanına gəldi, onlara «Rəbbi görmüşəm!» deyib onun özünə bunları söylədiyini bildirdi.
Təfsir
Məcdəli Məryəm nə üçün İsanı tanımır və Onu bağban sanır? Axı o, Rəbbi çox yaxşı tanıyırdı. Məgər Rəbb bu qədər dəyişmişdi, yoxsa Məryəmin özündə Onu tanımağa mane olan nəsə vardı? Daha inandırıcı görünən odur ki, məhz kədər (Müqəddəs Yazıda onun ağladığı deyilir) onun görmək və anlamaq qabiliyyətini sanki kütləşdirmişdi. O, Rəbbi çox sevirdi və Onun itkisi onda bir növ daxili donuqluq yaratmışdı. Təsadüfi deyil ki, xalq arasında “kədərdən dəli olmaq” deyimi var. Məcdəli Məryəm öz ağrısına qapaıb, öz vəziyyətinin sərhədlərini aşa bilmir. Lakin İsa onu adı ilə çağıran kimi — “Məryəm!” — hər şey dəyişir. Həmin anda o, sanki “özündən çıxır”, dağılmış daxili dünyasını tərk edir və görməyə başlayır. Həyat yenilənir və Məryəm, demək olar ki, yenidən doğulur: o, öz Allahını, öz Sevgilisini görür və artıq onun üçün başqa heç nə mövcud deyil. “Müəllim!” — o, bundan artıq heç nə deyə bilmir və heç nə də demək istəmir. İndi O diridir və bütün məna bundadır. Bu iki adda — “Məryəm!” və “Müəllim!” — mərhəmətin və məhəbbətin bütün dolğunluğu cəmlənir. Allah Özünü tanımağa imkan verir və Özünü Məhəbbət kimi bəxş edir (bu Məhəbbət bütün qüdrəti ilə İsanın Göyə qalxmasındən sonra daha da aşkar olacaq). Bundan sonra qadın artıq özünə baxmır, çünki onun baxışı və sevgisi əbədi olaraq dirilmiş İsa Məsihə yönəlmişdir.