Papa XIV Leo “Magnifica humanitas” ensiklikasını imzalayır Papa XIV Leo “Magnifica humanitas” ensiklikasını imzalayır  (@Vatican Media)

XIV Leo-nun “Magnifica Humanitas” adlı ilk ensiklikası təqdim edilib

Papa XIII Leo-nun “Rerum novarum” ensiklikasının 135 illiyi münasibətilə Papa XIV Leo özünün “Magnifica humanitas: İnsan şəxsiyyətinin Süni İntellekt dövründə qorunması haqqında” adlı ilk ensiklikasını dərc edib. Yeni ensiklikada Papa bəşəriyyətin qorunmasına, həqiqətin müdafiəsinə, əməyin ləyaqətinə, sosial ədalətə və sülhün möhkəmləndirilməsinə çağırış edir.

İzabella Piro tərəfindən

“Allah tərəfindən bütün əzəməti ilə yaradılmış bəşəriyyət bu gün həlledici seçim qarşısındadır: o, ya yeni Babil qülləsini inşa edəcək, ya da Allahla insanın birlikdə yaşadığı şəhəri quracaq.”

Məhz bu sözlər Papa XIV Leo-nun “ İnsan şəxsiyyətinin Süni İntellekt dövründə qorunması haqqında” ilk ensiklikasının əsas ideyasını və yazılma məqsədini ifadə edir.

Ensiklika 25 may tarixində dərc olunub. Müqəddəs Ata ensiklikasını mayın 15-i, sələfi Papa XIII Leo-nun “Rerum novarum” ensiklikasının dərc edilməsinin 135-ci ildönümü günündə imzalayıb.

Papa XIV Leo öz sələfinin irsini davam etdirərək müasir dövrün ən mühüm çağırışlarından birinə - süni intellekt məsələsinə həsr olunmuş sosial ensiklika qələmə alıb.

Beş fəsildən ibarət olan “Magnifica humanitas” ensiklikasının əsas ideyası ondan ibarətdir ki, texnologiya nə “insanlığa qarşı yönəlmiş bir qüvvədir” (4), nə də “öz mahiyyətinə görə şərdir” (9). Bununla belə, sənəddə vurğulanır ki, “texnologiya heç vaxt neytral olmur, çünki o, onu yaradanların, maliyyələşdirənlərin, tənzimləyənlərin və istifadə edənlərin xüsusiyyətlərini özündə əks etdirir.”

Bu səbəbdən Papa XIV Leo insanları “ümumi rifah naminə” çalışmağa və “insan olaraq qalmağa” çağırır. O, ortaq məsuliyyət və birlik ruhuna əsaslanan cəsarətli düşüncə tərzinin vacibliyini vurğulayaraq bildirir ki, yalnız bu yolla dünya “insan qəlbinin Allahın məskən salmaq istədiyi yer olduğunu” dərk edə biləcək (16).

Kilsənin sosial təlimi

“İncilə sadiq dinamik yanaşma” adlı birinci fəsil, son dövrün Kilsə təlimi və II Vatikan Məclisinin kontekstində Kilsənin sosial təliminin inkişaf yolunu izləyərək onun “dinamik xarakterini” (17) vurğulayır. Sənəddə qeyd olunur ki, Kilsənin sosial təlimi tətbiq edilməli olan “prinsiplər və qaydalar toplusu” deyil, əksinə, hadisələri İncilin nurunda anlamağa yönəldən “tarixdə birliyin ilahiyyatıdır” (27). Papa XIV Leo öz sələflərinin təlimlərinə də müraciət edir -  1950-ci ildə dərc olunmuş “Menti Nostrae” apostol nəsihətində ilk dəfə “Kilsənin sosial təlimi” ifadəsini işlədən Papa XII Pius-dan başlayaraq Papa Fransiskə qədər. Papa, həmçinin, XIII Leo-nun 1891-ci ildə dərc etdiyi “Rerum novarum” ensiklikasını xatırladaraq onu “Kilsənin sosial təliminin inkişafında dönüş nöqtəsi” (30) adlandırır. Sonrakı illərdə isə Müqəddəs Peterin hər bir varisi “tarixi dəyişiklikləri İncilin nurunda şərh etmiş və vahid irsin müxtəlif tərəflərini üzə çıxarmışdır: insan şəxsiyyətinin ləyaqəti, əməyin dəyəri, nemətlərin ümumi təyinatı, həmrəylik və subsidiarlıq prinsipləri, yaradılışa qayğı, sülh və qardaşlığın mərkəzi əhəmiyyəti” (45).

İnsan ləyaqətinin qorunması

İkinci fəsildə Papa XIV Leo “Kilsənin sosial təliminin əsasları və prinsipləri” mövzusuna müraciət edir.

Papa qeyd edir ki, bu təlimin əsasını Allahın surətində və bənzərində yaradılmış insan şəxsiyyətinin ləyaqəti təşkil edir. O vurğulayır ki, “yeni ideologiyaların təzyiqi və ya müəyyən nüfuzlu maraq qrupları” insanı “istifadə və istismar ediləcək resursa” və ya yalnız “nailiyyətləri və məhsuldarlığı ilə ölçülən varlığa” çevirə bilər (51). Halbuki, sənəddə deyildiyi kimi, “hər bir insanın əsas ləyaqəti nə əldə olunur, nə qazanılır, nə də əsaslandırılmağa ehtiyac duyur” (53). Kilsənin sosial təliminin ikinci təməl prinsipi insan hüquqlarının toxunulmazlığıdır. Bu hüquqlar arasında birinci yeri “mayalanma anından təbii ölümədək” insanın yaşamaq hüququ tutur. Bu kontekstdə Papa XIV Leo süni abortu, günahsız insanın öldürülməsini və evtanaziyanı “Kilsənin ağır dərəcədə yanlış hesab etdiyi seçimlər” adlandırır (55). Üçüncü prinsip isə azlıqların hüquqlarının tanınmasıdır və burada qadınların hüquqlarına xüsusi diqqət ayrılır. Papa qanunvericilik, əmək, təhsil, sosial və siyasi məsuliyyət sahələrində qadınların xeyrinə “konkret qərarların” qəbul edilməsinə çağırır ki, onların səsi həqiqətən eşidilsin və dəyərləndirilsin (57).

Bir xalqı əsarət altına salmaq ağır əxlaqsızlıqdır

Daha sonra Papa XIV Leo Kilsənin sosial təliminin beş əsas prinsipini sadalayır. Bunlardan birincisi ümumi rifah prinsipidir. Papa onu “hər bir insanda tanınan ləyaqətin ictimai ifadəsi” kimi müəyyən edir (59).

O qəti şəkildə bildirir ki, “ümumi rifahın təşviqi heç vaxt xalqların mövcud olmaq, öz kimliyini qorumaq və özünəməxsus xüsusiyyətləri ilə xalqlar ailəsinə töhfə vermək hüququna hörmətdən ayrı düşünülə bilməz.”

Bu səbəbdən Papa vurğulayır ki, “hər hansı bir xalqı məhv etməyə və ya onu tabe vəziyyətinə salmağa yönəlmiş istənilən cəhd və ya plan ağır əxlaqsızlıqdır və buna görə də qəbuledilməzdir” (64).

Texnologiyalar hakim azlığın əlində cəmləşməməlidir

Papa daha sonra ikinci prinsip kimi “nemətlərin ümumi təyinatı” prinsipini göstərir. Papa XIV Leo ensiklika boyunca, o cümlədən bu hissədə vurğulayır ki, texnologiyaların yalnız məhdud bir qrup insanın əlində cəmləşməsinə yol verilməməlidir. Əks halda bu, rəqəmsal inqilaba qoşulanlarla ondan kənarda qalanlar arasındakı uçurumu daha da dərinləşdirə bilər (67). Üçüncü prinsip olan subsidiarlıq prinsipi (68) isə bəşəriyyəti ictimai həyatının “himayəçi və yalnız sosial yardım üzərində qurulan idarəçilik formalarını” aşmağa və ortaq məsuliyyət ruhuna yönəlməyə çağırır. Dördüncü prinsip - həmrəylik prinsipi (73) - Papa tərəfindən həm “prinsip”, həm də “fəzilət” kimi təqdim olunur. O qeyd edir ki, həmrəylik laqeydliyin əksidir və yalnız indiki insanları deyil, gələcək nəsilləri də nəzərə alır.

İctimai ədalət və miqrantlar məsələsi cəmiyyətin vicdanı üçün “lakmus kağızıdır”

İctimai ədalət Kilsənin sosial təliminin beşinci prinsipidir. Rəqəmsal dövrdə ictimai ədalət hər bir insan üçün imkanlara ədalətli çıxışın təmin edilməsini, ən həssas insanların müdafiəsini, nifrət və dezinformasiyaya qarşı mübarizəni, həmçinin texnologiyalardan istifadənin ictimai nəzarət altında saxlanılmasını tələb edir ki, “əsas prinsip yalnız mənfəət deyil, hər bir insanın ləyaqəti və bütün insanların ümumi rifahı olsun” (80). Papa XIV Leo miqrantları, qaçqınları və məcburi köçkünləri ictimai ədalətin “lakmus kağızı” adlandırır. Onun sözlərinə görə, cəmiyyətin miqrantlara münasibəti “ədalət anlayışının qorxu iləmi, yoxsa qardaşlıq ruhu iləmi yönləndirildiyini üzə çıxarır.” Buna görə də Papa cəmiyyətləri öz yurdunu tərk etməyə məcbur qalan insanların “qanuni ümidlərini” qorumağa çağırır. Bu, onlar üçün təhlükəsiz və qanuni yolların yaradılmasını, insan ləyaqətinə uyğun qəbul edilmələrini və cəmiyyətə real inteqrasiya imkanlarının təmin olunmasını nəzərdə tutur. Bununla yanaşı, Papa miqrasiyanın “əsas səbəblərinin” aradan qaldırılması yolu ilə insanların sülh və təhlükəsizlik şəraitində öz vətənində yaşamaq hüququnun qorunmasının vacibliyini də vurğulayır (81).

İstismar halları və Kilsənin vicdan imtahanı

Papa qeyd edir ki, bu beş prinsip yalnız cəmiyyətdə deyil, həm də öz vicdanını imtahandan keçirməyə çağırılan Kilsənin özündə də tətbiq olunmalıdır. XIV Leo bildirir ki, həqiqi ədalət yolunda yaşamaq “bərabərsizliyə, şəffaflığın olmamasına və hakimiyyətdən sui-istifadəyə səbəb olan təhriflərdən kilsədaxili münasibətlərin və strukturların təmizlənməsini” tələb edir. Bu isə “mənəvi, iqtisadi, institusional, cinsi və hakimiyyət xarakterli sui-istifadələrin, eləcə də vicdan üzərində zorakılığın qurbanlarının” səsini dinləməyi nəzərdə tutur. Papanın sözlərinə görə, bu vicdan imtahanı “ədalətə aparan yolun ayrılmaz hissəsidir” və buraya vurulan zərərin etiraf olunması, ədalətli şəkildə aradan qaldırılması və belə halların bir daha təkrarlanmaması üçün konkret addımların atılması daxildir (89).

Süni intellekt üçün etik kodeks

“Texnologiya və hökmranlıq. Süni intellekt vədləri fonunda insanın əzəməti” adlı üçüncü fəsil süni intellektə ehtiyatlı və ayıq yanaşmanın vacibliyini vurğulayır.

XIV Leo Papa Fransisk tərəfindən daha əvvəl tənqid olunmuş “texnokratik paradigma” barədə xəbərdarlıq edərək qeyd edir ki, bu yanaşma bütün qərarların yalnız səmərəlilik və mənfəət meyarları əsasında verilməsini tələb edə bilər (92). Halbuki ən güclü texnologiya həmişə ən yaxşı texnologiya demək deyil. Ensiklikada vurğulanır ki, süni intellekt insanı təqlid və simulyasiya edə bilər, lakin o, əxlaqi vicdana, empatiyaya, emosional, münasibət qurmaq və mənəvi qabiliyyətlərə malik deyil.

Papa süni intellektin hazırlanmasının bütün mərhələlərində məsuliyyət və hesabatlılığın aydın şəkildə müəyyən edilməsinə çağırır. O, xüsusilə adekvat hüquqi çərçivələrin və siyasətlərin hazırlanmasının, müstəqil nəzarət mexanizmlərinin və istifadəçilərin maarifləndirilməsinin vacibliyini vurğulayır.

Bununla yanaşı, XIV Leo sosial ədalətin ortaq prinsiplərinə əsaslanan etik kodeksin qəbul edilməsinə çağırır. Çünki onun sözlərinə görə, “əgər bu əxlaq bir neçə nəfər tərəfindən müəyyən edilirsə, daha ‘əxlaqlı’ süni intellekt kifayət deyil” (107).

Papa həmçinin yeni texnologiyaların ekoloji təsirinin də diqqətdən kənarda qalmamalı olduğunu bildirir. O qeyd edir ki, bu texnologiyalar böyük həcmdə enerji və su tələb edir və bununla da yaradılışa təsir göstərir (101).

Süni intellekt silahsızlaşdırılmalıdır

Papa XIV Leo daha sonra bildirir ki, süni intellekt “tərki-silah” olunmalıdır ki, onu hərbi, iqtisadi və intellektual rəqabət məntiqindən azad etmək mümkün olsun. “Silahsızlaşdırmaq o deməkdir ki, texniki gücün avtomatik olaraq idarə etmək hüququ verdiyi düşüncəsi rədd edilsin”, — deyə Papa vurğulayır. “Silahsızlaşdırmaq texnologiyanı rədd etmək deyil, onun insan üzərində hökmranlıq etməsinin qarşısını almaqdır” (110). Ensiklikada transhumanizm və posthumanizm ideyalarının tənqidinə də geniş yer ayrılır. Papa qeyd edir ki, bu cərəyanlar tərəqqini insanın təbii məhdudiyyətlərinin aşılması kimi təqdim edirlər. Halbuki məhdudiyyətlər aradan qaldırılmalı qüsur deyil, insan şəxsiyyətinin ayrılmaz hissəsidir. Çünki münasibətlər məhz insanın zəifliyi və sonluluğu şəraitində qurulur, insan Allah və başqaları qarşısında açıq olmağı öyrənir. Papa XIV Leo vurğulayır ki, “insanlıq çox vaxt məhz məhdudiyyətlərə baxmayaraq deyil, onların vasitəsilə inkişaf edir və çiçəklənir” (118).

Texnoloji tərəqqi insan qəlbini inkar etməməlidir

Papa qeyd edir ki, texnoloji yeniliklərin insanın təbii məhdudiyyətlərini aradan qaldırmaq məqsədilə inkişaf etdirilməsi nəticə etibarilə antropoloji geriləməyə gətirib çıxara bilər. Müqəddəs Ata vurğulayır: “İnsanlıq,  bütün əzəməti və yaraları ilə heç vaxt əvəz olunmamalı və ya geridə qoyulmamalıdır.” Onun sözlərinə görə, texnologiya insan əzablarını yüngülləşdirə və yeni imkanlar aça bilər, lakin o, insanın mahiyyətini  - “münasibət qurmaq və sevmək qabiliyyətini” inkar etməməlidir (126). Süni intellekt qarşısında, Papa bildirir ki, “əsl seçim qorxu ilə heyranlıq arasında deyil, iki inkişaf yolu arasındadır: insanlara və xalqlara xidmət edən tərəqqi yolu, yaxud onları güc və hökmranlıq məntiqinə tabe edən tərəqqi yolu” (129).

Həqiqəti qoruyan ünsiyyət və düşünməyi öyrədən məktəblər

“Dəyişikliklər dövründə insanlığın qorunması. Həqiqət, əmək və azadlıq”  adlı dördüncü fəsildə Papa həqiqətə əsaslanan “kommunikasiya ekologiyasının” formalaşdırılmasına çağırır. Papa məzmunun necə seçildiyi ilə bağlı şəffaflığın təmin edilməsinin, şəxsi məlumatların qorunmasının, arqument və fakt yoxlamasına əsaslanan ciddi jurnalistikanın, rəqəmsal vasitələrdən “düzgün və tənqidi” istifadəyə dair yeni şüurun formalaşdırılmasının və müxtəlif bilik formalarının bir araya gətirilməsinin vacibliyini vurğulayır. Ensiklikada qeyd olunur ki, Kilsə özü də, xüsusilə ədalətsizlik və sui-istifadə hallarında, şəffaf və dürüst ünsiyyət nümunəsi olmalıdır. Papa Leo həmçinin təhsil sahəsində yeni əməkdaşlıq ruhunun bərpasına çağırır ki, “insanın düşüncəsini lazımsız göstərən mükəmməl maşınlar” gənclərdə sual vermək arzusunu söndürməsin (140). Bu səbəbdən Papa məktəblərə yenidən xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayır. Onun sözlərinə görə, məktəblər insanın “həqiqəti axtarmağı və sevməyi öyrəndiyi məkanlar” olmalıdır (147).

Əməyin ləyaqəti

Rəqəmsal keçidlə səciyyələnən “dördüncü sənaye inqilabı” şəraitində Papa XIV Leo əməyin ləyaqətinin qorunmasının vacibliyini vurğulayır və bildirir ki, yeni sistemlər yalnız məhsuldarlıq deyil, insan mərkəzli şəkildə qurulmalıdır. “Əməyin ‘yeni formaları’ mütləq daha yaxşı deyil”, — deyə Papa yazır. Onun sözlərinə görə, süni intellekt gündəlik və yorucu işləri öz üzərinə götürərək məhsuldarlığı artırmağı vəd etsə də, əslində çox zaman işçiləri maşınların sürətinə və tələblərinə uyğunlaşmağa məcbur edir; halbuki texnologiyalar işləyən insanlara xidmət etmək üçün yaradılmalıdır (150). Papa qeyd edir ki, texnologiya insanı ağır və təkrarlanan işlərdən azad edə bilər, lakin bu, xərclərin azaldılması və mənfəətin artırılması naminə işsizliyə səbəb olmamalıdır.

Bu kontekstdə Müqəddəs Ata əmək təşkilatlarının və həmkarlar ittifaqlarının yenilənəcəyinə ümid etdiyini də ifadə edir (155).

Sülh və inkişaf

Daha sonra Papa XIV Leo qeyd edir ki, ölkələrin inkişaf səviyyəsini yalnız ümumi daxili məhsul göstəricisi ilə ölçmək yanaşmasından imtina edilməlidir. Bunun əvəzinə əməyin ləyaqəti, ümumi rifahın bölüşdürülməsi, bərabərsizliklərin azaldılması və ətraf mühitin qorunması əsas meyarlar olmalıdır. Papa vurğulayır ki, maliyyə sistemi əməyin inkişafına, yaradılmasına və yenilənməsinə xidmət etməlidir (159–160). Papa VI Pavelin irsini davam etdirən ensiklika sülh ilə inkişaf arasındakı qarşılıqlı bağlılığı xüsusi vurğulayır. Sənəddə, xüsusilə ən həssas ölkələr və sosial qrupların xeyrinə ortaq strategiyalar formalaşdıra biləcək beynəlxalq əməkdaşlığa çağırış edilir. Çünki rifah yalnız “geniş yayılmış, inklüziv və davamlı olduğu halda” sülhə xidmət edə bilər (163).

Ailə - əsas ictimai nemətdir

Papa XIV Leo ailənin rolunu xüsusi vurğulayaraq bildirir ki, ailə kişi ilə qadın arasındakı sabit birliyə əsaslanır. Ensiklikada ailə “əsas ictimai nemət” və “hər bir ictimai təşkilatlanmanın fundamental və əvəzolunmaz hüceyrəsi” kimi xarakterizə olunur (165). Papa qeyd edir ki, ailə hərtərəfli şəkildə dəstəklənməlidir. Bu dəstəyə, həmçinin, sabitliyi və insani həyat ritmini qoruyan əmək siyasəti də daxildir ki, cəmiyyət öz “gələcəyini qurmaq” qabiliyyətini itirməsin.

“Görünmə arxitekturası” və azadlıq üçün təhlükələr

Daha sonra Papa Leo istifadəçilərin vaxtını ələ keçirmək və onların zəif tərəflərindən faydalanmaq məqsədilə qurulan rəqəmsal platformalar dövründə insan azadlığı mövzusuna toxunur. Papa hər bir insanın daxili azadlığının möhkəmləndirilməsinin vacibliyini bir daha vurğulayır. Bununla yanaşı, o, məlumatların kütləvi şəkildə toplanması və alqoritmik sistemlərin tətbiqi nəticəsində yaranan sosial nəzarət təhlükəsinə diqqət çəkir. Onun sözlərinə görə, insanların davranışlarını profilləşdirmək, proqnozlaşdırmaq və yönləndirmək “hakimiyyətin yeni formasına” çevrilir (171) və bu, xüsusilə ən zəif insanların ayrı-seçkiliyə məruz qalması riskini artırır. Papa xüsusilə yalnız görünən və diqqət çəkən məqamları ön plana çıxaran, ictimai rəyi formalaşdıran “görünmə arxitekturasını” tənqid edir.

Köləliyin və müstəmləkəçiliyin yeni formaları

Ensiklikada qeyd olunur ki, süni intellekt yeni köləlik formaları da yaradır. Bunlardan biri texnologiyalar üçün zəruri olan nadir torpaq elementlərinin çıxarılması sahəsində çalışan insanların “yaralanmış, zədələnmiş və tükənmiş” bədənləri ilə bağlıdır (173). Bu səbəbdən Papa rəqəmsal transformasiya dövründə köləliyin yeni formalarına qarşı mübarizəni “mənəvi ayırd etmə qabiliyyəti üçün həlledici sınaqlardan biri” adlandırır. Papa vurğulayır ki, “Kilsə köləliyin, insan alverinin və insanın əmtəəyə çevrilməsinin bütün formalarını qətiyyətlə bir daha pisləyir.” O əlavə edir ki, insan ləyaqətinin kobud şəkildə pozulmasına reaksiya verməmək və ya buna dözümlə yanaşmaq həmin cinayətlərə şərik olmaq deməkdir. Bununla yanaşı, Papa Leo keçmişdə Kilsənin “köləlik bəlasını” gec pisləməsinə görə “səmimi şəkildə bağışlanma diləyir” (174–176). Ensiklikada iqtisadi strategiyaların formalaşdırılmasında istifadə olunan mühüm məlumatlara, xüsusilə sağlamlıq və demoqrafik göstəricilərə də toxunulur. Papa bunu müstəmləkəçiliyin yeni siması adlandırır. Onun sözlərinə görə, şəxsi həyat haqqında məlumatların istismar edilə bilən resursa çevrilməsi rəqəmsal mühiti “istismar məkanına” çevirir (178–179).

“Ədalətli müharibə” nəzəriyyəsinin aşılması

“Güc mədəniyyəti və sevgi sivilizasiyası” adlı beşinci fəsildə Papa XIV Leo diqqətini müharibə mövzusuna yönəldərək bildirir ki, “rəqəmsal inqilab münaqişələrin mahiyyətini dəyişdirir.” Papa xəbərdarlıq edir ki, etik yanaşma olmadan insan həyatı və ölümü ilə bağlı qərarlar getdikcə daha qeyri-şəxsi xarakter alacaq, çünki güc tətbiqi “dərhal və mümkün seçim” kimi qəbul edilməyə başlanır (182–183). Ensiklikada qeyd olunur ki, bütün bunların kökündə müharibəni normallaşdıran, onu beynəlxalq siyasətin “vasitəsi” kimi yenidən legitimləşdirən və silahlanmanı təşviq edən “hakimiyyət mədəniyyəti” dayanır. Papa Leo vurğulayır ki, bu gün ictimai rəy həm qütbləşdirici media narrativlərinin, həm də insanları uzunmüddətli baxışdan məhrum edən “narahatedici tarixi yaddaş itkisinin” təsiri altındadır (191). Bunun nəticəsində isə sülh artıq həyata keçirilməsi lazım olan bir vəzifə kimi deyil, münaqişələr arasındakı qısa fasilə kimi qəbul edilir. Məhz buna görə Papa XIV Leo qanuni özünümüdafiə hüququnun ən ciddi mənada qorunmasının vacibliyini qəbul etsə də, “ədalətli müharibə” nəzəriyyəsinin aşılmalı olduğunu vurğulayır və bunun əvəzinə dialoq, diplomatiya və bağışlama mədəniyyətinin təşviq edilməsinə çağırır (192).

Alqoritmlər müharibəni əxlaqi baxımdan məqbul edə bilməz

Papa Leo silah sənayesinin genişlənməsini, nüvə silahlanması yarışını və münaqişələri hakimiyyət və mənfəət mənbəyi kimi davam etdirməyə çalışan yeni silahlı qüvvələrin, o cümlədən cihadçı qrupların meydana çıxmasını sərt şəkildə tənqid edir. Papa, həmçinin süni intellektlə əlaqəli silahların istifadəsi barədə xəbərdarlıq edərək bildirir ki, “heç bir alqoritm müharibəni əxlaqi baxımdan qəbulolunan edə bilməz.” Ensiklikada deyilir: “Süni intellekt münaqişənin özündə daşıdığı qeyri-insani mahiyyəti aradan qaldırmır; əksinə, o, müharibəni daha sürətli və daha qeyri-şəxsi edir, zorakılığa əl atmaq həddini aşağı salır, müdafiəni təhlükələrin əvvəlcədən proqnozlaşdırılmasına çevirir və nəticədə qurbanları sadəcə məlumat vahidinə endirir. Beləliklə, insan şüuru zorakılığın qaçılmaz olduğu və yalnız daha səmərəli idarə edilməli olduğu düşüncəsinə alışdırılır.” Papa beynəlxalq səviyyədə qəbul ediləcək, şəxsi məsuliyyət və mülki insanların müdafiəsinə əsaslanan ciddi etik məhdudiyyətlərin tətbiqinə çağırır. “İnsan üzünü görmədən hücumu asanlaşdıran hər bir texnologiya münaqişənin mənəvi həddini aşağı salır” (199).

Multilateralizmin böhranı

Güc mədəniyyəti, həmçinin multilateralizmin böhranında və “etimadsızlıq ruhunun hakim olduğu nizamsız və münaqişələrlə yüklənmiş çoxqütblü dünyanın” formalaşmasında da özünü göstərir (201). Papa Leo təəssüflə qeyd edir ki, hüququn aliliyi getdikcə güclünün hüququ ilə əvəz olunur, güc məntiqi isə sülh quruculuğundan üstün tutulur. Xalqların ortaq taleyini qorumaq məqsədilə yaradılmış beynəlxalq institutlar isə zəifləyib. Bu kontekstdə Papa Birləşmiş Millətlər Təşkilatında dərin islahatların həyata keçiriləcəyinə ümid etdiyini bildirir. Onun sözlərinə görə, bu islahatlar mövcud dəyərlər böhranını aşmağa və ümumi rifah naminə beynəlxalq əməkdaşlığı yenidən gücləndirməyə xidmət etməlidir (226).

 

Məsuliyyətsiz Realpolitik

Ensiklikada qeyd olunur ki, bu gün “hibrid” müharibələr artıq yalnız döyüş meydanlarında deyil, iqtisadi, maliyyə və kiberməkanda da aparılır. Burada dezinformasiya və insanların qorxularını qidalandıran kampaniyalardan ictimai rəyi manipulyasiya etmək məqsədilə istifadə olunur ki, hərbi xərclərin artırılması qeyri-müəyyən gələcəyə “yeganə cavab” kimi təqdim edilsin. Papa XIV Leo bildirir ki, bütün bunlar əslində yalnız “saxta realizm”, məsuliyyətsiz bir Realpolitik nümunəsidir. Bu yanaşma insanların düşüncəsində və mədəniyyətində müharibənin qaçılmaz olduğu hissini yayır, sülhü isə utopiya kimi göstərir (204–205). Papa, həmçinin xəbərdarlıq edir ki, bəzi siyasi qüvvələr silahlı münaqişələri daxili problemlərdən diqqəti yayındırmaq və çətinlikləri idarə etmək üçün “səmərəli vasitə” kimi qəbul edə bilərlər (208).

Sevgi sivilizasiyası

Pontifik bildirir ki, xristianlar güc mədəniyyətinə “sevgi sivilizasiyasını” qurmaqla cavab verməyə çağırılıblar. İnsan qarşısında duran əsas seçim isə güc və zor məntiqini qidalandırmaq, yoxsa sülhü qorumaq seçimidir. Papa müqəddəslərin, “saleh insanların və çox zaman unudulan sülh qurucularının” xatirəsini yada salaraq qeyd edir ki, “ilahi lütf münaqişələri möcüzəvi şəkildə aradan qaldırmır; əksinə, o, insana şərə qarşı fəal müqavimət göstərmək və yaxşılıq yaratmaq üçün heyrətamiz yaradıcılıq gücü verir” (211). Ensiklikada Papa məsuliyyətə aparan beş yolu göstərir. Bunlara həqiqəti söyləməklə sözləri “silahsızlaşdırmaq”; ədalət üzərində qurulan sülh yaratmaq; qurbanların mövqeyindən çıxış edərək tərəf tutmaq, çünki bəzi münaqişələrdə “neytral qalmaq ədalətsizlikdir”; həmçinin yalnız sözlərlə deyil, konkret əməllərlə sülhə aparan real yollar axtaran “sağlam realizmi” inkişaf etdirmək daxildir.

Dinlərarası dialoqun əhəmiyyəti

Ensiklikada güc mədəniyyətindən danışıqlar və dialoq mədəniyyətinə keçidin vacibliyi xüsusi vurğulanır. Bu kontekstdə “dinlərarası dialoqun” həlledici əhəmiyyət daşıdığı qeyd olunur, çünki dindar insanlar dünyaya sülh mesajı çatdırmağa çağırılıblar. Papa Leo yazır: “Allahın adından terroru, zorakılığı və ya müharibəni əsaslandıranlar Onun həqiqi mahiyyətinə xəyanət edirlər. Çünki din adına savaşmaq əslində dinin özünə qarşı yönəlmək deməkdir” (223). Papa qeyd edir ki, Müqəddəs Taxt-Tacın diplomatiyası “İncilin mərhəmət prinsipini siyasi fəaliyyət üçün konkret meyar kimi qəbul edir.” Buradan isə dua çağırışı doğur, çünki həqiqi sülh hər şeydən əvvəl Allahdan gəlir (227–228).

Bəşəriyyətin əzəməti

İlk ensiklikasının sonunda Papa XIV Leo möminləri bu yeni texnoloji dövrdə İncilin nurunda yol getməyə çağırır. O, bunu “sadə, lakin tələbkar xristian həyat proqramı” kimi təsvir edir.

Papa sənədi belə yekunlaşdırır: süni intellekt dövründə belə, “Allahın Öz məskənini qurduğu bəşəriyyətin əzəmətinə şahidlik etmək” mümkündür.

26 may 2026, 19:40