Müqəddəs Benedikt, Avropanın himayədarı Müqəddəs Benedikt, Avropanın himayədarı  (Suor Amata J. Nowaszewska CSFN)

Liturgiya oxunuşları: 11 İYUL. Müq. Nursiyalı Benedikt

“Allaha həsr olunmuş həyat xoşbəxt həyatdır. Bu həyat hər gün dua, Müqəddəs Ayinlər və Rəbbin yolumuza çıxardığı bacı-qardaşlarla görüşlər vasitəsilə yenilənir. Əgər hiss edirsinizsə ki, Məsih sizi keşişlik və ya rahiblik kimi xüsusi həsrolunma yolu ilə Onun ardınca getməyə çağırır, bu çağırışdan qorxmayın. Onun izi ilə cəsarətlə addımlayın. Çünki O Özü vəd edib: “...yüz dəfə artıq alacaq və əbədi həyatı da irs olaraq alacaqsınız” (Papa XIV Leo).

Müqəddəsliyi və möcüzələri ilə şöhrət qazanmış insan

Müqəddəs Benediktin həyatı haqqında bizə ətraflı məlumat verən yeganə müəllif Müqəddəs Böyük Qriqoridir. O, özünün «Dialoqlar» əsərində müqəddəsin həyatı və möcüzələri barədə rəvayət edir. Müxtəlif şahidlərin ifadələrini toplayan, bu möcüzələri təsvir edib onların mənəvi məzmununu izah edən Müqəddəs Qriqoriy, hər şeydən əvvəl, Müqəddəs Benediktin həqiqi ruhani simasını oxucuya çatdırmağa çalışır. Bu möcüzələrin təsvir edilməsində məqsəd Benediktdə Məsihin, eləcə də Peterin, Musanın, İlyasın, Elişanın, Davudun və digər salehlərin ruhunun və qüdrətinin fəaliyyət göstərdiyini mümkün qədər aydın şəkildə göstərmək idi. Müqəddəs Qriqoriy yazır: «Mənim qənaətimə görə, bütün salehlərin ruhu bu müqəddəsimizdə cəmlənmişdi». Müqəddəs Benedikt təxminən 480-ci ildə Qərbi Roma imperiyasının süqutu ilə səciyyələnən mürəkkəb tarixi dövrdə, Nursiya şəhərində varlı bir ailədə dünyaya gəldi. Onun Sxolastika adlı əkiz bacısı var idi. Təhsil almaq üçün Romaya getsə də, şəhərdə hökm sürən mənəvi pozğunluq onu bu həyatdan uzaqlaşmağa sövq etdi. O, Subiako yaxınlığındakı bir mağarada üç il tənha zahid həyatı sürdü. Sonralar həmin ərazidə on iki kiçik monastır icması yaratdı və şagirdlərinin ruhani formalaşması ilə şəxsən məşğul oldu. 529-cu ildə Müqəddəs Benedikt Monte-Kassino monastırını təsis etdi və burada Müqəddəs İoann Kassianın və Müqəddəs Böyük Bazilin monastır qaydalarından ilhamlanaraq özünün məşhur «Nizamnamə»-sini qələmə aldı. O, ətraf bölgələrdə hələ də bütpərəst olaraq qalan əhali arasında Müjdəni təbliğ edir, monastır ilə onun ətrafındakı torpaqlar arasında dərin və canlı əlaqə yaradırdı. Onun məşhur «Ora et labora» («Dua et və çalış») kəlamı yalnız rahiblərin həyat qaydasına çevrilmədi, həm də Qərb sivilizasiyasının iman, dua və zəhmət ruhunda formalaşmasına böyük təsir göstərdi. Onun əsas prinsipi «Hər şeydə Allahı izzətləndirmək» idi; yəni həm dua ilə, həm də gündəlik zəhmətlə Rəbbə xidmət etmək. «Nizamnamə»-də sırf monastır həyatına aid bir neçə fəsil istisna olmaqla, təqdim olunan ruhani təlim İncilə o qədər uyğundur ki, hər bir mömin üçün faydalı ola bilər. Müqəddəs Benediktin şöhrəti qısa zamanda geniş yayıldı. O, möcüzələr göstərmək lütfü ilə yanaşı, peyğəmbərlik ruhuna, insanların vicdanını oyatmaq və şeytani qüvvələri ram etmək kimi ilahi ənamlara da malik idi. Müqəddəs Benedikt rahiblərinə öz vəfat edəcəyi günü əvvəlcədən xəbər vermiş və ölümündən altı gün əvvəl qəbrinin hazırlanmasını əmr etmişdi. Müəyyən olunmuş gün o, özünü oratoriyaya aparmağı xahiş etdi və orada Məsihin Bədənini və Qanını qəbul etdi. Son nəfəsinə qədər rahiblərinin köməyi ilə ayaq üstə dayanaraq əllərini göyə qaldırmış halda dua etdi. 1964-cü ildə Müqəddəs Papa VI Pavel Müqəddəs Benedikti Avropanın himayədarı elan etdi.

BİRİNCİ OXUNUŞ Məs 2,1-9

Oğlum, əgər sözlərimi qəbul etsən, əmrlərimi qorusan, qulağını hikmətə tərəf çevirsən, ürəyini dərrakəyə tərəf meyl etdirsən, sən, həqiqətən, idrakı çağırsan, səs ucaldıb dərrakəni səsləsən, bunları gümüş kimi axtarsan, gizli xəzinə kimi arasan, onda Rəbb qorxusunu anlayarsan, Allahı tanıyarsan. Çünki Rəbb hikmət verir, Onun ağzından bilik və dərrakə çıxır. O, əməlisalehlərin sağlam şüurunu qoruyur, kamalla gəzənlərə sipər olur. O, ədalətin yollarını qoruyur, möminlərin yollarını hifz edir. Onda salehlik və ədaləti dərk edərsən, insafı, bütün yaxşı yolları tanıyarsan.

Təfsir

Müqəddəs Nursiyalı Benedikt üçün həqiqi rahibin ilk və ən mühüm xüsusiyyəti Allahı dinləməkdir. Onun məşhur «Nizamnamə»-si bu sözlərlə başlayır: «Dinlə, ey oğlum, müəllimin nəsihətlərini, qəlbinin qulağını onlara aç; qayğıkeş atanın öyüdünü həvəslə qəbul et və onu səylə həyata keçir». Bu sözlər bu gün oxuduğumuz Süleymanın Məsəlləri Kitabındakı nəsihətlə çox səsləşir. Danışmazdan əvvəl biz daim bizə müraciət edən Allahın səsini eşitməyi öyrənməliyik. Təsadüfi deyil ki, bu çağırış Əhdi-Ətiqdə dəfələrlə təkrarlanır: «Dinlə, ey İsrail! Allahımız Rəbb yeganə Rəbdir...» (Qanunun Təkrarı 6,4). Mərkəzi İtaliyadakı benedikt monastırlarından birində, kilsənin girişində Müqəddəs Benediktin böyük bir heykəli ucalır. Onun şəhadət barmağı sükuta çağırış olaraq dodaqlarına toxunur, qulaqları isə adi ölçüdən iki-üç dəfə böyük təsvir olunub. Bu, Allahın səsini dinləmək bacarığının rəmzidir. Bu çağırış yalnız rahiblərə deyil, bütün insanlara aiddir. Çünki Səmavi Ata Tabor dağındakı İsanın Surətinin Dəyişilməsi zamanı hər birimizə belə müraciət etmişdir: «Bu Mənim Sevimli Oğlumdur, Ona qulaq asın!» (Luka 9,35).

İNCİL Matta 19, 27-29

Bundan sonra Peter cavab verərək Ona dedi: «Bax biz hər şeyi qoyub Sənin ardınca gəlmişik, əvəzində nəyimiz olacaq?» İsa onlara dedi: «Sizə doğrusunu deyirəm: hər şey yeniləşəndə, Bəşər Oğlu izzətli taxtına oturanda Mənim ardımca gələn sizlər də İsrailin on iki qəbiləsinə hökm etmək üçün on iki taxt üzərində oturacaqsınız. Mənim adım uğrunda ya evlərini ya qardaşlarını ya bacılarını ya atasını ya anasını ya uşaqlarını və yaxud tarlalarını atan hər kəs bundan yüz dəfə artıq alacaq və əbədi həyatı da irs olaraq alacaq.

Təfsir

Peterin sualı ilk baxışda bir qədər mənfəət güdən insanın sualı təsirini bağışlayır və əslində elədir. Həvari soruşur: etdiyimiz fədakarlığın və hər şeydən imtina etməyimizin qarşılığında bizi hansı mükafat gözləyir? Lakin Rəbb onun bu qədər insani görünən sualına görə incimir və onu məzəmmət etmir. Əksinə, böyük məmnuniyyətlə cavab verir. Bəli, mükafat vardır və o, insanın bütün gözləntilərini qat-qat üstələyir: tərk etdiyindən yüz qat artıq, ölümdən sonra isə əbədi həyat. Mükafat gözləmək qınanılacaq bir şey deyil. Çünki görülən xeyirxah əməyin öz mükafatı olmalıdır. Biz də övladlarımızı belə həvəsləndiririk, rəhbər öz əməkdaşlarını, müəllim isə şagirdlərini belə təşviq edir. Buna görə də Rəbbin vəd etdiyi nemətləri gələcəkdə əldə etmək ümidi ilə səylə çalışmaq tamamilə doğrudur. Lakin zaman keçdikcə məhəbbət saflaşır. Nəticədə biz artıq Rəbbin üzüm bağında mükafat naminə deyil, yalnız Onunla birlikdə olmağın sevincinə görə xidmət etməyə başlayırıq. «Bax, biz hər şeyi qoyub Sənin ardınca gəldik», – deyə Peter söyləyir. Rəbb isə sanki onun sözünü tamamlayaraq belə cavab verə bilərdi: «...və hər şeyi qazandınız!» Həqiqətən də belədir. Xristian vəhyinin əzəmətini və gözəlliyini bir dəfə olsun dadan insan Rəbb İsa ilə həmişə birlikdə qalmaq və Ondan heç vaxt ayrılmamaq naminə hər cür fədakarlığa hazır olar.

10 iyul 2026, 12:49