2019.05.14 Robotica  e Intelligenza artificiale - Conferenza organizzata dall' Accademia Pontificia delle Scienze

Papa Süni İntellekt üzrə Dikasteriyalararası Komissiyanın yaradılmasını təsdiqləyib

İnsanın Hərtərəfli İnkişafının Təşviqi Dikasteriyasının Prefekti kardinal Maykl Çerni tərəfindən imzalanmış reskriptlə Papa XIV Leo Süni İntellekt üzrə Dikasteriyalararası Komissiyanın yaradılmasını təsdiqləyib.

İzabella H. de Carvalho tərəfindən

Süni İntellekt üzrə Dikasteriyalararası Komissiyanın yaradılması Papa XIV Leo tərəfindən rəsmən təsdiqlənib. Bu qərar İnsanın Hərtərəfli İnkişafının Təşviqi Dikasteriyasının Prefekti kardinal Maykl Çerninin imzaladığı, 12 may tarixli və 16 mayda ictimaiyyətə açıqlanan reskriptdə öz əksini tapıb.

​Mətndə deyilir: "Son onilliklərdə Süni İntellekt fenomeninin inkişafı və onun geniş yayılmasında ən son sürətlənmələr; onun insanlara və bütövlükdə bəşəriyyətə potensial təsirləri; Kilsənin hər bir insanın ləyaqəti, xüsusən də onların hərtərəfli inkişafı ilə əlaqədar narahatlığı nəzərə alınaraq, Papa XIV Leo Süni İntellekt üzrə Dikasteriyalararası Komissiyanın yaradılmasını təsdiq etdi."

​Mayın 3-də kardinal Çerni ilə keçirilən görüşdən sonra Papa sözügedən qurumun yaradılmasına rəsmən razılıq verib. İlk il ərzində Komissiyanın işinin koordinasiyası İnsanın Hərtərəfli İnkişafının Təşviqi Dikasteriyasına həvalə olunub.

​Bir neçə Vatikan Dikasteriyaları arasında əməkdaşlıq

​Mətndə izah olunur ki, Komissiya 7 Vatikan qurumunun nümayəndələrindən ibarətdir: İnsanın Hərtərəfli İnkişafının Təşviqi Dikasteriyası, ​İman Doktrinası Dikasteriyası, Mədəniyyət və Təhsil Dikasteriyası, Kommunikasiya Dikasteriyası, Həyat üzrə Pontifik Akademiyasığ, Elmlər üzrə Pontifik Akademiyası, ​Sosial Elmlər üzrə Pontifik Akademiyası. 

​Bu təşkilatlardan biri yenilənə bilən bir illik müddətlər ərzində Komissiyanın əlaqələndirilməsinə cavabdeh olacaq və daha sonra işlərə rəhbərlik edəcək növbəti qurumu Papa qərarlaşdıracaq.

Mətndə izah edilir ki, "əlaqələndirici qurumun əsas öhdəliyi dialoq, birlik və ortaq iştirakı dəstəkləməklə, qrup üzvləri arasında Süni İntellektlə bağlı təşəbbüslər və layihələr ətrafında əməkdaşlığı və məlumat mübadiləsini, eləcə də onun Müqəddəs Taxt-Tac daxilindəki tətbiqi siyasətləri asanlaşdırmaqdır.

​Kardinal Çerni bu qurumu "Praedicate Evangelium" Apostol Konstitusiyasının 28-ci maddəsinə əsasən təsis edib. Bu maddəyə görə, Dikasteriya rəhbəri bir neçə Dikasteriyanın məsuliyyət dairəsinə daxil olan və "qarşılıqlı və tez-tez məsləhətləşmələr" tələb edən məsələləri həll etmək üçün xüsusi dikasteriyalararası komissiya yarada bilər.

​Papa XIV Leo üçün əhəmiyyətli bir mövzu

​Bu, Dikasteriyaların bu məsələni həll etmək üçün ilk dəfə bir araya gəlməsi deyil. 2025-ci ilin yanvarında İman Doktrinası Dikasteriyası və Mədəniyyət və Təhsil Dikasteriyası süni intellekt və insan zəkası arasındakı əlaqəyə dair "Antiqua et Nova" qeydini dərc ediblər.

​Əlavə olaraq, bu mövzu Papa XIV Leonun papalığı dövründə daim diqqət mərkəzində olmuşdur, çünki o, tez-tez süni intellekt və digər texnoloji irəliləyişlər, eləcə də onların cəmiyyətimiz üçün yarada biləcəyi çağırışlar haqqında danışıb.

​Hələ 10 may 2025-ci ildə, seçilməsindən cəmi bir neçə gün sonra kardinallarla görüşündə Papa izah etmişdi ki, onun papa adını seçməsi sənaye inqilabının yaratdığı problemlərə özünün "Rerum Novarum" ensiklikasında toxunan Papa XIII Leodan ilhamlanıb.

​Daha sonra o vurğulamışdır ki, "zəmanəmizdə Kilsə növbəti sənaye inqilabına və insan ləyaqətinin, ədalətin və əməyin müdafiəsi üçün yeni çağırışlar yaradan süni intellekt sahəsindəki inkişaflara cavab olaraq öz sosial təlim xəzinəsini hər kəsə təklif edir.”

18 may 2026, 11:30