2019.01.11 Cupola di San Pietro, piazza san Pietro , esterno basilica San Pietro

Müqəddəs Peter Bazilikasının 400 illiyi ilə əlaqədar yeni təşəbbüslər

Müqəddəs Peter Bazilikasının baş keşişi kardinal Mauro Qambetti, Bazilikanın təqdis olunmasının 400 illiyi münasibətilə bir sıra təşəbbüslər elan edib. Bura zəvvarlar üçün çoxdilli platforma, əvvəllər daxil olmaq mümkün olmayan ərazilərə giriş və yeni “Michelangelus” şriftinin istifadəyə verilməsi daxildir.

Debora Kastellano Lubov tərəfindən

Müqəddəs Peter Bazilikasının baş keşişi və "Fabbrica di San Pietro"nun prezidenti kardinal Mauro Qambetti, Müqəddəs Peter Bazilikasının təqdis olunmasının 400 illik yubileyini qeyd etmək üçün müxtəlif təşəbbüslər təqdim edib.

Bazar ertəsi Müqəddəs Taxt-Tacın Mətbuat Ofisində keçirilən mətbuat konfransı zamanı o bildirib ki, yubiley ili fevralın 20-də yeni "Via Crucis"in (Xaç Yolu) açılışı ilə başlayacaq və noyabrın 18-də Papa XIV Leonun rəhbərliyi ilə keçiriləcək Müqəddəs Messa ilə başa çatacaq.

Çoxdilli liturgik platforma

Yubiley ilini mənəvi, mədəni və texnoloji tərəqqi ili kimi təsvir edən kardinal Qambetti zəvvarlar və ziyarətçilər üçün yeni xidmətlər haqda məlumat verib. Məsələn, o, Kommunikasiya Dikasteriyası və AI əsaslı tərcümə həlləri sahəsində dünya lideri olan "Translated" şirkəti ilə birgə hazırlanmış çoxdilli liturgik platformanın anonsunu edib.

Bu platforma smartfonlar vasitəsilə əlçatan olan real vaxt rejimində süni intellekt dəstəkli tərcümələr təklif edəcək və imanlılara əsas bayram tədbirlərini seçdikləri dildə izləmək imkanı verəcək.

Bazilikanın girişində və müxtəlif nöqtələrində QR kodu skan edərək, hər hansı proqram yükləmədən və ya xüsusi avadanlıq istifadə etmədən həm audio, həm də mətn tərcümələrini təmin edən xüsusi web-səhifəyə daxil olmaq mümkün olacaq.

Tərcümə sistemi "Translated" tərəfindən hazırlanmış "Lara" süni intellekt tərcümə platformasının canlı sinxron tərcümə imkanlarına əsaslanır.

Əvvəllər daxil olmaq mümkün olmayan ərazilərə giriş

Bundan əlavə, o izah edib ki, monumental kompleksin əvvəllər bağlı olan əraziləri ictimaiyyətə açılacaq. Bura üç yelpikşəkilli bölmədən ibarət bütün terras, həmçinin Gənc Antonio da Sanqallonun Bazilika modellərinin və Mikelancelonun Günbəzinin, eləcə də Bazilikanın muzey arxivindən olan əsərlərin yerləşdiyi Səkkizbucaqlı Zallar daxildir.

Qeyd olunub ki, "Smart Pass" adlı yeni real vaxt rejimli rezervasiya sistemi ziyarətçi axınını tənzimləməyə kömək edəcək və eyni zamanda məkanın müqəddəs xarakterini qoruyacaq.

O həmçinin bildirib ki, genişləndirilmiş rəqəmsal ekosistem zəvvarlara dualarını və şəhadətlərini bölüşmək imkanı verəcək.

Kardinal Qambetti izah edib ki, yüzilliyi qeyd etmək sadəcə bir tarixi xatırlamaq deyil, həyat və ümid verən dəyərləri “yenidən qəlbə qaytarmaqdır”.

Mənəvi müşayiət və yenilənmə

Bazilikanın baş keşişi hər həftə keçiriləcək dua və müqəddəs musiqidən ibarət “Mənəvi Yüksəlişlər” proqramını, habelə Müqəddəs Peter haqqında pastoral mühazirələr və Müqəddəs Yazı təfsirlərinin keçiriləcəyini elan edib.

Bundan əlavə, Romada Müqəddəs Peter və Paulun izləri ilə xüsusi ziyarət marşrutu və 29 iyun — Müqəddəs Peter və Paul bayramı ərəfəsində teatr tamaşası təşkil olunacaq.

Nəhayət, kardinal, “Fabbrica di San Pietro” və İtaliyanın "Eni" transmilli enerji şirkətinin birgə layihəsi olan “Görünəndən Kənarda” (Beyond the Visible) layihəsini təqdim edib. Bu layihə inteqrasiya olunmuş və daimi struktur monitorinqi vasitəsilə Vatikan Bazilikasının struktur sabitliyini qorumağı hədəfləyir.

Yeni şrift

Əlavə olaraq, o qeyd edib ki, Vatikan Buonarrotinin əlyazmasından ilhamlanan və "Studio Gusto" tərəfindən hazırlanan “Michelangelus” adlı yeni institusional şrifti istifadəyə verəcək. Bu şrift "Microsoft Office" paketinə də daxil ediləcək.

Kardinal Qambetti çıxışını maraqlı bir müqayisə ilə yekunlaşdırıb: əgər vaxtilə Papa II Yulius bazilikanı yeniləmək üçün onu yenidən inşa etməli idisə, bu gün qabaqcıl texnologiyalar sayəsində yenilənmə heç bir söküntü aparılmadan da mümkündür. O, əminliklə bildirib ki, məhz bu texnoloji imkanlar Müqəddəs Pete Bazilikasının gələcək əsrlər boyu zəvvarları qəbul etməsinə şərait yaradacaq.

19 fevral 2026, 13:18