VATICAN-RELIGION-POPE-URBI ORBI

Papa XIV Leo-nun Pasxa "Urbi et Orbi" müraciəti

Pasxa günü, 5 aprel tarixində Papa XIV Leo Vatikan bazilikasının mərkəzi eyvanından «Urbi et Orbi» («Şəhərə və dünyaya») müraciəti ilə çıxış etdi. Papa bizi bu dünyanın “müzəffərliyi” ilə heç bir əlaqəsi olmayan, əksinə «yeni bəşəriyyətin başlanğıcı» olan İlahi qələbənin mahiyyəti üzərində dərindən düşünməyə çağırdı.

Əziz bacılar və qardaşlar,

Məsih dirildi! Pasxa bayramınız mübarək!

Əsrlər boyu Kilsə imanının başlanğıcı və təməli olan bu hadisəni sevinclə tərənnüm etmişdir: «Bəli, ümidim olan Məsih dirildi / Həqiqətən, Məsih ölümdən dirildi / Qalib Padşah, əbədi hökm sürən, bizə mərhəmət et» (Pasxa sekvensiyası).

Pasxa həyatın ölüm üzərində, işığın zülmət üzərində, məhəbbətin nifrət üzərində qələbəsidir. Bu qələbə çox böyük bir bədəllə əldə edilmişdir: diri Allahın Oğlu olan Məsih haqsız hökmə məruz qalaraq, istehza olunaraq, işgəncələr çəkərək və bütün qanını tökərək (Matta 16,16) ölməli -  həm də Çarmıx üzərində ölməli idi. Həqiqi qurbanlıq Quzu kimi O, dünyanın günahını Öz üzərinə götürdü (Yəh 1,29; 1 Pet 1,18–19) və beləliklə bizi, və bizimlə birlikdə bütün yaradılışı, şərin hökmranlığından azad etdi.

Bəs İsa necə qalib gəldi? O, qədim düşməniŞ bu dünyanın hökmdarını (Yəh 12,31) birdəfəlik məğlub etdiyi bu gücü haradan aldı? O, necə oldu ki, ölümdən dirilərək əvvəlki həyatına qayıtmadı, əksinə əbədi həyata daxil oldu və Öz bədənində bu dünyadan Ataya aparan yolu açdı?

Bu güc, bu qüdrət Allahın Özüdür, çünki O, yaradan və həyat bəxş edən Məhəbbətdir, sona qədər sadiq qalan Məhəbbətdir, bağışlayan və xilas edən Məhəbbətdir.

Məsih, bizim “qalib Padşahımız”, Atanın iradəsinə, Onun xilas planına (Matta 26,42) tam etibarla təslim olmaqla Öz mübarizəsini apardı və qalib gəldi. Beləliklə O, dialoq yolunu sona qədər davam etdirdi — sözlərlə deyil, əməllərlə: bizi, itmiş olanları tapmaq üçün bədən aldı; bizi, əsarətdə olanları azad etmək üçün Özü qul oldu; bizə həyat vermək üçün isə Özünü Çarmıx üzərində öldürülməyə təslim etdi.

Məsihin dirilməsinin gücü tamamilə zorakılıqsızdır. O, torpaqda çürüyərək cücərən, torpaq qatlarını yararaq boy atan və qızılı sünbülə çevrilən buğda dənəsinin gücünə bənzəyir. Hətta daha çox, təhqirə məruz qalan və qisas instinktini rədd edərək mərhəmətlə dolan, onu incitmiş şəxs üçün dua edən insan ürəyinin gücünə bənzəyir.

Əziz bacı və qardaşlar, bəşəriyyətə sülh gətirən həqiqi güc məhz budur. Çünki o, hər səviyyədə — fərdlər arasında, ailələrdə, sosial qruplarda və xalqlar arasında — qarşılıqlı hörmətə əsaslanan münasibətlər yaradır. O, şəxsi maraqları deyil, ümumi rifahı axtarır; öz planını zorla qəbul etdirmir, əksinə başqaları ilə birlikdə plan qurmağa və onu həyata keçirməyə kömək edir.

Bəli, Məsihin dirilməsi yeni bəşəriyyətin başlanğıcıdır; bu, ədalət, azadlıq və sülh hökm sürdüyü həqiqi vəd olunmuş torpağa girişdir. Orada, hamı bir-birini eyni Atanın — Məhəbbət, Həyat və Nur olan Allahın övladları kimi tanıyır.

Əziz bacı və qardaşlar, Rəbb Öz dirilməsi ilə bizi azadlığımızın dramatik gerçəkliyi ilə daha güclü şəkildə üz-üzə qoyur. Boş məzar qarşısında biz ya şagirdlər kimi ümid və heyranlıqla doluruq, ya da keşikçilər və fariseylər kimi qorxuya qapılırıq və həqiqəti qəbul etmək əvəzinə yalana və hiyləyə əl atmağa məcbur oluruq (Matta 28,11–15).

Gəlin Pasxa nurunda Məsihə heyran qalmağı öyrənək! Gəlin ürəklərimizin Onun bizə olan sonsuz məhəbbəti ilə dəyişməsinə icazə verək! Silahı olanlar onu yerə qoysun! Müharibə başlatmaq gücünə sahib olanlar sülhü seçsin! Bu sülh zorla qəbul etdirilən deyil, dialoq vasitəsilə əldə edilən sülh olsun! Başqalarına hökm etmək arzusu ilə deyil, onlarla görüşmək və qarşılaşmaq istəyi ilə!

Biz zorakılığa alışırıq, ona öyrəşirik və laqeydləşirik. Minlərlə insanın ölümünə qarşı laqeyd qalırıq. Münaqişələrin doğurduğu nifrət və bölünmənin nəticələrinə qarşı laqeyd qalırıq. Hamımızın hiss etdiyi iqtisadi və sosial fəsadlara qarşı laqeyd qalırıq. “Laqeydliyin qloballaşması” getdikcə artır — bu ifadə bir il əvvəl bu eyvandan dünyaya son sözlərini ünvanlayan Papa Fransiskin tez-tez vurğuladığı ifadədir: «Dünyanın müxtəlif yerlərində alovlanan çoxsaylı münaqişələrdə ölümə və öldürməyə necə böyük bir yanğı olduğuna hər gün şahidik edirik!» (Urbi et Orbi müraciəti, 20 aprel 2025).

Məsihin Xaçı bizə həmişə ölümü əhatə edən əzab və ağrını xatırladır. Biz hamımız ölümdən qorxuruq və bu qorxu səbəbindən ondan üz çeviririk, ona baxmamağa üstünlük veririk. Lakin biz daha laqeyd qala bilmərik! Şərə boyun əyə bilmərik! Müqəddəs Avqustin deyir: «Əgər ölümdən qorxursansa, dirilməni sev!» (Vəz 124, 4). Gəlin biz də dirilməni sevək, çünki o bizə xatırladır ki, son söz şərə məxsus deyil. Onu Dirilmiş Məsih məğlub etmişdir.

O, ölümün içindən keçdi ki, bizə həyat və sülh bəxş etsin: «Aranızda sülh qoyub gedirəm, Öz sülhümü sizə verirəm» (Yəh 14,27). İsanın verdiyi sülh yalnız silahların susması deyil, hər birimizin qəlbinə toxunan və onu dəyişdirən sülhdür. Gəlin Məsihin sülhünün bizi dəyişdirməsinə icazə verək! Ürəklərimizdən yüksələn sülh harayını eşitdirək! Bu səbəbdən hamını gələn şənbə, 11 aprel tarixində burada, Müqəddəs Peter Bazilikasında keçiriləcək sülh üçün dua gecəsində mənə qoşulmağa dəvət edirəm.

Bu bayram günündə hər cür qarşıdurma, hökmranlıq və güc arzularından imtina edək və müharibələrdən əzab çəkən, nifrət və laqeydliklə yaralanmış bu dünyaya Rəbbin Öz sülhünü bəxş etməsi üçün Ona yalvaraq. Əzab çəkən və yalnız Onun verə biləcəyi həqiqi sülhü gözləyən bütün qəlbləri Rəbbə əmanət edək. Özümüzü də Ona etibar edək və ürəklərimizi Ona açaq! Yalnır Odur hər şeyi yeniləyən ( Vəhy 21,5).

Pasxa bayramınız mübarək!

06 aprel 2026, 14:35