Liturgiya oxunuşları: 26 İYUN. Adi Dövrün XII həftəsinin cüməsi
BİRİNCİ OXUNUŞ 2 Pad 25,1-12
Sidqiyanın padşahlığının doqquzuncu ilində, onuncu ayın onuncu günü Babil padşahı Navuxodonosor bütün ordusu ilə Yerusəlimin üzərinə hücum etdi, oraya qarşı ordugah qurdu və ətrafında mühasirə divarları düzəltdi. Padşah Sidqiyanın hakimiyyətinin on birinci ilinə qədər şəhər mühasirədə qaldı. Dördüncü ayın doqquzuncu günü şəhərdə aclıq elə gücləndi ki, ölkə xalqının yeməyə çörəyi qalmadı. Həmin vaxt şəhərin divarlarında dəlik açıldı. Gecə ikən Xaldeylilər şəhərin ətrafında olanda padşah və bütün döyüşçülər padşah bağçasının yanında olan iki divar arasındakı darvazadan çıxıb Arava yolu ilə getdilər. Ancaq Xaldeylilərin qoşunu padşahı təqib etdi və Yerixo düzənliklərində ona çatdı. Padşahın ordusu onu tərk edib dağılmışdı. Padşahı tutub Rivlaya, Babil padşahının yanına apardılar və onun haqqında hökm verdilər. Sidqiyanın oğullarını gözü qabağında öldürdülər, özünün isə gözlərini çıxartdılar və qandallayıb Babilə apardılar. Babil padşahı Navuxodonosorun padşahlığının on doqquzuncu ilində, beşinci ayın yeddinci günü Babil padşahının əyanı olan mühafizəçilər rəisi Nevuzaradan Yerusəlimə gəldi. O, Rəbbin məbədinə, padşah sarayına, Yerusəlimdəki bütün evlərə od vurub bütün əsas binaları yandırdı. Mühafizəçilər rəisi ilə birgə gələn bütün Xaldey ordusu Yerusəlimin ətrafındakı divarları uçurtdu. Mühafizəçilər rəisi Nevuzaradan şəhərdə qalan xalqı, Babil padşahının tərəfinə keçən fərariləri və başqa əhalini sürgün etdi. Ancaq o, bağçılıq və əkinçilik etmək üçün ölkədəki yoxsulların bir hissəsini orada saxladı.
Təfsir
Bu gün təxminən on gün əvvəl başladığımız İkinci Padşahlar Kitabının oxunuşu başa çatır. Onun sonu isə mümkün olan ən ağır sonluqdur. Navuxodonosorun xaldeyliləri tərəfindən həyata keçirilən ilk hücum və sürgündən sonra bu gün ikinci hücumdan bəhs olunur. Bu dəfə Yerusəlimin süqutu qəti şəkildə baş verir. Bu hadisə eramızdan əvvəl 586-cı ilə təsadüf edir. Padşah Yehoyakin əsir götürülüb Babilə aparıldıqdan sonra Navuxodonosor onun yerinə özünə bağlı olan Sidqiyanı padşah təyin etdi. Lakin bir müddət sonra Sidqiya Misirlə ittifaq axtarmağa başladı və məhz bu addım Yerusəlimin mühasirəsinə gətirib çıxardı. Babil padşahı bütün qoşunu ilə Yerusəlimə yaxınlaşır. Məbəd yandırılır, şəhərdə qalan «qalıq» da əsir aparılır. Orada yalnız üzümçülər və əkinçilər saxlanılır. Siyasi müttəfiqlər axtarmaq ilk baxışda nəcib və ağıllı addım kimi görünə bilərdi. Lakin bir həqiqət nəzərə alınmamışdı: xalqın düşdüyü bu ağır vəziyyət əvvəlki itaətsizliyin nəticəsi idi. Bəlkə də biz də, vaxtilə Sidqiyanın etməli olduğu kimi, tövbə dövrlərini qəbul etməyi öyrənməliyik. Çünki bəzən Rəbb bizi məhz bu yolla dönüşə və daxili təmizlənməyə aparır. Hər halda, gəlin Məzmurun sözləri ilə Allaha sədaqətimizi yeniləyək: «Əgər Səni xatırlamasam, dilim damağıma yapışsın», ya Rəbb.
İNCİL Matta 8,1-4
İsa dağdan endiyi zaman böyük bir izdiham Onun ardınca getdi. Bu zaman cüzamlı bir adam yaxınlaşıb «ya Rəbb, əgər istəsən, məni pak edə bilərsən» deyərək Ona səcdə qıldı. İsa əlini uzadıb ona toxundu və dedi: «İstəyirəm, pak ol!» Dərhal bu adam cüzamdan pak oldu. İsa ona dedi: «Bax heç kəsə bir söz demə, amma get, özünü kahinə göstər. Hər kəsə şəhadət olsun deyə Musanın buyurduğu təqdimi apar».
Təfsir
İsa Dağüstü vəzini başa çatdırdı. Allahın iradəsi ilə elə həmin vaxt bir cüzamlı Onun yanına gəlib təmizlənməsini xahiş edir. Rəbb onun yaxınlaşmasına mane olmur, onu dinləyir və bundan da artıq – onun çəkdiyi ağrıya şərik olur. Dağüstü vəzi sadəcə nəzəri təlim deyil. O, həyatımıza çevrilməli, yanımızda olan insanlarla birlikdə yaşadığımız ortaq tarix olmalıdır. Burada heç bir ayrı-seçkilik yoxdur, çünki hamımız eyni Atanın övladlarıyıq. İsa bu davranışı ilə Qanuna qarşı çıxmır, əksinə, onun həqiqi mahiyyətini bərpa edir. Cüzamlıya yaxınlaşmaq və ona toxunmaq Qanun tərəfindən ona görə qadağan edilmişdi ki, xəstəlik başqalarına keçməsin. Elə buna görə də İsa sağaltdığı adama belə deyir: «Bax heç kəsə bir söz demə, amma get, özünü kahinə göstər. Hər kəsə şəhadət olsun deyə Musanın buyurduğu təqdimi apar». Bu hadisə Dağüstü vəzinin ruhunu konkret həyat müstəvisinə daşıyır və hər birimizin qarşısında mühüm bir sual qoyur: mənim həyatımda İncil yalnız bir nəzəriyyədirmi, yoxsa əməllərim sayəsində yaşayan və görünən bir həqiqətə çevrilib?