Pope Leo XIV' Ash Wednesday mass in Rome

Papa XIV Leo-nun Kül Çərşənbəsi moizəsi: "Ölümü olduğu kimi adlandıraq"

Böyük Orucun ilk günündə, Papa XIV Leo bildirib ki, kül bizə "alov içində olan bir dünyanın ağırlığını, müharibə nəticəsində məhv edilmiş bütöv şəhərlərin yükünü" xatırladır.

Papa XIV Leo-nun moizəsi

Aventin təpəsində yerləşən Müqəddəs Sabina Bazilikası

Kül Çərşənbəsi, 18 fevral 2026-cı il

Əziz bacı və qardaşlar,

Hər bir liturgiya mövsümünüm başlanğıcında biz sevinc hissi ilə Kilsə olmağın lütfünü yenidən kəşf edirik; Allahın Kəlamını dinləmək üçün bir araya toplaşmış bir icma olmağın lütfünü. Peyğəmbər Yoelin səsi bizə müraciət edir, hər birimizi təcrid vəziyyətimizdən çıxarır və həm şəxsi, həm də ictimai ölçüdə dönüşün təcili zərurətini göstərir: «Xalqı bir yerə yığın, camaatı təqdis edin, ağsaqqalları yığın, uşaqları və südəmər çağaları toplayın» (2:16). O, ən zəifləri və böyük yığıncaqlara ən az uyğun olanları xatırladır; onların iştirak etməməsini əsaslandırmaq daha asan olardı. Peyğəmbər daha sonra ər və arvada müraciət edir: sanki onları ailə həyatlarının məxfiliyindən çağıraraq daha böyük bir icmanın parçası olduqlarını hiss etməyə səsləyir. Ardınca isə artıq vəzifələrinə görə «məbədin eyvanı ilə qurbangah arasında » (17-ci ayə) dayanan kahinlərə üz tutur. Onlar ağlamağa və hamı adından bu münasib sözləri dilə gətirməyə dəvət olunurlar: « Ya Rəbb, xalqına qıyma!» (həmin ayə).

Bu gün də Böyük Oruc icma üçün kəramətli bir zamandır: « Xalqı bir yerə yığın, camaatı təqdis edin» (Yoel 2,16). Biz bilirik ki, insanları bir araya toplamaq və onlara millətçi və aqressiv mənada deyil, hər birimizin öz yerini tapdığı bir birlikdə icma olduqlarını hiss etdirmək getdikcə daha da çətinləşir. Həqiqətən də, Böyük Oruc zamanı günahlarını tanıyan bir xalq formalaşır. Bu günahlar guya hansısa düşmənlərdən qaynaqlanan şər deyil; onlar qəlblərimizi yaralayan və içimizdə mövcud olan şərdir. Biz buna cəsarətlə məsuliyyəti qəbul etməklə cavab verməliyik. Üstəlik, bu mövqenin mədəniyyətin axınına zidd olduğunu qəbul etməliyik; lakin məhz bu, xüsusilə də dünyanın alov içində olduğu bir zamanda, özümüzü gücsüz hiss etməyin çox asan olduğu çağımızda, həqiqi, dürüst və cəlbedici bir seçimdir. Həqiqətən də, Kilsə günahlarını tanıyan şahidlər icması kimi mövcuddur.

Təbii ki, günah şəxsi əməldir; lakin o, həyatın həm real, həm də virtual mühitlərində, bir-birimizə münasibətdə qəbul etdiyimiz və qarşılıqlı şəkildə təsir göstərən davranışlarda, çox vaxt isə konkret iqtisadi, mədəni, siyasi və hətta dini «günah strukturları» daxilində formalaşır. Müqəddəs Yazı bizə öyrədir ki, bütpərəstliyə canlı Allaha ibadətlə qarşı çıxmaq -  azad olmağa cəsarət etmək və azadlığı bir çıxış, bir səyahət vasitəsilə yenidən kəşf etmək deməkdir; bu elə bir yoldur ki, orada artıq mövqelərimizdə iflic olmuş, donuq və ya özündən razı halda qalmırıq, əksinə, birlikdə toplaşaraq hərəkət edir və dəyişirik. Tövbə edən yetkin insanlara — istər fərdlər, istər müəssisələr, istərsə də qurumlar olsun, səhv etdiklərini etiraf edənlərə nə qədər də nadir hallarda rast gəlinir!

Bu gün biz məhz bu tövbə imkanı haqqında düşünürük. Həqiqətən də təsadüfi deyil ki, hətta sekulyarlaşmış mühitlərdə belə, bir çox gənclər əvvəlkindən daha çox Kül Çərşənbəsinin dəvətinə açıqdırlar. Xüsusilə gənclər aydın şəkildə anlayırlar ki, ədalətli həyat tərzi sürmək mümkündür və Kilsədə də, dünyada da edilən səhvlərə görə məsuliyyət olmalıdır. Odur ki, başlaya biləcəyimiz yerdən, ətrafımızda olanlardan başlamalıyıq. «Budur, indi münasib vaxt, budur, indi xilas günü!» (2 Kor 6, 2). Buna görə də, gəlin Böyük Orucun missioner əhəmiyyətini anlayaq — fərdi səylərimizdən yayınacaq şəkildə deyil, əksinə, bu mövsümü Allahın Padşahlığı və Onun ədaləti kontekstində həyatlarını yeniləməyin həqiqi yollarını axtaran çoxsaylı narahat və xoş niyyətli insanlara təqdim edəcək şəkildə.

«Axı nə üçün xalqlar arasında belə deyilsin: “Bəs hanı onların Allahı?”» (Yoel 2:17). Peyğəmbərin bu sualı bir xəbərdarlıqdır. O, eyni zamanda başqalarının, xüsusilə də Allahın xalqına kənardan baxanların, bizim haqqımızda nə düşündüklərini bizə xatırladır. Böyük Oruc bizi istiqamət dəyişikliyinə, dönüşə çağırır; elə bir dönüşə ki, iman elanımızı daha inandırıcı etsin.

Altmış il əvvəl, İkinci Vatikan Məclisinin başa çatmasından bir neçə həftə sonra, Müqəddəs Papa VI Paul Kül Ayinini Müqəddəs Peter Bazilikasında keçirilən Ümumi Audiyensiya zamanı ictimai şəkildə icra etməyə qərar verdi ki, bu gün yerinə yetirmək üzrə olduğumuz bu işarə hamı üçün görünən olsun. O, bunu sağlam düşüncəyə meydan oxuyan, eyni zamanda mədəniyyətimizin tələblərinə cavab verən «sərt və təsirli tövbə mərasimi» adlandırmışdı (VI Paul, Ümumi Audiyensiya, 23 fevral 1966 il). O deyirdi: «Bu gün biz özümüzdən soruşa bilərik: bu pedaqogika hələ də başa düşüləndirmi? Biz müsbət cavab veririk, çünki bu, realist bir pedaqogikadır. Bu, həqiqətin sərt xatırladılmasıdır. O, bizi mövcudluğumuzun və taleyimizin düzgün dərk edilməsinə gətirir».

VI Paul deyirdi ki, bu «tövbəvi pedaqogika müasir insanı iki baxımdan təəccübləndirir»: birincisi, «həyatın reallığı və onun dəyərləri barədə aldanmaq, özünü inandırmaq və sistemli şəkildə özünü aldatmaq sahəsində onun heyrətamiz qabiliyyəti» ilə bağlıdır. İkinci cəhət isə, VI Paulun hər yerdə müşahidə etdiyi «fundamental niskillik»: «Bu gün bizə fəlsəfə, ədəbiyyat və əyləncə vasitəsilə təqdim olunan materialların əksəriyyəti, hər şeyin qaçılmaz faniliyini, həyatın böyük kədərini, absurdun və heçliyin metafizikasını elan etməklə yekunlaşır. Bu material külün istifadəsini əsaslandırır».

Bu gün biz anlayırıq ki, onun sözlərində peyğəmbərlik var idi, çünki üzərimizə qoyulan küldə alov içində olan bir dünyanın ağırlığını, müharibə nəticəsində məhv edilmiş bütöv şəhərlərin yükünü hiss edirik. Bu, həm də xalqlar arasında beynəlxalq hüququn və ədalətin külündə, bütöv ekosistemlərin və xalqlar arasındakı harmoniyanın külündə, tənqidi düşüncənin və qədim yerli müdrikliyin külündə, hər bir məxluqda yaşayan müqəddəslik hissinin külündə əks olunur.

«Onların Allahı haradadır?» — xalqlar öz-özlərinə soruşurlar. Bəli, əziz dostlar, tarix, daha da artıq isə öz vicdanımız bizdən ölümü olduğu kimi adlandırmağı və onun izlərini üzərimizdə daşımağı tələb edir; eyni zamanda Dirilişə şahidlik etməyi də. Biz günahlarımızı tanıyırıq ki, dönüşə nail olaq; bu özü artıq Dirilişin bir əlaməti və şahidliyidir. Həqiqətən də bu o deməkdir ki, biz kül içində qalmayacağıq, əksinə, qalxıb yenidən quracağıq. O zaman Böyük Oruc yolunun zirvəsi kimi qeyd edəcəyimiz Pasxa Triduumunun bütün gözəlliyi və mənası üzə çıxacaq. Bu isə o halda baş verəcək ki, biz tövbə vasitəsilə ölümdən həyata, acizlikdən Allahın imkanlarına keçiddə iştirak edək.

Qədim və müasir şəhidlər Pasxaya doğru yolumuzda öncüllər kimi parlayırlar. Bu gün ilk dayanacaqla başlayan Böyük Orucun qədim Roma ənənəsi olan “stationes” (dayanacaqlar) ənənəsi ibrətamizdir: bu həm zəvvarlar kimi hərəkət etməyi, həm də üzərində Roma bazilikalarının ucaldığı şəhidlərin “xatirələri” önündə “statio” - dayanmağı ifarə edir. Məgər bu, bu gün artıq bütün dünyada rast gəlinən iman şahidlərinin izləri ilə getməyə bir dəvət deyilmi? Gəlin, Bəxtiyarlıqların yolunu seçmiş və onu sona qədər yaşamış insanların məkanlarını, hekayələrini və adlarını xatırlayaq.

Onların həyatı saysız-hesabsız toxumlar kimidir; hətta səpələnmiş kimi göründükləri zaman belə, torpağa basdırılmış və bizim yığmağa çağırıldığımız bol məhsulu hazırlamışdır. Böyük Oruc, İncil oxunuşunda gördüyümüz kimi, hər nə bahasına olursa-olsun görünmək istəyindən bizi azad edir (bax: Matta 6, 2.5.16) və əvəzində bizə doğulanı, böyüyəni görməyi öyrədir, ona xidmət etməyə səsləyir. Bu, oruc tutanların, dua edənlərin və sevənlərin gizliliyində həyatın Allahı, bizim Atamız və hamının Atası ilə qurulan dərin harmoniyadır. Gəlin, bütün həyatımızı və qəlblərimizi ayıqlıq və sevinc içində yenidən Allaha yönəldək.

19 fevral 2026, 12:08