Liturgiya oxunuşları: 10 İYUL. Adi Dövrün XIV həftəsinin cüməsi
BİRİNCİ OXUNUŞ Huşə 14, 2-10
Allahın Rəbbə üz tut, ey İsrail, çünki günahlarından ötrü büdrədin. Dua sözləri ilə Rəbbə tərəf dönün. Ona belə deyin: «Hər qəbahətimizi bağışla, bizi mərhəmətlə qəbul et. Buğalar yerinə ağzımızdan çıxan şükürləri təqdim edirik. Aşşur bizi xilas etməyəcək, atların belinə minməyəcəyik, artıq əl işlərimizə “Allahlarımız” deməyəcəyik. Çünki yetim Səndən mərhəmət görəcək». «Onların dönüklüyünə əlac edəcəyəm, onları ürəkdən sevəcəyəm, çünki qəzəbim onlardan vaz keçdi. Mən İsrailə bir şeh olacağam, o, zanbaq kimi çiçək açacaq, Livan sidri kimi kök atacaq. Qollu-budaqlı olacaq, zeytun ağacı kimi gözəl olacaq, Livan sidri kimi ətir saçacaq. Adamlar yenə də kölgəsi altında oturub buğda kimi cücərəcək, meynə kimi tumurcuqlayacaq, şöhrəti Livan şərabı kimi olacaq. Efrayim deyəcək: “Artıq bütlər nəyimə gərəkdir?” Mən onun səsini eşidəcəyəm, ona nəzər salacağam. Mən həmişəyaşıl şam kimiyəm, sənin bar verməyin Məndən gələcək. Kim müdrikdirsə, bu sözləri dərk etsin, kim dərrakəlidirsə, bunları başa düşsün. Çünki Rəbbin yolları düzdür. Salehlər o yollarla gedir, ancaq üsyankarlar o yollarda büdrəyir.
Təfsir
Huşə peyğəmbərin kitabının sonunda Rəbb Özü həqiqi tövbə duasının sözlərini xalqına təlqin edir. Bugünkü parçada oxuduğumuz ən dəqiq, ən dərin və ən doğru ifadə belə səslənir: «Artıq əl işlərimizə “Allahlarımız” deməyəcəyik». İlk günahdan başlayaraq bütün insan pisliyinin kökü məhz burada gizlənir: Allahın bizə bəxş etdiyi ağıl və nemətlərdən istifadə edib öz əməyimizin məhsulunu bütə çevirmək. Allah insanın baxış üfüqündən yox olanda hər şey bütə çevrilə bilər: insan ideologiyaları, elm, texnologiyalar, xarizmatik lider, böyük sərvət gətirən iş və sair. Qədim israillilər üçün bütlər qonşu xalqların məbudları ola bilərdi, çünki onlar başqa xalqlar kimi yaşamaq istəyirdilər. Bizim üçün bəlkə də bu cür sınaq artıq o qədər güclü deyil, lakin başqa çoxlu vəsvəsələr var. Hər şey, sözün əsl mənasında hər şey bizə Allaha çatmaq üçün verilib: yaradılışın özü dayanmadan Yaradan haqqında danışır. Gəlin bu gün bizə təqdim olunan duanı öz duamıza çevirək və onu tez-tez təkrarlayaq ki, qəlbimiz bəzən tam fərqinə belə varmadan içində yaşadığımız müxtəlif bütpərəstlik formalarından təmizlənsin.
İNCİL Matta 10,16-23
Budur, sizi qurdlar arasına quzular kimi göndərirəm. Ona görə də ilan kimi müdrik və göyərçin kimi məsum olun. İnsanlardan özünüzü gözləyin. Çünki onlar sizi məhkəmələrə çəkəcək, sinaqoqlarında qamçılayacaqlar. Onlara və millətlərə şəhadət etmək üçün siz Mənə görə valilərin və padşahların qarşısına aparılacaqsınız. Onlar sizi təslim edəndə necə və ya nə deyəcəyiniz barədə qayğı çəkməyin. Nə deyəcəyiniz həmin vaxt sizə bildiriləcək, çünki danışan siz yox, sizdə danışan Atanızın Ruhudur. Qardaş qardaşı, ata övladını ölümə təslim edəcək. Övladlar ata-anasına qarşı çıxıb onları edam etdirəcək. Mənim adıma görə hamı sizə nifrət edəcək. Amma axıracan dözən xilas olacaq. Sizi bir şəhərdə təqib edəndə başqasına qaçın. Çünki sizə doğrusunu deyirəm: siz İsrail şəhərlərini dolaşıb-qurtarmamış Bəşər Oğlu gələcək. Şagird müəllimindən, qul da ağasından üstün deyil. Şagirdin öz müəllimi, qulun isə öz ağası kimi olması ona kifayətdir. Əgər ev sahibinə Baal-Zevul dedilərsə, onun ailə üzvlərinə bundan nə qədər artıq deyəcəklər! Beləliklə, onlardan qorxmayın. Çünki elə örtülü bir şey yoxdur ki, aşkara çıxmayacaq və elə gizli bir şey yoxdur ki, bilinməyəcək.
Təfsir
Ətrafdakı şərait heç də sakit və rahat deyil. İsa açıq şəkildə xəbərdarlıq edir: «Mənim adıma görə hamı sizə nifrət edəcək». İnsanların düşmənçiliyi və xoşagəlməz münasibəti ilə üzləşmək asan deyil. Lakin bu, həm də doğru yolda olduğumuzun əlamətidir. Çünki əslində rədd edilən biz deyil, sözlərimiz və həyatımız vasitəsilə şəhadət etdiyimiz həqiqətdir. İsa bizdən insanların fikrindən, başqalarının rəddindən və ya təhqiredici sözlərindən qorxmamağı istəyir. Onun bəxş etdiyi sülh hər cür əzabdan müqayisəolunmaz dərəcədə üstündür. Üstəlik, biz qəti şəkildə bilirik ki, məhəbbətlə qəbul edilən təqiblər hətta təqib edənlərin özlərini də dəyişdirmək gücünə malikdir. Müqəddəs Stefan daşqalaq edilərək öldürülür. Şaul isə nifrətlə dolu halda yaxınlıqda dayanır və onu daşlayanların paltarlarını qoruyur. Lakin Məsihə sadiq şagirdin bu qurbanı sonradan başqa xalqların böyük həvarisi olacaq Şaulun (Paulun) möhtəşəm iman gətirməsinə zəmin hazırlayır. Həqiqətlə heç bir güzəştə getməməli, heç bir qorxuya yer verməməliyik. Çünki çəkdiyimiz hər bir əzab öz mükafatını alacaq. Axı başqalarının qəlbinə təsir edən biz, zəif insanlar deyil, Müqəddəs Ruhdur. O, bizə lazım olan sözləri deməyə ilham verdiyi kimi, bizi təqib edənlərin qəlbinə də Öz nurunu göndərir ki, onlar da ürəklərini açaraq İsanı yeganə Xilaskarları kimi qəbul edə bilsinlər.