Armada məscid maketinin yandırılması xristian liderləri tərəfindən pislənib
Vatican News tərəfindən
Arma şəhərinin katolik arxiyepiskopu İmon Martin və İrlandiya Kilsəsinin Arma şəhəri üzrə arxiyepiskopu Con Makdauell Şimali İrlandiyada məscid maketinin yandırılmasını pisləyən birgə bəyanat yayıblar. Onlar bu hərəkəti «son dərəcə təhqiredici» adlandıraraq bildiriblər ki, belə bir təxribat son iğtişaşlardan sonra onsuz da gərgin olan vəziyyəti daha da ağırlaşdıra bilər.
Arxiyepiskoplar Xeyirxah Samariyalı haqqında İncil hekayəsini xatırladaraq vurğulayıblar ki, İsa Öz davamçılarını fərqli dinə və ya mədəniyyətə mənsub insanlara sadəcə dözümlə yanaşmağa deyil, onları yaxınları kimi qəbul edib «hörmət etməyə, qayğı göstərməyə və sevməyə» çağırır.
Onların sözlərinə görə, «qara niyyətli qüvvələrin kobud rəmzlərdən və zorakılıq hədələrindən istifadə edərək» müsəlman icmasını hədəfə alması İncilin hörmət və mərhəmət çağırışına tamamilə ziddir. Bu, eyni zamanda din azadlığı kimi fundamental demokratik prinsipin də kobud şəkildə pozulmasıdır.
Baş verən hadisədən dərin narahatlıq ifadə edən arxiyepiskoplar qeyd ediblər ki, məscid maketinin yandırılması xüsusilə həssas bir dövrdə baş verib. Çünki son iğtişaşlar nəticəsində əmlaka ciddi ziyan dəyib, çoxsaylı insanlar və ailələr böyük çətinliklərlə üzləşiblər.
Onlar xristian rəmzlərinə qarşı ediləcək oxşar hərəkətlə müqayisə apararaq bildiriblər ki, xristianlar «öz müqəddəs rəmzlərinin mənasız şəkildə məhv edilməsindən dəhşətə gələrdilər». Buna görə də başqa dinlərin ardıcılları üçün müqəddəs sayılan rəmzlərin bilərəkdən təhqir edilməsinə də eyni dərəcədə qəti etiraz göstərilməlidir.
Hər iki kilsə rəhbəri xristianları və «bütün xoş niyyətli insanları» öz söz və əməllərinin sülhə, yoxsa zorakılığa xidmət etdiyini düşünməyə çağırıblar. Onlar vurğulayıblar ki, hər bir insan Allahın surətində yaradılıb və buna görə də hər kəs ləyaqətə, hörmətə və mərhəmətə layiqdir.
Bəyanatın sonunda arxiyepiskop Martin və arxiyepiskop Makdauell müsəlman icmasına, eləcə də Şimali İrlandiyada yaşayan və çalışan bütün insanlara cəmiyyətin böyük əksəriyyətinin onlara hörmət və xoş münasibət bəslədiyini bir daha bildiriblər.