VATICAN-RELIGION-POPE-JUBILEE

Papa Leo hər bir icmaya müraciət etdi: “Dünya Missiya Rəbb Günündə iştirak edin”

Video müraciətində Papa XIV Leo bütün katolik kilsə icmalarını 19 oktyabrda keçiriləcək Dünya Missiya Rəbb Günündə iştirak etməyə çağırıb və həmin gün göstərilən səxavətin dünyadakı missionerlərin yaxşı işlərini necə konkret şəkildə təmin edib dəstəklədiyini, Peruda xidmət etdiyi zaman bunu şəxsən gördüyünü xatırladıb.

Debora Kastellano Lubov tərəfindən

“Dünyadakı hər bir katolik kilsəsini Dünya Missiya Rəbb Günündə iştirak etməyə çağırıram,” – deyə Papa XIV Leo bu münasibətlə yayımlanan video müraciətində icmaları təşviq edib.

Dünya Missiya Rəbb Günü hər il oktyabr ayının sondan əvvəlki bazar günü keçirilir. Bu il isə “Xalqlar arasında Ümid Missionerləri” mövzusu ilə 19 oktyabrda baş tutacaq.

Video, Müqəddəs Atanın hər il Dünya Missiya Rəbb Günündə bütün Kilsənin birləşərək, xüsusilə missionerlər və onların həvari xidmətlərinin bərəkətli olması üçün dua etdiyini xatırlatması ilə başlayır.

“Peruda missioner keşiş və yepiskop kimi xidmət etdiyim zaman,” – deyə Papa Leo izah edib, – “Dünya Missiya Rəbb Günündə göstərilən iman, dua və səxavətin bütün icmaları necə dəyişə bildiyini öz gözlərimlə gördüm.”

Buna görə də o, bütün katolik kilsələrinə konkret bir vəzifə tapşırıb.

“Dünyadakı hər bir katolik kilsəsini Dünya Missiya Rəbb Günündə iştirak etməyə çağırıram,” – deyə Papa Leo vurğulayıb və əlavə edib: – “Dua və dəstəyiniz Müjdənin yayılmasına, pastoral və katexizis proqramlarının təmin olunmasına, yeni kilsələrin inşasına və missioner ərazilərdəki qardaş və bacılarımızın sağlamlıq və təhsil ehtiyaclarının qarşılanmasına kömək edəcək.”

“Dua və dəstəyiniz Müjdənin yayılmasına, pastoral və katexizis proqramlarının təmin olunmasına, yeni kilsələrin inşasına və missiya ərazilərdəki qardaş və bacılarımızın sağlamlıq və təhsil ehtiyaclarının qarşılanmasına kömək edəcək.”

Papa, "19 oktyabrda 'xalqlar arasında ümid missionerləri' olmaq üçün vəftiz çağırışımız üzərində birlikdə düşünərkən, gəlin Ümidimiz olan İsa Məsihi dünyanın dörd bir yanına aparmaq kimi şirin və sevincli vəzifəyə özümüzü yenidən həsr edək", – deyə imanlıları təşviq etdi.

Müqəddəs Ata çıxışını dünyadakı bütün kilsələrə missionerlərə yardım etməkdə ona kömək etdikləri üçün təşəkkür edərək və Apostolik Xeyir-duasını çatdıraraq tamamlayıb.

13 oktyabr 2025, 21:03