Papa Messada: Ədalət olmadan sülh ola bilməz
Devid Uotkins tərəfindən
Doqquzuncu Dünya Yoxsullar Günündə Papa XIV Leo, təxminən 6 min zəvvarın iştirakı ilə Müqəddəs Peter Bazilikasında Yoxsullar Yubileyi münasibətilə keçirilən Messaya başçılıq edib.
Messadan əvvəl Papa, Müqəddəs Peter meydanında toplaşmış 20 min imanlı ilə görüşmək üçün qısa müddətə dayanaraq onları salamladı.
O, onları "böyük məhəbbətlə və dərin imanla, bizim hamımızın Məsihdə birləşdiyimizi dərk edərək" Messada iştirak etməyə dəvət etdi.
Vəzində Papa qeyd etdi ki, liturgiya ili sona yaxınlaşır və oxunan mətnlər getdikcə bəşəriyyət tarixinin sonuna işarə edir.
Onun sözlərinə görə, peyğəmbər Malaki axırzamanı “Allahın günü” kimi təsvir edir — o gün “salehlik günəşini doğuran bir şəfəq kimi, yoxsulların və təvazökarların ümidləri Rəbdən qəti cavab alacaq və pislərin əməlləri və onların ədalətsizliyi, xüsusən də məzlumlara və yoxsullara qarşı etdikləri əməllər məhv olacaq və saman kimi yandırılacaq”.
Papa əlavə etdi ki, bu “salehlik Günəşi” - Allahın qüdrəti - tarix boyu baş verən bütün dramatik hadisələrdə təsirli və canlı şəkildə mövcud olan İsanın Özüdür.
O bildirdi ki, xristianlar qorxuya qapılmaq əvəzinə ümidə möhkəm bağlanmalıdırlar, çünki Rəbb “başımızdakı tək bir tükün belə yox olmasına imkan verməyəcək”.
“Zülm, əzab, mübarizə və şəxsi həyatımızda və cəmiyyətdəki haqsızlıqların içində olsaq belə, Allah bizi tərk etmir,” — deyə Papa qeyd etdi. “Və Öz Oğlu İsa vasitəsilə Allahın bizə yaxınlığı məhəbbətin zirvəsinə çatır. Buna görə də Məsihin varlığı və sözü ən yoxsullar üçün sevincə və yubiley təntənəsinə çevrilir.”
Kilsə Dünya Yoxsullar Gününü qeyd edərkən Papa, özünün ilk Apostol Nəsihəti sənədinin açılış sözlərini xatırlatdı: “Dilexi te — Səni sevdim.”
O vurğuladı ki, həmin sözlərin işığında Kilsə yoxsulların anası olmaq, hamıya, xüsusilə də yoxsulluğun yükünü daşıyanlara ədalət və xoş qarşılanma sığınacağı təklif etmək istəyir.
Papa təəsüflənərək qeyd etdi: “Dünyamızı neçə növ yoxsulluq sıxır!” O, maddi yoxsulluğu xatırlatmaqla yanaşı mənəvi və ruhani yoxsulluğu da vurğuladı və qeyd etdi ki, xüsusilə gənclər bundan əziyyət çəkirlər.
“Bu bütün yoxsulluqları birləşdirən ən böyük faciə — tənhalıqdır,” — dedi Papa. “Bu bizi yoxsulluğa bütövlüklə yanaşmağa təşviq edir, çünki bəzən təcili ehtiyaclara cavab vermək kifayət etmir — biz tənhalığın divarlarını dağıtmaq üçün qayğı mədəniyyəti qurmalıyıq.”
Papa xristianları onlayn məkanda, iş yerində və ailələrində daha diqqətli olmağa çağırdı və bildirdi ki, hər birimizin Allahın şəfqətinə şahidlik etmək üçün çoxlu imkanları var.
Qlobal vəziyyətə toxunan Papa XIV Leo, dünyanın müxtəlif yerlərində gedən müharibələrdən danışdı və bildirdi ki, bu hadisələr bəzən insanlığın çarəsiz olduğu təəssüratını yaradır.
“Ona baxmayaraq, bu ‘qloballaşmış ümidsizlik’ bir yalandan irəli gəlir — sanki tarix həmişə belə olub və dəyişə bilməz,” — deyə Papa vurğuladı. “Halbuki İncil bizə bildirir ki, məhz bu çətin və qarışıq zamanlarda Rəbb bizi xilas etmək üçün gəlir.”
Bu çərçivədə o, dünya liderlərini ən yoxsulların fəryadına qulaq asmağa çağırdı və bunun siyasi məsuliyyət daşıyanlara xüsusi bir çağırış olduğunu qeyd etdi.
“Ədalət olmadan sülh ola bilməz,” — dedi Papa. “Yoxsullar bizə bunu müxtəlif yollarla xatırladırlar — miqrasiya ilə, həmçinin rifah və tərəqqi mifinə inanaraq hamını hesaba almayan və bir çox insanı taleyinə tərk edən sistemlərin altında sıxılmış səsləriylə.”
Papa həmçinin xeyriyyəçilərə və könüllülərə təşəkkür etdi və onları yoxsulların vəziyyətini yüngülləşdirmək və imanın mahiyyətini yaşatmaq səylərinə görə alqışladı.
Sonda Papa bütün xristianları Allahın Padşahlığını axtarmağa və insan cəmiyyətini “istisnasız olaraq hər kəs üçün qardaşlıq və ləyaqət məkanı”na çevirmək üçün çalışmağa dəvət etdi.
“Qoy Məryəm Ana bizə Padşahlığın bu yeni düşüncə tərzini qəbul etməyə kömək etsin,” — dedi o. “Belə ki, xristian həyatımızda yaraları sarmağa, bağışlamağa, təsəlli verməyə və şəfa verməyə qadir olan Allahın məhəbbəti həmişə var olsun.”
