2023.05.27 Santo Spirito Pentecoste

Liturgiya oxunuşları: 24 MAY. Pentikost – Müqəddəs Ruhun Enməsi

“Pentikost günündə Müqəddəs Ruh həvariləri qorxudan azad edir; məhz bu qorxu onları qapıları bağlamağa vadar etmişdi. Biz də çox vaxt problemlər və ya ümidin itməsi səbəbindən özümüzə qapanır, təkcə otaqlarımızın deyil, qəlblərimizin də qapılarını bağlayırıq. Lakin dirilmiş Məsih Müqəddəs Ruhu ümidsizliyə qarşı dərman olaraq bəxş edir. O, qorxunu qovur, yolu işıqlandırır və çətinliklər içində təsəlli verir" (Papa Fransisk).

Pentikost bayramı Pasxa dövrünü təkcə xronoloji baxımdan tamamlamır. Bu gün həm də ən mühüm teoloji nəticəni ortaya qoyur: Müqəddəs Ruhun Kilsə üzərinə enməsi Dirilmənin, Göyə Yüksəlişin və İsa Məsihin bütün yer üzündəki missiyasının kamilliyi və tamamlanmasıdır. Hələ Əhdi-Ətiqdə vəd olunmuş Müqəddəs Ruh vasitəsilə Allah Öz xilaskar fəaliyyətini zaman və məkan daxilində Kilsə vasitəsilə davam etdirir. Ruh Kilsənin qüdrətli, baxmayaraq ki görünməz, canı və bütün xristian təcrübəmizin əsas “hərəkətverici qüvvəsidir”. Məhz O, içimizdə imanı oyadır və Vəftiz Sirri vasitəsilə həyatımızda daimi məskən qurur. Müqəddəs Ruh bizi mexaniki bir axına çevirmir və zəifliklərimizlə təkbətək qoymur. Allahın Kəlamı və Müqəddəs Sirlər, xüsusilə Yevxaristiya və Tövbə Sirri vasitəsilə, O, bizi durmadan yeni həyata dirildir. Ruh hər yıxılışdan sonra bizi yenidən ayağa qaldırır, hər dəfə doğru yolu göstərir və həyat yolunda bizi möhkəmləndirir. Papa XIV Leo bu Ənamın daxili və dəyişdirici təsirini bizə belə xatırladır: «Ruh ilk növbədə bizim daxilimizdə olan sərhədləri açır. O, həyatımızı məhəbbətə doğru geniş açan bir Hədiyyədir». Bu təntənəyə qədəm qoyarkən gəlin bir daha övlad etibarı ilə Ataya üz tutaraq bu böyük Ənəmi diləyək!

BİRİNCİ OXUNUŞ Həv 2, 1-11

Əllinci Gün bayramı zamanı onların hamısı bir yerə yığılmışdı. Birdən güclü külək uğultusu kimi göydən bir səs gəlib onlar oturan evin hər tərəfini bürüdü. Onlara göründü ki, nə isə alov kimi dillərə parçalanaraq hər birinin üstünə düşür. Onların hamısı Müqəddəs Ruhla doldu və Ruhun danışdırdığına görə başqa dillərdə danışmağa başladılar.Bu vaxt səma altında mövcud olan bütün millətlər arasından gələn mömin Yəhudilər Yerusəlimdə yaşayırdılar. Bu səs gələndə orada böyük izdiham toplandı. Hamı öz dilində danışıldığını eşidəndə çaş-baş qaldı. Mat qalaraq heyrət içində dedilər: «Bu danışanların hamısı Qalileyalı deyilmi? Bəs necə olur ki, biz hamımız öz ana dilimizi eşidirik? Biz Parfiyalılar, Midiyalılar, Elamlılar, Mesopotamiyada, Yəhudeyada, Kappadokiyada, Pontda və Asiya vilayətində, Frigiyada, Pamfiliyada, Misirdə və Liviyanın Kirenaya yaxın bölgələrində yaşayanlar, Romada yaşayan Yəhudilər və Yəhudi dinini qəbul edənlər, Kritlilər, Ərəblər eşidirik ki, onlar bizim dilimizdə Allahın əzəmətli işlərindən danışır».

Təfsir

Pentikost bayramı ilkin olaraq toplanmış məhsula görə şükran günü kimi yaranmışdı. Lakin zaman keçdikcə yəhudi xalqı bu bayramı Allahla Onun xalqı arasında olan Qanun və Əhd bayramı kimi yenidən dərk etməyə başladı. Bunun arxasında dərin hikmət dayanırdı: möminlər anladılar ki, həqiqi “meyvə” və əsl “məhsul” insanın Allahın Kəlamını öz qəlbində qəbul etmək qabiliyyətidir. Məhz buna görə də Yeni Əhd Pentikostu ən böyük Ənamda - Müqəddəs Ruhun insan qəlblərinə enməsində öz konkret ifadəsini tapır. Həvarilər «bir yerdə», Sion otağında toplaşmışdılar. Bu, bənzərsiz bir məkan idi: burada onlar Sonuncu Şam yeməyini və ayaqların yuyulmasını yaşamış, burada Dirilmiş Rəbbi görmüşdülər. Kilsə məhz burada doğulur. «Birdən güclü külək uğultusu kimi göydən bir səs gəlib onlar oturan evin hər tərəfini bürüdü. Onlara göründü ki, nə isə alov kimi dillərə parçalanaraq hər birinin üstünə düşür. Onların hamısı Müqəddəs Ruhla doldu və Ruhun danışdırdığına görə başqa dillərdə danışmağa başladılar». Müqəddəs Ruh şagirdlərin daxilində Müjdəni təbliğ etmək üçün alovlu bir həvəs, bir “od” alışdırır,  . O, onlara elə danışmaq qabiliyyəti verir ki, hamı onları anlayır. Beləcə Ruh qədim Babil qülləsi rəvayətində baş vermiş parçalanmanı sağaldır. Orada təkəbbür günahı insanları ayırmış və dilləri qarışdırmışdısa, burada Allahın Ruhu müxtəliflik içində birlik yaradır: «Necə olur ki, hər birimiz öz doğma dilimizi eşidirik?» Hər birimizin öz “sion otağı” vardır: ruhən böyüdüyümüz və Rəbblə ünsiyyəti ən dərindən yaşadığımız daxili məkan. Biz məhz bu müqəddəs dərinlikdən Məzmurun sözlərini daim yüksəltməyə çağırılmışıq: «Ruhunu göndər, ya Rəbb, və yer üzünü yenilə». Qoy O, qəlblərimizi və düşüncələrimizi yeniləsin.

İKİNCİ OXUNUŞ 1 Kor 12,3b-7.12-13

Heç kim Müqəddəs Ruh vasitəsi olmadan «İsa Rəbdir!» deyə bilməz. Müxtəlif ənamlar var, amma Ruh eynidir. Müxtəlif növlü xidmətlər var, amma Rəbb eynidir. Müxtəlif fəaliyyətlər də var, amma hamısını hər adamda göstərən Allah eynidir. Lakin Ruh hər kəsə xeyri üçün aşkar olunur. Bədən birdir və üzvləri çoxdur. Bədən üzvləri çox olduğu halda bir bədən təşkil edir. Məsih də belədir; çünki istər Yəhudi, istər Yunan, istər qul yaxud azad, hamımız bir bədən olmaq üçün bir Ruhla vəftiz olunmuşuq və hamımız eyni Ruhdan içirilmişik.

Təfsir

«Qardaşlar, heç kim Müqəddəs Ruh vasitəsi olmadan «İsa Rəbdir!» deyə bilməz». Hədiyyələrdən, bəhrələrdən və ya konkret xidmətlərdən danışmazdan əvvəl həvari Paul bizə əsas həqiqəti anlamağa kömək edir: hər bir xristian seçiminin təməlində duran iman etirafını məhz Allahın Ruhu ilhamlandırır. Paul davam edir: «Müxtəlif ənamlar var, amma Ruh eynidir. Müxtəlif növlü xidmətlər var, amma Rəbb eynidir. Müxtəlif fəaliyyətlər də var, amma hamısını hər adamda göstərən Allah eynidir». Hər bir həqiqi ənamın əsas meyarı onun ümumi xeyrə yönəlməsidir. Müqəddəs Ruhun fəaliyyətini qəbul etmədən hər birimiz yalnız öz eqoist məqsədlərimizin arxasınca getməyə başlayırıq. Bu isə «Babil qülləsinin» faciəsinə geri dönüş deməkdir. Yalnız Məsihi Rəbb kimi qəbul etmək bizə hər bir üzvün bənzərsizliyinə hörmət göstərərək «vahid bədən» qurmağa imkan verir. Müqəddəs Yerusəlimli Kiril bunu belə izah edirdi: «Yağış suyu göydən enir. O həmişə eyni şəkildə yağır və eyni mahiyyətə malikdir, lakin müxtəlif meyvələr yetişdirir. Palma ağacında bir cür təsir göstərir, üzüm tənəyində başqa cür və beləliklə bütün canlılarda fərqli şəkildə fəaliyyət göstərir... Yağış öz təbiətini dəyişmir və başqa bir şeyə çevrilmir, lakin onu qəbul edənlərin ehtiyaclarına uyğunlaşaraq hər biri üçün məhz ehtiyac duyduğu ilahi ənama çevrilir. Müqəddəs Ruh da eyni şəkildə fəaliyyət göstərir».

İNCİL Yəhya 20, 19-23

O gün – həftənin ilk günü axşam çağı Yəhudi başçılarından qorxduqları üçün şagirdlərin olduqları yerin qapıları bağlı olsa da, İsa içəri girdi. O ortada durub onlara «Sizə salam olsun!» dedi. Bunu söyləyib onlara əllərini və böyrünü göstərdi. Şagirdlər də Rəbbi görüb sevindilər. İsa yenə onlara dedi: «Sizə salam olsun! Ata Məni göndərdiyi kimi Mən də sizi göndərirəm». Bunu söylədikdən sonra onların üzərinə üfürərək dedi: «Müqəddəs Ruhu alın! Kimin günahlarını bağışlasanız, bağışlanır, kimin günahlarını bağışlamasanız, bağışlanmamış qalır».

Təfsir

«Həftənin ilk günü axşam çağı», Öz Dirilişi günündə, İsa yəhudilərdən qorxaraq Sion otağının bağlı qapıları arxasında toplaşmış şagirdlərin qarşısına gəlir. O, onların arasında dayanaraq deyir: «Sizə salam olsun!». Bu mətn bizi Pasxa hadisələrinə qaytarır; xəyanət, çarmıxa çəkilmə və ümumi qarışıqlıq şagirdləri dağıtmış və onları dərin sarsıntıya salmışdı. İndi isə İsa məhəbbətlə və sonsuz səbir ilə Öz icmasını yenidən toplamağa və bərpa etməyə başlayır. O, şagirdləri qorxaqlıqda qınamır; əksinə, qorxuya qarşı dərman kimi Öz sülhünü onlara təqdim edir. Rəbb onların qarşısında yeni “tanınma nişanələri” ilə dayanır - O, əllərini və böyrünü göstərir. O, yaralarını gizlətmir, onlardan utanmır. Əksinə, onları nümayiş etdirərək göstərir ki, yeni tarix məhz buradan - deşilmiş əllərdən və açılmış ürəkdən başlayır. Bu yaralar Onun məhəbbətinin ölümdən keçərək ona qalib gəldiyinin sübutudur. Məhz belə bir şəraitdə İsa şagirdlərini missiyaya hazırlayır, lakin əvvəlcə onları lazım olan qüvvə ilə silahlandırır: «Ata Məni göndərdiyi kimi, Mən də sizi göndərirəm». Bunu dedikdən sonra onların üzərinə üfürüb buyurur: «Müqəddəs Ruhu qəbul edin. Kimin günahlarını bağışlasanız, bağışlanacaq». Müqəddəs Ruh böyük bir Ənamdır, lakin eyni zamanda O, üzərimizə ciddi məsuliyyət qoyur. Bu, bağışlama missiyasıdır. Ruh bizi sözün həqiqi mənasında çölə çıxaran, Allahın mərhəmətli məhəbbətinin alətinə çevrilməyə sövq edən qüvvədir. Əgər biz gündəlik həyatımızda bağışlanmanın və barışığın şahidi deyiliksə, onda Müqəddəs Ruhun bizdə yaşadığını və fəaliyyət göstərdiyini iddia edə bilmərik.

23 may 2026, 20:39