ITALY-VATICAN-RELIGION-POPE-CASTEL GANDOLFO-ANGELUS

Papa: Qəlbimiz qəddardısa, Allahı Ata deyə çağıra bilmərik

Papa XIV Leo Müqəddəs Peter Meydanına toplaşan imanlılara “Atamız” duasının əhəmiyyətini açıqlayıb.

“RƏBBİN MƏLƏYİ”

Müqəddəs Peter Meydanı
Rəbbin günü, 27 iyul 2025

Əziz bacılar və qardaşlar, Rəbb gününüz mübarək olsun!

Bugünkü İncildə İsa Öz şagirdlərinə “Göylərdə olan Atamız” duasını öyrədir (Luka 11, 1-13). Bu, bütün xristianları birləşdirən duadır. Rəbb bizi Allaha uşaq kimi “sadəlik, övlad etibarı... cəsarət, sevildiyimizə inamla Abba  -  Ata” deyə müraciət etməyə çağırır. (Katolik Kiləsinin Katexizisi, 2778).

Katolik Kilsəsinin Katexizisi bunu çox gözəl ifadə edir: “Beləliklə, Rəbbin Duası Atanı bizə açdığı kimi, özümüzü də bizə göstərir” (KKK, 2783). Həqiqətəndə, bu necə də doğrudur, çünki biz səmavi Atamıza inamla dua etdikcə, sevimli övladlar olduğumuzu daha çox kəşf edirik və Onun məhəbbətinin böyüklüyünü bir o qədər çox dərk edirik (Rom 8, 14-17).

Bugünkü İncil canlı obrazlar vasitəsilə Allahın atalıq xüsusiyyətlərini təsvir etməyə davam edir: dostuna gözlənilməz qonağı qarşılamağa kömək etmək üçün gecənin bir yarısı qalxan adam; və uşaqlarına hər şeyin ən yaxşısını verməyi düşünən bir valideyn.

Bu təsvirlər bizə xatırladır ki, biz, bəlkə də etdiyimiz səhvlərə, əldən verilmiş fürsətlərə, uğursuzluqlara görə Onun qapısını döyməyə geciksək də, Onun hüzuruna gəldiyimiz zaman və ya hətta bizi qəbul etmək üçün evdə yatan övladlarını “oyatmalı” olsa belə, Allah heç vaxt bizdən üz döndərmir (Luka 11, 7). Həqiqətən də, Kilsənin böyük ailəsində Ata bizi hər bir məhəbbət əməllərinin iştirakçısı etməkdən çəkinmir. Biz Ona dua edəndə Rəbb həmişə bizi eşidir. O, bizə bəzən başa düşülməsi çətin olan üsullarla cavab verirsə, bunun səbəbi Onun bizim idrak edə bilməyəcəyimiz hikmət və bəsirət ilə hərəkət etməsidir. Buna görə də belə anlarda belə dua etməyi dayandırmayaq – və ümidlə dua edək – çünki Onda biz həmişə işıq və güc tapacağıq.

Biz “Atamız”duasını oxuyanda təkcə Allahın övladları olmağın lütfünü qeyd etmirik, həm də Məsihdə qardaş və bacı kimi bir-birimizi sevməklə bu hədiyyəyə cavab verməyə hazır olduğumuzu bildiririk. Bu barədə düşünərək, Kilsə Atalarından biri yazırdı: “Biz yadda saxlamalıyıq... və bilməliyik ki, Allahı “Atamız” adlandırmaqla özümüzü Allahın övladları kimi aparmalıyıq” (Müqəddəs Karfagenli Kiprian, De Dom. orat., 11), digəri isə əlavə edir: “Əgər ürəyiniz qəddar və insanlıqdan uzaqdırsa, siz bütün yaxşılıqların Allahını Ata deyib çağıra bilməzsiniz; çünki Səmavi Atanın lütf möhürü sizdə yoxdur” (Müqəddəs İoann Xrizostom, De orat. Dom., 3). Biz Allaha “Ata” kimi duada müraciət edib, başqalarına qarşı sərt və laqeyd davrana bilmərik. Əksinə, Onun xeyirxahlığının, səbrinin, mərhəmətinin bizi dəyişdirməsinə icazə vermək vacibdir ki, Onun Siması güzgüdəki kimi bizdə də əks edilsin.

Əziz qardaşlar və bacılar, bugünkü liturgiya bizi dua və sədəqə vasitəsilə sevildiyimizi hiss etməyə və Allahın bizi sevdiyi kimi  - açıq, təmkinli, qarşılıqlı qayğı ilə və riya olmadan - sevməyə dəvət edir: Gəlin Məryəmdən bu çağırışa cavab verməkdə bizə kömək etməsini xahiş edək ki, Atanın Simasının şirinliyini göstərə bilək.

“Rəbbin Mələyi” duasından sonra

Əziz bacılar və qardaşlar,

Bu gün biz, "Ümidini itirməyənlər nə bəxtiyardır" mövzusuna həsr edilmiş V Ümumdünya Babalar və Nənələr və Yaşlılar Gününü qeyd edirik. Gəlin yeni nəsillərə yol göstərməyə qadir olan ümidin şahidləri olan nənə və babalara, ahıllara baxaq. Gəlin onları tək qoymayaq, əksinə onlarla sevgi və dua bağı yaradaq.

Qəlbim dünyada münaqişə və zorakılıqdan əziyyət çəkənlərin hamısına yaxındır. Xüsusilə, Tailand və Kamboca sərhədində baş verən toqquşmalardan zərər çəkənlər, xüsusən də qaçqın uşaqlar və ailələr üçün dua edirəm. Qoy Sülh Şahzadəsi hər kəsi dialoq və barışıq axtarmağa ruhlandırsın.

Mən Suriyanın cənubunda zorakılıq qurbanları üçün dua edirəm.

Mülki əhalinin şiddətli aclıqdan əziyyət çəkdiyi, zorakılıq və ölümə məruz qaldığı Qəzzada ağır humanitar vəziyyəti böyük narahatlıqla izləyirəm. Atəşkəs, girovların azad edilməsi və humanitar qanunlara tam hörmət edilməsi üçün ürəkdən müraciətimi təkrar edirəm.

Hər bir insan Allah tərəfindən bəxş edilmiş bir ləyaqətə malikdir. Mən münaqişələrdə iştirak edən bütün tərəfləri bu ləyaqəti tanımağa və onu pozan hər bir hərəkətə son qoymağa çağırıram. Mən bütün xalqlar üçün dinc gələcəyi təmin etmək məqsədi daşıyan danışıqlara və bu gələcəyi təhlükə altına qoya biləcək hər şeyi rədd etməyə çağırıram.

Mən, münaqişələrin günahsız qurbanlarını və münaqişələri həll etmək gücünə sahib olan liderləri Sülhün Mələkəsi Məryəmə əmanət edirəm.

28 iyul 2025, 11:20