Liturgiya oxunuşları: 14 MAY. Rəbbin Göylərə Yüksəlməsi
Bu gün Kilsə Rəbbin Göylərə Yüksəlməsi bayramını qeyd edir. Dirilmədən sonra şagirdlər qeyri-adi günlər yaşadılar: Müəllim onlarla idi, Onu görmək və toxunmaq mümkün idi, O, onlarla birlikdə yemək yeyir, onları öyrədirdi ki, heç kəsdə şübhə qalmasın - O diridir, həqiqətən dirilib! Lakin sonra elə bir an yetişir ki, İsa bu görünən və müstəsna görüşlərə son qoyaraq Ataya qayıdır. Amma - və bu, son dərəcə mühüm məqamdır, Məsih Öz dostlarını tərk etmir! O, onları yetim qoymur. Onun sözləri son dərəcə aydın səslənir: «Mən dünyanın sonunadək bütün günlərdə sizinləyəm». İsanın Göyə yüksəlməsi insani mənada bir “ayrılıq” deyil. Bu, Onun aramızdakı varlığının yeni bir formasının bərqərar olmasıdır. Ölmüş, dirilmiş və Göyə yüksəlmiş İsa vasitəsilə bəşəriyyət üçün əbədi həyatın qapıları açılmışdır. Biz əminik ki, eyni taleyə biz də çağırılmışıq. Həvari Paul Məsihi ölülər arasından dirilənlərin “ilki” adlandırır. Əgər Baş artıq oradadırsa, deməli, bədən də - yəni Kilsə - Onun ardınca gedəcəkdir. Bu gözləmə dövrünü biz fəal şəkildə yaşamağa çağırılmışıq. Biz sadəcə dayanıb göyə baxmırıq; biz Onun Müjdəsinin şahidlərinə çevrilirik. «Müqəddəs Ruh üzərinizə enəndə siz qüvvə alacaqsınız və Mənim şahidlərim olacaqsınız... yer üzünün sonunadək».
BİRİNCİ OXUNUŞ Həv 1, 1-11
Ey Teofil, birinci yazılarım İsanın göyə qaldırıldığı günədək başladığı işlər və öyrətməyə başladığı tam təlim barəsindədir. Göyə qaldırılmazdan əvvəl İsa seçdiyi həvarilərə Müqəddəs Ruh vasitəsilə əmrlər verdi. Ölüm əzabını çəkəndən sonra həvarilərə çoxlu inandırıcı dəlillərlə Özünü diri olaraq göstərdi. O, qırx gün ərzində onlara görünərək Allahın Padşahlığı barədə danışırdı. İsa onlarla duz-çörək kəsəndə bu əmri verdi: «Yerusəlimdən kənara çıxmayın, Atanın verdiyi, Məndən eşitdiyiniz vədin həyata keçməsini gözləyin. Belə ki Yəhya su ilə vəftiz edirdi, amma siz bir neçə gündən sonra Müqəddəs Ruhla vəftiz olacaqsınız». Həvarilər bir yerə toplaşanda İsadan soruşdular: «Ya Rəbb, İsraildə Padşahlığı indimi bərpa edəcəksən?» İsa cavab verdi: «Atanın hökmü ilə təyin olunan vaxtları və tarixləri bilmək sizin işiniz deyil. Amma Müqəddəs Ruh üzərinizə enəndə siz qüdrət alacaqsınız və Yerusəlimdə, bütün Yəhudeya və Samariyada, həmçinin yer üzünün qurtaracağınadək hər yerdə Mənim şahidlərim olacaqsınız». İsa bunları deyəndən sonra həvarilərin gözləri qarşısında yuxarı qaldırıldı. Bir bulud İsanı götürüb onlardan gizlədi. İsa göyə qalxanda onlar səmaya baxırdılar. Elə həmin an ağ libaslı iki kişi onların yanında peyda olub soruşdu: «Ey Qalileyalılar, niyə səmaya baxa-baxa qalmısınız? Aranızdan götürülüb göyə qaldırılan İsanın aparıldığını necə gördünüzsə, elə də qayıdacaq».
Təfsir
Bugünkü parça Luka Müjdəsi ilə Həvarilərin İşləri Kitabı arasında bir növ körpü adlandırıla bilər. Luka özünün ikinci əsərinə belə bir xatırlatma ilə başlayır: «Birinci kitabımda İsanın əvvəldən başlayaraq göyə yüksəldiyi günədək etdikləri və öyrətdikləri haqqında yazmışdım». Bununla Luka vurğulamaq istəyir ki, həvarilər sadəcə hansısa təlimi dinləmiş insanlar deyildilər; onlar İsanın bütün tarixi yolunun canlı şahidləri idilər. Onlar Qalileyadakı ilk addımlardan başlayaraq çarmıxa, Dirilməyə və nəhayət, «Onların gözü önündə yuxarı qalxdığı və buludun Onu gözlərindən gizlətdiyi» həmin qırxıncı günə qədər Onun yanında oldular. İsa şagirdlərini bu ana uzun müddət ərzində və böyük səbirlə hazırlamışdı. Son həftələrin liturgiyası da eyni şəkildə hər birimizi bu həqiqətə hazırlayırdı. Rəbbin vida söhbətlərində xəbər verdiyi ayrılıq bizi qorxutmamalı və ya çaşqınlığa salmamalıdır. Biz kədərlənməməliyik, çünki indi İsa Atanın sağında əyləşərək bizim üçün vəsatət edir. O, bizə yer hazırlamaq üçün yüksəldi. O, bizə həqiqi təbiətimizi xatırladır: biz Göylər üçün yaradılmışıq.
İKİNCİ OXUNUŞ Ef 1,17-23
Dua edirəm ki, Rəbbimiz İsa Məsihin Allahı olan izzətli Ata Özünü sizə tanıtmaq üçün hikmət və vəhy ruhunu versin. Qoy O, qəlbinizin gözünü nurlandırsın ki, Onun çağırışından yaranan ümidin nə olduğunu, müqəddəslərə verdiyi irsin izzətinin necə zəngin olduğunu, Onun böyük qüvvəsinin fəaliyyətinə görə iman edən bizlərə sərf etdiyi qüdrətinin hədsiz böyüklüyünün nə olduğunu görəsiniz. Allah bu qüdrətlə Məsihdə elə fəaliyyət göstərdi ki, Onu ölülər arasından dirildib səmada Öz sağında oturtdu və hər başçı, hakim, qüvvə və ağadan, yalnız bu dövrdə deyil, gələcək dövrdə də çəkiləcək hər addan Onu çox yüksəltdi. Hər şeyi Ona tabe edərək ayaqlarının altına qoydu və Onu hər şey üzərində baş olsun deyə imanlılar cəmiyyətinə verdi. Bu cəmiyyət Onun bədənidir və hər şeyi hərtərəfli Bütövləşdirənin bütövlüyüdür.
Təfsir
Həvari Palun Efeslilərə Məktubundakı sözləri Allahın izzətinin heyrətamiz böyüklüyünü gözlərimiz önündə açır. Bu, sadəcə bir mətn deyil, tarixin həqiqi Müəllifi olan Allaha ünvanlanan məhəbbət etirafıdır. Paul bizə xatırladır: «Rəbbimiz İsa Məsihin Allahı və Atası alqışlanmış olsun; O, bizi Məsihdə səmavi aləmdə hər cür ruhani xeyir-dua ilə mübarək etdi». Burada mühüm bir ardıcıllıq var: əvvəlcə bizim xeyir-duamız Allaha yönəlir, sonra isə İsa Məsihdə bu bərəkət yenidən hər birimizə qayıdır. Xilas tarixinin yeganə və əsas qəhrəmanı Allahdır. Məhz O, Məsih vasitəsilə «bizə xeyir-dua verdi» və «bizi varis etdi».Bu izzətin zənginliyi Kilsədə təcəssüm tapır. Və bu zənginlik insanın bütün gözləntilərini aşır. Kilsə Məsihin Bədənidir və onun daxilində elə bir ruhani qüvvə vardır ki, müqəddəslər, yəni biz xristianlar vasitəsilə, daim böyüməyə davam edir.
İNCİL Matta 28,16-20
On Bir şagird Qalileyaya, İsanın onlara təyin etdiyi dağa getdi. İsanı gördükdə Ona səcdə qıldılar. Bəzisi isə şübhə etdi. İsa yaxınlaşıb onlara dedi: «Göydə və yer üzündə bütün səlahiyyət Mənə verilmişdir. Beləliklə, gedin, bütün millətləri Mənim şagirdim edin; onları Ata, Oğul və Müqəddəs Ruh adı ilə vəftiz edin; sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin. Budur, Mən dövrün sonuna qədər hər gün sizinləyəm».
Təfsir
Liturgiya bizi Matta Müjdəsinin son ayələrinə gətirib çıxarır. Səmavi Ataya yüksəlməzdən əvvəl İsa şagirdlərini bir yerə toplayaraq bu dünya üzərindəki hakimiyyətini bəyan edir. Lakin bunu tamamilə fərqli bir şəkildə edir. «Göydə və yerdə bütün hakimiyyət Mənə verilmişdir». Bu, miqyasını bir qədər əvvəl Efeslilərə Məktubda gördüyümüz həmin sözlərdir. Lakin İsa bu hakimiyyəti yalnız Özündə saxlamır. O, bu “xidmət səlahiyyətini” şagirdləri ilə bölüşür. Onun tapşırığı – “gedin, vəftiz edin və öyrədin” - əslində Öz missiyasını onlara həvalə etməsidir. Kilsənin missiyası yalnız insani gücə söykənsəydi, onu həyata keçirmək mümkünsüz olardı. Məhz buna görə də bu missiya böyük bir vədlə möhürlənmişdir: «Və budur, Mən dünyanın sonunadək bütün günlərdə sizinləyəm». Bu vəd daimi Hüzura çevrilir. Göylərə Yüksəlmə bizim İsa ilə ayrılmağımız demək deyil. O, gəldiyi yerə — Atanın yanına qayıtdı, lakin tək qayıtmadı. O, ilahi əzəmətin taxtına Öz məhəbbəti ilə dəyişdirilmiş insan təbiətimizi də apardı. İndi “orada” olmaqla O, hər birimizə “burada” daha da yaxın oldu. Artıq Onu coğrafiyadan asılı olmayaraq çağırmaq, eşitmək və hiss etmək mümkündür. O, var. Və Onunla olub-olmayacağımız yalnız bizim istəyimizdən asılıdır.