2020.06.25 Vangelo del giorno casa roccia

Liturgiya oxunuşları: 25 İYUN. Adi Dövrün XII həftəsinin cümə axşamı

“Ağıllı insan evini qaya üzərində tikir, ağılsız isə küləyin və selin asanlıqla apardığı qum üzərində. Həyatımızda da elə anlar olur ki, dayandığımız təməl möhkəm olmur. Onda sınaqlar gələndə tab gətirə bilmirik. Buna görə də həyatımızın təməl daşı İsa olmalıdır” (Papa Fransisk).

BİRİNCİ OXUNUŞ 2 Pad 24, 8-17

Yehoyakin padşah olduğu vaxt on səkkiz yaşında idi və Yerusəlimdə üç ay padşahlıq etdi. Anası Yerusəlimli Elnatanın qızı olub adı Nexuşta idi. Yehoyakin atasının etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi. O zaman Babil padşahı Navuxodonosorun qoşunları Yerusəlimə yaxınlaşdı. Şəhər mühasirəyə alındı. Qoşunlar şəhəri mühasirəyə alanda Babil padşahı Navuxodonosor onun ətrafına gəldi. Yəhuda padşahı Yehoyakin anası, əyanları, rəisləri və saray xidmətçiləri ilə birlikdə Babil padşahına təslim oldu. Padşahlığının səkkizinci ilində Babil padşahı onu əsir aldı. Rəbbin söylədiyi kimi Rəbbin məbədinin və sarayın xəzinələrini oradan çıxartdı. İsrail padşahı Süleymanın Rəbbin məbədi üçün düzəltdiyi bütün qızıl şeyləri parça-parça etdi. O bütün Yerusəlimliləri, bütün rəisləri, igid adamların hamısını – cəmi on min nəfəri və bütün ustalarla sənətkarları sürgün etdi. Ölkədə yoxsul xalqdan başqa heç kəs qalmadı. Yehoyakini də Babilə sürgün etdi. Padşahın anasını, arvadlarını, saray xidmətçilərini və ölkənin adlı-sanlı adamlarını Yerusəlimdən sürgün edib Babilə apardı. Babil padşahı sayı yeddi min nəfər olan bütün döyüşçüləri, min nəfər ustanı və sənətkarı – müharibədə iş görən bütün bacarıqlı adamları əsir edib Babilə gətirdi. Babil padşahı Yehoyakinin yerinə əmisi Mattanyanı padşah etdi və onun adını dəyişib Sidqiya qoydu.

Təfsir

İkinci Padşahlar Kitabı bu günlərdə üzərində düşündüyümüz İsrail xalqının tarixini anlatmağa davam edir. Babil ordusu Yerusəlimi mühasirəyə alıb. Eramızdan əvvəl 597-ci ildir. Yəhudaya cəmi on səkkiz yaşında padşah olan və Yerusəlimdə cəmi üç ay hökmranlıq edən Yehoyakin rəhbərlik edir. Şəhərin acı taleyi artıq əvvəlcədən müəyyənləşmişdi. Çünki Müqəddəs Yazı onun haqqında belə deyir: «O, atası kimi Rəbbin gözündə pis olan işlər gördü». Nəhayət, Yehoyakin Babil padşahının hüzuruna çıxır və əsir götürülür. Müqəddəs Kitab baş verənləri heç bir şəkildə yumşaltmır: Babil padşahı Rəbbin məbədinin bütün xəzinələrini aparır, Süleymanın hazırlatdığı bütün qızıl əşyaları parçalayır və Yerusəlimin bütün əhalisini sürgünə göndərir. Şəhərdə yalnız yoxsul insanlar qalır. Bu qaranlıq hadisələrin fonunda mühüm bir həqiqət aydın görünür: insanın həyatında elə bir hadisə yoxdur ki, istər sevinc, istərsə də əzab olsun, Allah onu tərbiyə vasitəsinə çevirməsin və xilas planına daxil etməsin. Çünki Allahın nəzərində heç nə təsadüfi deyil. Hətta bu faciəli məqamda da Müqəddəs Kitab «qalığı» – ölkədə qalan yoxsul xalqı göstərir. İnsan bir daha Allaha arxa çevirir, lakin Allah Öz vədindən dönmür. O, tarixi yenidən məhz yer üzünün ən kasıb və ən gücsüz insanlarından başlayaraq davam etdirir, onların fəryadını eşidir. Eləcə də bu gün Məzmurda səslənən bizim yalvarışımızı eşidir: «Ey Allah, Öz adının izzəti naminə bizə kömək et».

İNCİL Matta 7, 21-29

Mənə “ya Rəbb, ya Rəbb” deyən hər kəs Səmavi Padşahlığa girməyəcək; lakin göylərdə olan Atamın iradəsini yerinə yetirən oraya girəcək. O gün bir çoxları Mənə deyəcək: “Ya Rəbb, ya Rəbb, biz Sənin adınla peyğəmbərlik etmirdikmi? Sənin adınla cinləri qovmurduqmu? Sənin adınla bir çox möcüzələr yaratmırdıqmı?” Onda Mən onlara bəyan edəcəyəm: “Ey qanunsuzluq edənlər, Mən sizi heç vaxt tanımamışam, Məndən uzaq olun!” Beləliklə, bu sözlərimi eşidib onlara əməl edən hər kəs öz evini qaya üzərində quran ağıllı adama bənzəyir. Yağış yağar, sellər gələr, yellər əsər və o evə hücum edər. Amma ev uçmaz, çünki təməli qaya üzərində qurulub. Bu sözlərimi eşidib onlara əməl etməyən hər kəs isə öz evini qum üzərində tikən ağılsız adama bənzəyir. Yağış yağar, sellər gələr, yellər əsər və o evə hücum edər. Ev uçar və onun yıxılması bir müsibət olar». İsa bu sözləri bitirəndə xalq Onun təliminə təəccübləndi, çünki onlara öz ilahiyyatçıları kimi deyil, səlahiyyət sahibi kimi təlim öyrədirdi.

Təfsir

Bugünkü İncil son iki həftə ərzində bizi müşayiət edən Dağüstü vəzin sonunu təşkil edir. İsanın ardınca getmək və Onun şagirdi olmaq təkcə müəyyən sözləri söyləməkdən və ya dini ayinləri yerinə yetirməkdən ibarət deyil. Bunun əsasında insan həyatını Onun Kəlamı üzərində qurmaq dayanır. İsanın dediyi kimi: «Mənə “Ya Rəbb! Ya Rəbb!” deyən hər kəs Səmavi Padşahlığa girməyəcək, yalnız Səmavi Atamın iradəsini yerinə yetirən girəcək... Beləliklə, Mənim bu sözlərimi eşidib onlara əməl edən hər kəsi evini qaya üzərində tikən ağıllı adama bənzədəcəyəm». Həqiqi dinləmək insanı əmələ aparır. Səthi və ötəri hisslərin təsiri altında eşidilən söz isə həyatımızda heç nəyi dəyişmir. «Atamın iradəsini yerinə yetirmək» və «İsanın sözlərini həyata keçirmək» eyni həqiqəti ifadə edir. Bu isə bizə göstərir ki, İsa ilə Ata ayrılmaz vəhdət təşkil edirlər. İsanın bu sözləri söyləmək səlahiyyəti də məhz Səmavi Atadan qaynaqlanır. Buna görə də imanımız və Allahla münasibətimiz Onun Kəlamını təvazökarlıqla dinləmək üzərində qurulmalıdır. Lakin bu dinləmək yalnız eşitməkdə qalmamalı, düşünülmüş və şüurlu həyat seçimlərinə, konkret əməllərə çevrilməlidir.

25 iyun 2026, 10:24