2020.07.24 Vangelo del giorno parabola del seminatore

Liturgiya oxunuşları: 12 İYUL. Adi Dövrün XV Rəbb günü

“Toxumu hətta daşların və yolun üzərinə də səpən əkinçi Allahın hesab bilməyən, hüdudsuz məhəbbətinin rəmzidir. Toxum Allahın Kəlamıdır, tarla isə həm bizim qəlbimiz, həm də dünya, icma və Kilsədir. Torpaq, həyatımızdakı vəziyyətlər kimi müxtəlif cür ola bilər. Məhsul torpağın keyfiyyətindən asılı olsa da, əsas olan əkinçinin səxavətidir: Allah torpağın mükəmməl olmasını gözləmir. O, Öz Kəlamını həmişə səxavətlə bəxş edir, bizə etibar edir və toxumun cücərəcəyinə ümid bəsləyir” (Papa XIV Leo).

BİRİNCİ OXUNUŞ  Yeşaya 55,10-11

Yağış və qar necə göylərdən yağıb oraya qayıtmırsa, ancaq torpağı sulayıb yeri məhsuldar edirsə, əkinçiyə toxum, yeyənə çörək verirsə, ağzımdan çıxan kəlmə də belədir: boş yerə yanıma qayıtmaz, ancaq istədiyimi yerinə yetirər, onu göndərdiyim iş icra olunsun deyə həyata keçirər.

Təfsir

Allahın Kəlamı insanın onu necə qəbul etməsindən asılı olmayaraq ilahi təsir gücünə malikdir. O, bitki toxumuna bənzəyir: öz daxilində cücərtini daşıyır və buna görə də gələcək bitkinin bütün imkanını özündə ehtiva edir. Əgər toxum kök atmırsa, bunun səbəbi onun uyğun torpaq tapmaması və ya başqa maneələrin mövcud olmasıdır. Lakin cücərmədiyinə görə toxumu günahlandırmaq olmaz. Düşünün ki, Allahın Kəlamı həmin gün Messada iştirak edən Müqəddəs Böyük Antoniyə və onunla birlikdə olan digər insanlara nə qədər fərqli təsir göstərmişdi. O, adi həyatını yaşayırdı və İncilin bu sözlərini eşitdi: « Əgər kamil olmaq istəyirsənsə, get, əmlakını sat və yoxsullara payla...Sonra qayıt, Mənim ardımca gəl» (Matta 19,21). O isə nə etdi? Məbəddən çıxan kimi malik olduğu hər şeyi satdı, halbuki çox varlı idi,  və bütün həyatını dua ilə Allaha həsr etmək üçün mağarada yaşamağa getdi. Beləcə, hamımızın tanıdığı o böyük müqəddəsə çevrildi. Həmin Messada onunla birlikdə dua edən digər insanlar isə evlərinə qayıdaraq əvvəlki həyatlarını davam etdirdilər. Bəziləri sanki heç nə eşitməmişdilər. Başqaları isə, ola bilsin, var-dövlətə həddindən artıq bağlanmağın düzgün olmadığını düşündülər. Ancaq onların heç birinin ağlına hər şeydən imtina edib zahid həyatına başlamaq gəlmədi.

İKİNCİ OXUNUŞ Rom 8,18-23

Belə düşünürəm ki, çəkdiyimiz indiki əzablar bizə zahir olacaq izzətlə heç müqayisəyə gəlməz. Yaradılış Allahın oğullarının zahir olmasını böyük həsrətlə gözləyir. Çünki yaradılış öz iradəsi ilə deyil, onu Təslim Edənin iradəsi ilə puçluğa təslim edildi. Amma ümidvardır ki, yaradılış özü də çürüməyə əsir olmaqdan xilas olub, Allah övladlarının izzətli azadlığına qovuşacaq. Çünki bilirik ki, bütün yaradılış indiyəcən birlikdə inildəyib doğuş ağrısı çəkir. Ancaq təkcə yaradılış yox, Ruhun nübarını alan biz özümüz də övladlığa qəbul olunmağımızı, yəni bədənimizin satın alınmasını gözləyərək içimizdə inildəyirik.

Təfsir

Biz adətən yaradılmış aləmi özümüzdən ayrı, bizdən kənarda mövcud olan bir reallıq kimi qəbul edirik. Təbiəti – ağacları, ulduzları, pişikləri və bizi əhatə edən hər şeyi görür, bunu sadəcə bir gerçəklik kimi qəbul edir və ehtiyacımız olan qədər ondan istifadə edirik; bəzən düzgün, bəzən isə düzgün olmayan şəkildə. Əslində isə bizi əhatə edən bütün yaradılış müəyyən mənada xilasını məhz bizdən gözləyir. Bu necə mümkündür? Axı cansız aləm xilasa necə ümid bəsləyə bilər? Onun üzərində heç bir günah yoxdur, o, özlüyündə neytraldır. Doğrudan da, təbiətin ünsürlərinin öz iradəsi yoxdur və onlar şər işlədə bilməzlər. Lakin danılmaz həqiqət budur ki, onlar bizim taleyimizi bizimlə birlikdə bölüşürlər. Yer üzündəki cənnətdə insanla bütün yaradılış arasında tam harmoniya hökm sürürdü; təbiətdə təhlükə və düşmənçilik yox idi. Ancaq ilk günahdan sonra təbiət qüvvələri insan üçün təhlükəli, hətta düşmən ola bilər. Elə buna görə də böyük italyan şairi Cakomo Leopardi təbiəti «ana» deyil, «ögey ana» adlandırırdı. Bəs biz heyvanları və bitkiləri necə xilas edə bilərik? Onları sevərək, təbiəti bizə bəxş edildiyi kimi qoruyaraq və ondan minnətdarlıqla istifadə edərək. Belə olduqda yaradılmış aləm bizim həyatımıza daxil olur və müəyyən mənada «bizdə» xilasa qovuşur. Çünki o da bizim taleyimizə şərikdir.

İNCİL Matta 13,1-23

O gün İsa evdən çıxdı və gedib göl kənarında oturdu. Yanına elə böyük izdiham toplaşdı ki, Özü bir qayığa minib oturdu və bütün izdiham sahildə durdu. İsa onlara məsəllərlə bir çox şey öyrədərək dedi: «Bir əkinçi toxum səpməyə çıxdı. Səpin zamanı toxumlardan bəzisi yol kənarına düşdü və quşlar gəlib onları dənlədi. Bəzisi torpağı çox olmayan daş-kəsəkli yerlərə düşdü. Torpağı dərin olmadığına görə tez cücərdi. Lakin günəş doğanda qarsalandı və kökləri olmadığına görə qurudu. Bəzisi tikanlar arasına düşdü. Tikanlar böyüyüb onları boğdu. Başqaları isə münbit torpağa düşdü. Bəzisi yüz, bəzisi altmış, bəzisi otuz qat səmərə verdi. Qulağı olan eşitsin!» Şagirdlər İsaya yaxınlaşıb dedilər: «Nə üçün onlara məsəllərlə danışırsan?» O isə onlara belə cavab verdi: «Səmavi Padşahlığın sirlərini bilmə qabiliyyəti sizə verilmişdir, lakin onlara verilməmişdir. Çünki kimin varıdırsa, ona daha çox veriləcək və o, bolluq içində olacaq. Amma kimin yoxudursa, əlində olan da ondan alınacaq. Mənim onlarla məsəllərlə danışmağımın məqsədi budur ki, “gördükləri halda görməzlər, eşitdikləri halda eşitməzlər və anlamazlar”. Yeşaya peyğəmbərin onlar üçün dediyi bu sözlər yerinə yetir: “Eşitdikcə eşidəcəksiniz, amma anlamayacaqsınız, gördükcə görəcəksiniz, amma qanmayacaqsınız. Çünki bu xalqın ürəyi kütləşdi, qulaqları ağır eşitdi, gözlərini yumdular ki, gözləri ilə görməsinlər, qulaqları ilə eşitməsinlər, ürəkləri ilə anlamasınlar və Mənə sarı dönməsinlər ki, Mən onlara şəfa verim”. Amma sizin gözləriniz nə bəxtiyardır, çünki görür və qulaqlarınız nə bəxtiyardır, çünki eşidir! Sizə doğrusunu deyirəm: bir çox peyğəmbərlər və saleh adamlar sizin gördüklərinizi görməyi arzuladılar, amma görmədilər, eşitdiklərinizi eşitməyi arzuladılar, amma eşitmədilər. İndi əkinçi barədə məsəlin izahını dinləyin: kim Səmavi Padşahlıqla bağlı kəlamı eşidib anlamırsa, şər olan gəlib onun ürəyində səpilmiş olanı oğurlayır. Yol kənarına səpilən toxum budur. Daş-kəsəkli yerlərə səpilən isə kəlamı eşidir və dərhal sevinclə qəbul edir. Lakin onda kök olmadığına görə dözümü az olur, kəlama görə əziyyət və təqibə məruz qalan kimi yıxılır. Tikanlar arasına səpilən odur ki, kəlamı eşidir, lakin bu dövrün qayğıları və var-dövlətin aldadıcılığı kəlamı boğur və kəlam barsız olur. Münbit torpağa səpilənsə odur ki, kəlamı eşidir, anlayır və doğrudan da, səmərə verir: bəzisi yüz, bəzisi altmış, bəzisi otuz qat.

Təfsir

Bu İncil parçasında bir-biri ilə sıx bağlı olan üç məqam var: İsa əvvəlcə əkinçi haqqında məsəl danışır, sonra onun mənasını açıqlayır və nəhayət, nə üçün ümumiyyətlə məsəllərlə danışdığını izah edir. Məsəl canlı və obrazlı bir hekayədir. O, çatdırılmaq istənilən həqiqəti daha asan başa düşülən və yadda qalan edir. İsa şagirdləri ilə Səmavi Padşahlığın sirlərindən birbaşa danışa bilirdi. Onlarla birlikdə yaşadığı üçün lazım gəldikcə bu sirləri daha dərindən izah etmək və açıqlamaq imkanı var idi. Təsadüfi dinləyicilər üçün isə qısa, aydın və hər kəsin anlaya biləcəyi obrazlardan istifadə etmək daha münasib və daha təsirli idi. Bununla belə, elələri də var idi ki, məsəlləri belə anlamaq istəmirdilər. Fərisilər eşitməmək üçün qulaqlarını qapayırdılar. Belə olan halda İsa daha nə edə bilərdi? Onlar həqiqəti izah etməyin hər cür yolunu rədd edirdilər və bununla da qəlblərinin qapalı olduğunu göstərirdilər. Məhz onlar toxumun kök sala bilmədiyi şüurlu şəkildə daşlaşmış torpağı təmsil edirlər. Bizə isə hər iki məktəb bəxş edilib. Bir tərəfdən, qəlbimizə ilk toxumu səpən məsəl var; digər tərəfdən isə Səmavi Padşahlığın sirlərini daha dərindən və dolğun şəkildə dərk etməyimiz üçün zəruri olan təlim, Müqəddəs Yazını mütaliə etmək, müqəddəslərin həyatını öyrənmək və dua həyatı var.

11 iyul 2026, 15:43