Liturgiya oxunuşları: 23 MAY. Pasxanın VII həftəsinin şənbəsi
BİRİNCİ OXUNUŞ Həv 28, 16-20.30-31
Romaya gələndə Paula izin verildi ki, bir əsgərin nəzarəti altında tək yaşasın. Üç gün sonra Paul Yəhudilərin orada olan başçılarını toplantıya dəvət etdi. Onlar bir yerə yığılandan sonra Paul onlara belə dedi: «Soydaşlar, xalqımıza və ata-babalarımızın adət-ənənəsinə zidd heç nə etmədiyim halda Yerusəlimdə həbs edilib Romalılara təslim edildim. Onlar məni sorğu-suala çəkəndən sonra azad etmək istədilər. Çünki ölüm cəzasına layiq bir təqsirim yox idi. Amma Yəhudilər buna qarşı çıxanda məcbur olub qeysərin məhkəməsinə müraciət etmək istədim, lakin öz millətimi heç nədə ittihamlandırmaq istəmirdim. Bu səbəbdən sizi buraya görüşüb söhbət etmək üçün çağırmışam. Axı mən İsrailin ümidi uğrunda belə zəncirlənmişəm». Paul düz iki il kirayə tutduğu evdə qalıb yanına gələnlərin hamısını qəbul edirdi. Heç bir maneə olmadan tam bir cəsarətlə Allahın Padşahlığını vəz edir və Rəbb İsa Məsihlə bağlı həqiqətləri öyrədirdi.
Təfsir
Dünən biz Paulu Qeysəriyyədə görürdük, bu gün isə onunla birlikdə Romadayıq. Onun həbsinin təşəbbüskarları Yerusəlim yəhudiləri olduğuna görə, Paul ilk növbədə Romanın yəhudi icması ilə görüşməyi və vəziyyəti aydınlaşdırmağı öz borcu hesab edir. O, icmanın ağsaqqallarını bir yerə toplayaraq deyir: «xalqımıza və ata-babalarımızın adət-ənənəsinə zidd heç nə etmədiyim halda Yerusəlimdə həbs edilib Romalılara təslim edildim». Paulun Roma əsarəti iki il davam edir. Ev dustaqlığında olmasına və daim bir əsgərin nəzarəti altında saxlanmasına baxmayaraq, o, kirayədə qaldığı evi Müjdə təbliğinin açıq məkanına çevirir. Yanına gələn hər kəsi qəbul edir, Allahın Padşahlığını bəyan edir və Rəbb İsa Məsih haqqında öyrədir. Bu, insan taleyini tam şəkildə Allaha etibar etdikdə və Onun iradəsini qəbul etdikdə, Müjdənin yayılmasına mane ola biləcək elə bir yerin və ya zamanın olmadığının canlı sübutudur. Paulun hətta zəncirlər içində belə qurub-yaratmaq qabiliyyəti Müqəddəs Ruhun bəhrəsidir: Ruh insanın düşdüyü xarici şəraitdən asılı olmayaraq ətrafdakı hər şeyi yeniləyir. Çünki cavab Məzmurunda oxuduğumuz kimi: «Salehlər, ya Rəbb, Sənin üzünü görəcəklər». Onlar bu üzü hər zaman və hər yerdə görəcəklə, hətta həbsxana barmaqlıqları arxasından belə.
İNCİL Yəhya 21,20-25
Peter də arxaya dönüb İsanın sevimli şagirdinin onların ardınca gəldiyini gördü. Bu həmin şagird idi ki, axşam yeməyi zamanı İsanın sinəsinə əyilib «Ya Rəbb, Sənə xəyanət edəcək adam kimdir?» demişdi. Peter bu şagirdi görüb İsaya dedi: «Ya Rəbb, bəs o necə olacaq?» İsa ona dedi: «Əgər Mən gələnə qədər onun sağ qalmasını istəyirəmsə, bundan sənə nə? Sən ardımca gəl». Beləcə o şagirdin ölməyəcəyi barədə imanlı bacı-qardaşlar arasında söz yayıldı. Amma İsa onun ölməyəcəyini deməmişdi, sadəcə olaraq «Əgər Mən gələnə qədər onun sağ qalmasını istəyirəmsə, bundan sənə nə?» demişdi. Bu hadisələrə şəhadət edərək bunları yazan həmin şagirddir. Biz də bilirik ki, onun şəhadəti etibarlıdır. İsanın etdiyi çoxlu başqa şeylər də var. Əgər bunlar da bir-bir yazılsaydı, fikrimcə, yazılan kitablar heç dünyaya sığmazdı.
Təfsir
Bu axşamkı Müqəddəs Messa ilə Pentikost bayramının ibadətləri başlayır. Bayram ərəfəsində liturgiya bizə «İsanın sevdiyi şagirdi» göstərir: o, Peter və Rəbbin ardınca gedir. Peter geriyə dönərək soruşur: «Ya Rəbb, bəs o necə olacaq?» İsanın cavabı isə ayıldıcı səslənir: «Əgər Mən gələnə qədər onun sağ qalmasını istəyirəmsə, bundan sənə nə? Sən ardımca gəl». İsa Peteri məhəbbətdə tam bərpa etdikdən sonra (dünənki dialoqu xatırlayaq), Peter sanki “ata qayğısı” adlı bir sınağa düşür. O, hamı haqqında hər şeyi bilmək və bəlkə də başqalarının yerinə qərar vermək istəyir. Lakin Rəbb onu sakit, amma qətiyyətlə yerinə qaytarır. Məsihin ardınca getməkdə hər kəsin öz məsuliyyəti və öz yolu vardır. Biz də çox vaxt Peterin səhvini təkrarlayırıq: yanımızdakılar üçün o qədər narahat oluruq ki, nəticədə öz vəzifəmizi unuduruq. Başqalarının həyatını “qaydaya salmağa” çalışırıq, halbuki hər insanın Allahla özünəməxsus və təkrarolunmaz dialoqu vardır. Pentikost - Müqəddəs Ruhun ənamını qəbul edib Onunla uyğunluq içində yaşamağı öyrənmək zamanıdır. Hər birimiz Dirilmiş Rəbbə imkan verməyə çağırılmışıq ki, bizi məhz şəxsən bizə etibar olunmuş xidmətə yönəltsin. Yanımızda həmişə bizdən öndə və ya geridə gedən insanlar olacaq, lakin baxışımız yalnız Məsihə yönəlməlidir. Hər şeyin öz zamanı vardır. Bu Pentikostda özümüzü başqaları ilə müqayisə etməyi və ya onların yoluna nəzarət etməyə çalışmanı dayandırmağın vaxtı çatıb. İndi Müqəddəs Ruhu qəbul edib Ona daxili rəhbərimiz olmağa imkan verməyin zamanıdır.