2025.10.02 Rappresentanti della "Confederacion Medica Latinoiberoamericana y del Caribe"

Papa: Süni intellekt heç vaxt həkimlərin insan toxunuşunu əvəz edə bilməz

Latın İbero-Amerika və Karib Tibb Konfederasiyasının üzvlərinə müraciət edən Papa XIV Leo şəxsi ünsiyyətin şəfa verici gücünü vurğulayıb və bildirib ki, süni intellekt həkimlərin insani varlığını dəstəkləyə bilər, amma heç vaxt əvəz edə bilməz.

Linda Bordoni tərəfindən

Papa XIV Leo cümə axşamı günü Latın İbero-Amerika və Karib Tibb Konfederasiyası (CONFEMEL) üzvlərini Vatikanda qarşılayıb, onlara keyfiyyətli tibbi xidmət göstərmək öhdəliyinə sadiq qaldıqlarına görə təşəkkür edib və peşələrinin dərin insani ölçüsünü qorumağa təşviq edib.

Papa, Latın Amerikasını, İberiya yarımadasını və Karibi əhatə edən və iki milyondan çox həkimi birləşdirən CONFEMEL nümayəndələrini salamlayıb: “bu yorulmaz xidmət üçün sizə təşəkkür edirəm”

Kilsənin 2 oktyabrda Müqəddəs Qoruyucu Mələklərin xatirəsini qeyd etdiyini yada salan Papa Leo, görüşdə iştirak edənləri həkim–pasiyent münasibəti üzərində düşünməyə dəvət edib. O qeyd edib ki, bu münasibət “şəxsi ünsiyyətə və qayğıya əsaslanır, necə ki, mələklər həyat yolumuzda bizə xidmət edir və bizi qoruyurlar.”

Müqəddəs Avqustindən sitat gətirərək o, Məsihi həm həkim, həm də dərman adlandırdı: “Ipse medicus, ipse medicamentum.” İsa, – deyə o izah etdi, – “həkimdir, çünki O Kəlamdır; dərmandır, çünki O cism almış Kəlamdır.” Papa əlavə etdi ki, “dialoq, ünsiyyət və fiziki təmas xəstəliklərin müalicəsində istifadə olunan alətlər və vasitələrlə həmişə terapevtik əlaqədə olmalıdır”.

Şəfa verən toxunuş

İsanın cüzamlıya şəfa verdiyi İncil hissəsi (Mark 1, 40–42) üzərində düşünən Papa Leo vurğuladı ki, bu, “mexaniki bir hərəkət deyil idi,” əksinə “cüzamlı ilə İsa arasında şəxsi münasibət quruldu: toxunulması qadağan olan insan İsanın bir sığalı ilə şəfa və xilas tapır.”

Papa həmçinin XX əsrin əvvəllərində Venesuelanın ən tanınmış həkimlərindən biri olan Mübarək Xosé Qreqorio Ernándesin nümunəsini yada saldı və qeyd etdi ki, o, tibbi bacarığını ən ehtiyacı olanlara xidmətlə birləşdirmiş, buna görə də “kasıbların həkimi” adını qazanmışdır.

Texnologiya və insan yaxınlığı

Papa Leo daha sonra tibbdə süni intellektin roluna toxunaraq, onun klinik qayğını yaxşılaşdırmaqda böyük yardım olduğunu qeyd etdi. Lakin o vurğuladı ki, bu, “heç vaxt həkimi əvəz edə bilməz” və Papa XVI Benediktdən sitat gətirərək həkimləri “sevgi anbarları, əzab çəkənlərə rahatlıq və ümid gətirənlər” adlandırdı. O, dedi: “Heç bir alqoritm yaxınlıq jestini və ya təsəlli sözünü əvəz edə bilməz.”

Gələcək üçün ümid

Çıxışının sonunda Papa Leo tibb mütəxəssislərinin üzləşdiyi “böyük və təşviqedici çətinlikləri” etiraf etdi və onları bütün bunlarla ümidlə üzləşməyə ruhlandırdı. O, “ümidimiz” olan Məsih İsaya və “Xəstələrin Şəfası” adlanan Mübarək Məryəmə səsləndi ki,  “hamımızın Ata evinə doğru etdiyimiz bu zəvvar yolunda” həkimləri müşayiət etsinlər.

02 oktyabr 2025, 17:14