XIV Leo “Pro Petri Sede” assosiasiyasının üzvləri ilə Vatikanda görüşüb XIV Leo “Pro Petri Sede” assosiasiyasının üzvləri ilə Vatikanda görüşüb  (ANSA)

Roma Papası: Peterin xələfi həqiqəti söyləməkdə və sülhü təşviq etməkdə azad olmalıdır

"Pro Petri Sede" Assosiasiyasının üzvləri ilə görüşən Papa XIV Leo təsdiqlədi ki, Müqəddəs Peterin xələfi həqiqəti söyləmək, ədalətsizliyi ifşa etmək və məzlumları müdafiə etmək üçün tam azadlığa malik olmalıdır.

Devin Uatkins tərəfindən

Papa XIV Leo çərşənbə günü Müqəddəs Peterin xələfini dəstəkləmək məqsədilə fəaliyyət göstərən "Pro Petri Sede" Assosiasiyasının üzvlərini qəbul edib.

Papa xatırladıb ki, bu assosiasiyanın üzvləri vaxtilə Papa IX Piusa Papa Dövlətini müdafiə etməkdə könüllü kömək edən gənc katoliklərdən ibarət piyada batalyonu — "Papa Zuavları"nın (Papal Zouaves) mənəvi varisləridir.

Öz müraciətində Müqəddəs Ata Həvari Taxt-Taca göstərdiyi dəstəyə görə "Pro Petri Sede" Assosiasiyasını təqdir edib.

O qeyd edib ki, XIX əsrin ortalarından bəri sosial-tarixi vəziyyət köklü şəkildə dəyişib və bu gün Roma Papasının azadlığını qorumaq üçün "silahla döyüşmək və ya hər hansı zorakılığa əl atmaq qətiyyən söz mövzusu deyil".

Onun sözlərinə görə, hətta Papa IX Pius 1870-ci ilin sentyabrında İtaliya Rizorcimento (Yenidən yüksəliş) qoşunları şəhəri ələ keçirərkən Romada qan tökülməsinə icazə verməməklə peyğəmbəranə bir addım atmışdı.

Buna baxmayaraq, Papa bildirib ki, Allahın Padşahlığının müjdələnməsi hələ də bir çox yerlərdə və müxtəlif yollarla maneələrlə qarşılaşır. Bu səbəbdən assosiasiyanın missiyası bu gün də aktual olaraq qalır.

Roma Yepiskopu vurğulayıb ki, ona imanlıları birlikdə toplamaq və xilas Müjdəsini yaymaq missiyası həvalə edilib.

"Yaşadığımız bu problemli dövrlərdə "Peterin" həqiqəti söyləmək, ədalətsizliyi ifşa etmək, zəiflərin hüquqlarını qorumaq, sülhü təşviq etmək və hər şeydən əvvəl bəşəriyyətin barışığı üçün yeganə mümkün üfüq olan ölüb dirilmiş İsa Məsihi bəyan etmək üçün tam azadlığa malik olması olduqca vacibdir", — deyə o bildirib.

Daha sonra Papa XIV Leo "Pro Petri Sede" Assosiasiyasına dualarına və yoxsullar naminə həyata keçirdikləri xeyriyyəçilik fəaliyyətlərinə görə təşəkkür edib.

O, assosiasiyanın Perudakı keçmiş Çiklayo yeparxiyasındakı xeyriyyə işinə göstərdiyi maliyyə dəstəyinə görə xüsusi minnətdarlığını ifadə edib.

"Ehtiyacı olanlar üçün təlim mərkəzinin yaradılması böyük fayda verəcək. Bu, məsafələrin uzaq olmasına baxmayaraq, xeyriyyəçilik və dualarım vasitəsilə həmin insanlara yaxın olmağıma imkan yaradacaq", — deyə Papa əlavə edib.

Sonda Papa Leo Papanın və Müqəddəs Taxt-Tacın fəaliyyətini dəstəkləməkdə duanın gücünü vurğulayıb və "Pro Petri Sede" Assosiasiyasının üzvlərini Müqəddəs Məryəm Ananın şəfaətinə əmanət edib.

18 fevral 2026, 16:35