Il Papa, 'tornano venti di guerra, non spengano la speranza'

Papa XIV Leo: Allah insan qəlbindən heç vaxt ümidini üzməz

Yay istirahətini Kastel Qandolfoda keçirən Papa XIV Leo “Rəbbin mələyi” duası zamanı Əkinçi haqqında məsəlin üzərində düşünərək xatırladıb ki, Allahın Kəlamı hər bir qəlbi dəyişdirmək qüdrətinə malikdir. O, möminləri yay aylarında sükuta, duaya və Müqəddəs Yazı üzərində düşünməyə daha çox yer ayırmağa çağırıb.

“RƏBBİN MƏLƏYİ”

“Piazza della Liberta”  - Azadlıq Meydanı -  (Kastel Qandolfo igamətgahı)
Rəbb günü, 12 iyul 2026-cı il

Əziz bacı və qardaşlar, Rəbb gününüz mübarək olsun!

Bugünkü liturgiyada müjdəçi Matta bizə Əkinçi haqqında məsəli təqdim edir (Matta 13,1-23). Bu məsəl Allahın Öz Kəlamını qəlblərimizə və Öz qüdrətini həyatımıza necə böyük səxavət və etimadla səpdiyini göstərir.

Bəşər olmuş Kəlam olan İsa Məsih, bizim xilasımız naminə Öz həyatını fəda edən Rəbb, Atanın bütün dünyaya səpməyə davam etdiyi həmin toxumdur ki, ölərək bol bəhrə versin (Yəhya 12,24). Doğrudur, bəzən O, bizim daxilimizdə bərkimiş və Onun təsirinə qapalı torpaqla qarşılaşır; bəzən isə diqqəti dağılmış, yol kənarındakı, daşlı və ya tikanlı torpağa bənzər qəlblərlə üzləşir. Lakin elə anlar da olur ki, O, münbit və məhsuldar torpaq tapır. Məhz onda məhəbbətin möcüzələri baş verir və O, hər şeyi dəyişdirməyə qadir olur. Şübhəsiz ki, hər birimiz bunu öz həyatımızda yaşamışıq. Məhz buna görə də Ata Öz Kəlamını səpməkdən heç vaxt əl çəkmir. Çünki O bilir ki, Onun məhəbbətinin qüdrəti bizim zəifliyimizdən daha güclüdür (bax: 2 Korinflilərə 12,9–10).

Allahın Kəlamının «toxumu» haqqında danışarkən Müqəddəs Fəsahətli Yəhta (İoann Xrizostom) belə sual verir: «Tikanlar arasına, daşlı yerə və ya yol kənarına toxum səpmək necə məntiqli ola bilər? Toxum və torpaqdan söhbət gedəndə bu, həqiqətən də məntiqli görünmür. Ancaq söhbət insan qəlbindən və ilahi təlimdən gedəndə bu, tamamilə təqdirəlayiqdir» (*Matta Müjdəsinə şərhlər*, 44, 5). Çünki Allahın əlində «daşlı torpaq münbit torpağa çevrilə bilər; yol kənarı artıq insanların tapdaladığı yer olmaqdan çıxaraq bərəkətli torpağa dönə bilər; tikanlar isə təmizlənər və toxum tam təhlükəsizlik içində böyüyüb inkişaf edə bilər» (eyni mənbə).

Allahın bizə göstərdiyi səxavət sadəlövhlük deyil, hikmətdən doğur. O, bizim daxilimizdə bəzən özümüzün belə görə bilmədiyimiz yaxşılıq imkanını görür. Məhz buna görə də qəlbimizin torpağını bizdən daha yaxşı tanıyan Rəbb bizə olan etimadını heç vaxt itirmir. O, həm kim olduğumuza, həm də imanla Özünü Ona etibar etdiyimiz təqdirdə günbəgün kimə çevrilə biləcəyimizə inanır.

Beləliklə, toxumu səpənin səxavəti və etimadı ilə onu qəbul edənin təvazökarlığı və açıqlığı bir araya gəldikdə, Müqəddəs Ruhun bəhrələri qəlbimizdə yetişir və ətrafımıza yayılır. Müqəddəs Həvari Paul yazır ki, bu bəhrələr məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, sədaqət, 23 həlimlik, nəfsə hakim olmaqdır» (Qalatiyalılara 5,22). Dünyamızın bu bəhrələrə nə qədər böyük ehtiyacı var! Məhz onlar sayəsində dünya dolur, yenilənir və dəyişir.

Buna görə də, gəlin xüsusilə bu yay istirahəti günlərində, Allahın Kəlamını dinləməyə, oxumağa və onun üzərində düşünməyə daha çox vaxt ayırmağa qərar verək. Qoy istirahət və sağlam asudə vaxtla yanaşı, həyatımızda sükut və dua üçün də həqiqi məkan yaransın. Beləliklə, gündəlik fəaliyyətimizə həm bədənən, həm də ruhən yenilənmiş halda qayıdacaq, İncilin Xoş Xəbərini bəyan etməyə və Allahın Padşahlığının inkişafına daha səylə xidmət etməyə hazır olacağıq.

Qoy Həvarilərin Məlikəsi və Müjdələmənin Ulduzu olan Mübarək Məryəm Ana bu yolda bizə kömək etsin.

13 iyul 2026, 13:48

Angelus nədir?
 

Angelus, katoliklər tərəfindən gündə üç dəfə, səhər 6-da, günorta və axşam 6-da oxunan xüsusi bir duadır və Angelus zənginin çalınması ilə müşayiət olunur. Adı latın dilində 'mələk' sözündən gəlir və bu dua, İsa Məsihin Təcəssüm Sirri ilə insan təbiətimizi qəbul etməsini xatırladır.
 

Papa hər bazar günü günorta saatlarında Müqəddəs Peter meydanında Angelus duasını oxuyur.
 

Papa həmçinin günün İncilini şərh edir və beynəlxalq məsələlərə toxunur. Bu açıqlamalar bütün dünyada radio və televiziya vasitəsilə yayımlanır. Eyni zamanda, sosial mediada geniş şəkildə paylaşılır.
 

Pasxadan Pentikost (Əllinci Gün Bayramı) gününə qədər Angelus duası yerinə Regina Coeli duası oxunur. Bu dua İsa Məsihin Dirilməsini xatırladır və Angelus kimi, Qloriyanın ('Allahı ucaldaq' duasının) üç dəfə oxunması ilə tamamlanır.

Ən son 'Angelus' / 'Regina Caeli'

Həmçinin oxuyun >