Liturgiya oxunuşları: 28 İYUN. Adi Dövrün XIII Rəbb günü
BİRİNCİ OXUNUŞ 2 Pad 4,8-11.14-16a
Bir gün Elişa Şunemdən keçirdi. Orada yaşayan varlı bir qadın Elişanı çörək yeməyə dəvət etdi. Sonralar Elişa hər dəfə keçəndə çörək yemək üçün oraya gedərdi. Qadın ərinə dedi: «İndi bildim ki, həmişə yanımızdan keçən bu adam müqəddəs bir Allah adamıdır. Gəl damda ona kiçik bir otaq düzəldək, oraya onun üçün yataq, süfrə, taxt, bir də çıraq qoyaq ki, bizə gələndə orada qalsın». Bir gün Elişa oraya gəldi və damdakı otağa çıxıb orada yatdı. Elişa dedi: «Elə isə onun üçün nə edə bilərəm?» Gehazi dedi: «Doğrusu, oğlu yoxdur, əri də qocadır». Elişa dedi: «Qadını çağır». Gehazi qadını çağırdı və o gəlib qapıda durdu. Elişa dedi: «Bir ildən sonra bu fəsildə qucağında bir oğlun olacaq». Qadın dedi: «Yox, ey ağam Allah adamı, kənizinə yalan söyləmə!»
Təfsir
Peyğəmbər Elişa tanınmış bir qadının evində səmimi qonaqpərvərliklə qarşılanır. Qadın ilk görüşdən onun Allah adamı olduğunu anlayır və ərindən xahiş edir ki, onun üçün kiçik bir otaq hazırlasınlar. Beləliklə, peyğəmbər hər dəfə bu yerlərdən keçəndə onların evində qala biləcəkdi. Müqəddəs Yazıda yadelli və ya ehtiyac içində olan insanı qəbul etmək həmişə Allahın Özünü qəbul etmək mənasını daşıyır. Bu qadın Elişaya əməli məhəbbətlə xidmət etdiyinə görə peyğəmbər onun qonaqpərvərliyinə cavab vermək istəyir və xidmətçisi Gehazidən soruşur: «Bu qadın üçün nə etmək olar?» Elə həmin anda qadının gizli kədəri üzə çıxır: onun oğlu yoxdur. Elişa ona belə deyir: «Gələn il bu vaxt sən qucağında oğul tutacaqsan». Beləcə, insan gözü ilə aşılmaz görünən sonsuzluq və qocalıq bəhrəyə və həyata çevrilir. Bu hadisə göstərir ki, Allah hər cür sonsuzluqdan daha qüdrətlidir. Məhz buna görə bu oxuya Məzmurun sözləri ilə cavab veririk: «Ya Rəbb, mərhəmətini əbədi tərənnüm edəcəyəm». Biz də bəzən həyatımızda sonsuzluq dövrləri yaşayırıq: məsələn, gələcəyi görə bilməyəndə, ümidimizin tükəndiyini düşünəndə. Belə anlarda Allahın Kəlamını qəbul etməyi və qəlbimizdə qorumağı öyrənək. Çünki Allah üçün mümkün olmayan heç nə yoxdur.
İKİNCİ OXUNUŞ Rom 6,3-4.8-11
Məgər bilmirsiniz ki, biz hamımız Məsih İsa ilə birləşmək üçün vəftiz olunarkən həmin vəftizlə Onun ölümü ilə birləşdik? Deməli, vəftiz olunub Onun ölümü ilə birləşməklə biz də Onunla birgə dəfn olunduq; belə ki Atanın izzəti ilə Məsih ölülər arasından dirildiyi kimi biz də həmin cür yeni həyat sürək. Əgər Məsihlə ölmüşüksə, Onunla yaşayacağımıza da inanırıq. Çünki bilirik ki, Məsih ölülər arasından dirildiyinə görə bir daha ölməyəcək və ölüm Ona artıq hökmranlıq etməz. Onun ölümü günahın müqabilində ilk və son ölüm oldu, yaşadığı həyatı isə Allah üçün yaşayır. Beləcə siz də özünüzü Məsih İsada olaraq günaha münasibətdə ölü, Allaha münasibətdə isə diri sayın.
Təfsir
Bu hissədə Müqəddəs Paul Vəftizin mənasını dərin şəkildə açıqlayaraq Roma icmasının xristianlarına Məsihin gətirdiyi yeniliyi izah edir. Bu yenilik Məsihin ölümünə əsaslanır. Vəftiz edilən hər bir insan əvvəlcə Onun ölümünə şərik olur, sonra isə dirilməsində iştirak edərək yeni həyat yolu ilə getməyə başlayır. Həvari «ölüm» və «dəfn olunmaq» sözlərini israrla təkrar edir. Lakin bununla möminləri ruhdan salmaq istəmir. Əksinə, onların artıq hansı yeni həqiqətin iştirakçısı olduqlarını dərk etmələrinə kömək etmək istəyir: «Siz də özünüzü günah üçün ölü, Məsih İsada isə Allah üçün diri hesab edin». Məsih necə ölüb dirildisə, biz də Vəftizdə günah üçün öldük və bundan sonra yenilənmiş həyatla yaşamaq çağırışı aldıq. Deməli, günah və ölümün yaraladığı insan təbiətimizdə bundan sonra dirilmiş Məsihin qüdrəti yaşayır. Bu, yeni bəşəriyyətin toxumudur. Əbədiyyət toxumudur. Başqa sözlə desək, bu gün hər birimiz özümüzə belə deyə bilərik: zəif və günahkar olsam da, bir həqiqət dəyişməzdir – mən Səma üçün yaradılmışam.
İNCİL Matta 10,37-42
Atasını ya anasını Məndən artıq sevən kəs Mənə layiq deyil. Oğlunu ya qızını Məndən artıq sevən də Mənə layiq deyil. Çarmıxını götürməyib ardımca gələn kəs də Mənə layiq deyil. Canını qoruyan kəs onu itirəcək, Mənim uğrumda canını itirənsə onu qoruyacaq. Sizi qəbul edən kəs Məni qəbul edər. Məni qəbul edən də Məni Göndərəni qəbul edər. Peyğəmbəri peyğəmbər olduğu üçün qəbul edən kəs peyğəmbərə layiq bir mükafat alacaq. Salehi saleh olduğu üçün qəbul edən də salehə layiq bir mükafat alacaq. Kim bu kiçiklərdən birinə şagird olduğu üçün hətta bir kasa soyuq su içirdərsə, sizə doğrusunu deyirəm: mükafatsız qalmayacaq».
Təfsir
Ötən bazar günü bizə İncilin sevincini hər kəsə cəsarətlə çatdırmaq tapşırılmışdı. Çünki bilirik ki, Allah həyatımızın hər anına qayğı göstərir və heç nə Onun məhəbbətindən kənarda qalmır. Bu gün isə, xüsusilə də birinci oxunuşun işığında, Rəbb bizə göstərir ki, yaxınımıza məhəbbətlə edilən hər bir yaxşılıq əbədi xilas yolunda dəyər qazanır. Lakin bunun üçün ilk növbədə qəlbimizdəki bağlılıqları düzgün nizama salmalı, Allahı hər şeydən üstün tutmalıyıq. İsa buna görə deyir: «Atasını və ya anasını Məndən çox sevən Mənə layiq deyil». O, ailə bağlarının əhəmiyyətini azaltmaq istəmir. Əksinə, bizə öyrədir ki, Allahla münasibətimiz nə qədər möhkəm və dərin olarsa, yaxınlarımızla münasibətlərimiz də bir o qədər həqiqi və İncil ruhuna uyğun olacaq. İncilə uyğun yaşamaq üçün qeyri-adi qəhrəmanlıqlara ehtiyac yoxdur. Bu həyatın dəyəri gündəlik həyatın ən sadə məhəbbət əməlləri ilə ölçülür. İsa buyurur: «Kim bu kiçiklərdən birinə, şagird olduğu üçün, heç olmasa bir kasa soyuq su versə, mükafatını əsla itirməyəcək». Bu mükafat Məsihlə birlikdə olmaqdır. Çünki O deyir: «Canını qorumaq istəyən onu itirəcək, Mənim uğrumda canını itirən isə onu qoruyacaq». Keçici istəklərimizdən, öz rahatlığımızdan və şəxsi mənafelərimizdən imtina etməyi öyrəndikcə, birinci oxudakı qadın kimi biz də Allahın bəxş etdiyi sevincin nə qədər bərəkətli və həyatverici olduğunu kəşf edəcəyik.