2026.03.27 Predica di Quaresima

Sonuncu Oruc meditasiyası: Azad həyat qeyd-şərtsiz sevməkdir

Papa Sarayının vaizi, "Allah övladlarının azadlığı. Kamil sevinc və olümün bir bacı olması" mövzusunda sonuncu Böyük Orucu meditasiyasını keçirdi. O, öz kövrəkliyini və kiçikliyini qəbul etməyi öyrənən müq. Assizili Fransiskin yer üzündəki səyahətinin son mərhələlərinə toxundu.

Alessandro di Bussolo tərəfindən

Dördüncü və sonuncu Böyük Oruc meditasiyası zamanı ata Roberto Pazolini, öz kövrəkliyini və kiçikliyini qəbul etməyi öyrənən müq. Assizili Fransiskin ömür yolunun son mərhələləri haqqında düşüncələrini bölüşdü. O qeyd etdi ki, heç bir şey — nə rədd edilmək, nə xəstəlik, nə də ölüm bizi Allahın sevgisindən ayıra bilməz.

27 mart, cümə günün səhəri, Papa XIV Leonun iştirakı ilə VI Paul audiensiya zalında keçirilən meditasiyanın mövzusu " Allah övladlarının azadlığı. Kamil sevinc və olümün bir bacı olması" idi.

Papa Sarayının vaizi ata Pazolini xatırlatdı ki, dörd oruc sessiyası boyunca onlara "İncil yolunda olan" Assizili Yoxsulun siması bələdçilik edib. Fransiskin mənəvi təcrübəsinin ən kamil bəhrəsi isə nəhayət "Allah övladlarının azadlığı" olacaqdır.

ata Roberto Pazolini VI Paul zalında
ata Roberto Pazolini VI Paul zalında   (@Vatican Media)

Müq. Fransisk həyatının yoxsulluğunda Allah tərəfindən yönəldilir

Kapusin vaiz vurğuladı ki, Fransisk məhz öz varlığının bütün çılpaqlığında və yoxsulluğunda "Allah tərəfindən yönləndirilməyi" öyrəndiyi üçün müqəddəsliyə ucaldı. Beləliklə, o, bir “alter Christus” (başqa bir Məsih) kimi Müqəddəs Ruhu tam səmimiyyətlə qəbul edə bildi. İtalyan fransiskan rahibi Çelanolu Tomasın xatırlatdığına görə, ömrünün sonuna yaxın Fransisk artıq "canlı duaya çevrilmişdi"; bu o demək idi ki, onun bütün həyat tərzi kəsilməz bir duaya dönmüşdü.

Kamil sevinc yolu

Lakin ata Pasolini davam edərək bildirdi ki, həmin son illərdə Müqəddəs Fransisk "ən böyük sınağından" keçirdi. Onun qurduğu "Kiçik Qardaşlar Ordeni" böyüyüb dəyişdikcə, o, özünü kənarda qalmış, sanki faydasız və hətta bir "axmaq" kimi hiss etməyə başlamışdı.

Fransisk “Santa Maria degli Angeli”-də yanında olan digər bir rahiblə — Leo qardaş ilə "həqiqi və kamil sevinc" məsəlini paylaşdı. Ondan özü və Kilsə üçün fəxr mənbəyi ola biləcək bütün gözəl şeyləri sadalamasını istədi.

Sonda isə Fransisk Leodan, "bütün bu uğurlarda kamil sevinc yoxdur" yazmağı xahiş etdi. O izah etdi ki, "əsl sevinc — rədd edilmək, alçaldılmaq və anlaşılmamaq kimi halların bizim daxili hüzurumuzu poza bilmədiyi zaman üzə çıxır". Ata Pazolini qeyd etdi ki, həqiqi sevinc "bizim çətin şəraitə, kənarlaşdırılmağa və inkar olunmağa verdiyimiz reaksiyada" gizlənir.

Xoşbəxtlik, — deyə o davam etdi, — özünü reallıqdan gizləmək deyil, hətta ağrı verəndə belə, reallığın altında əzilmədən onu bağrına basmağı öyrənməkdir. Məhz bu nöqtədə xristian həyatı real məna qazanır; biz hadisələrin gedişatından asılı olmayan, əksinə, onları necə yaşamaq seçimimizdən doğan bir sevinclə həyata tutunmağı öyrənirik.

Deməli, kamil sevinc 'yaraların yoxluğu' deyil, 'o yaraların əsiri olmamaq' azadlığıdır. Bu elə bir azadlıqdır ki, ağrını silib atmır, sadəcə son sözü ağrının deməsinə imkan vermir.

Bəxtiyarlıqlar: dolğun bir həyat vədi

İncildə İsa göstərir ki, "nifrət və təqib qarşısında belə azad olan bu yaşayış tərzi — Onun adı ilə yeni həyatın tamamlanmış formasıdır". Bu, Onun ictimai fəaliyyətinin əvvəlində, qanun deyil, bir vəd olan Bəxtiyarlıqları təbliğ edərkən aydın görünür. Onlar quru bir qanun deyil, bir vəddir; “mənəvi mükəmməllik proqramı deyil, reallığın tam mərkəzində artıq gizlənmiş olan xoşbəxtliyin üzə çıxarılmasıdır”.

Bəxtiyarlıqlar bizi reallıqdan qaçmağa və ya xoşbəxtliyi uzaq gələcəyə saxlamağa çağırmır. Əksinə, onlar bizi yaşadıqlarımızı (hətta kövrək və yarımçıq görünsə belə) daha dərindən hiss etməyə çağırır. Onlar müjdələyir ki, dolğun həyata gedən yol məhz bizim real təcrübəmizdən, kimliyimizdən və keçdiyimiz sınaqlardan keçir.

Papa XIV Leo və Roma Kuriyası ata Roberto Pazolininin Böyük Oruc meditasiyasını dinləyərkən
Papa XIV Leo və Roma Kuriyası ata Roberto Pazolininin Böyük Oruc meditasiyasını dinləyərkən   (@Vatican Media)

Yeni azadlıq xarici şəraitdən asılı deyil

Bəxtiyarlıqlar bizə deyir ki, "bu həyat, olduğu kimi, artıq həyatın dolğunluğunu dada biləcəyimiz yerdir". Papa Sarayının vaizi vurğuladı ki, Bəxtiyarlıqlar bizə qəhrəmanlıq dolu bir yol cızmır, lakin "çətinlik, tənhalıq və ya təqib bahasına baş gəlsə belə, bizə verilən ömür payını təvazökarlıqla qəbul etməyə imkan verir". Onlar təsdiqləyir ki, reallıq xoşbəxtlik məkanı ola bilər.

Bu o deməkdir ki, həyat təxirə salınmamalı və ya xəyallarda ideallaşdırılmamalıdır; o, həm faciəvi, həm də əzəmətli tərəfləri ilə olduğu kimi qəbul edilməlidir. Müjdə sevinci yaraları yox etmir, əksinə, o yaraların içindən keçərək onları dəyişdirir və bizi ən böyük sevgiyə — bağışlayan sevgiyə açır. Məhz reallığa bu cür səmimi bağlılıqdan yeni bir azadlıq doğulur — elə bir azadlıq ki, artıq xarici şərtlərdən asılı deyil.

Stiqmata: Sevginin nəticələri

Daha sonra kapusin keşiş meditasiyada mistik hadisələrə — Fransiskin La Verna dağında aldığı "stiqmata" (Məsihin yaralarının bədəndə görünməsi) hadisəsinə toxundu. Bu hadisədə "Məsihin çəkdiyi iztirabların sirri möminin bədənində əks olunur".

Allahın "ucalmaq və ya razı qalmaq üçün bizim ağrımıza ehtiyacı yoxdur". O, "bir insana dərindən toxunanda, ona yeni ağrılar əlavə etmir; sadəcə həmin insanın həyat hekayəsində artıq mövcud olan ağrıları transformasiya edərək, onları sevginin bir nişanəsinə və nəticəsinə çevirir". Müqəddəs Fransisk La Vernaya yorğun bədənlə, korluğa aparan xəstəlikdən zəifləmiş gözlərlə və hədsiz böyüyən bir Orden daxilində özünü kənarda qalmış hiss etməyin verdiyi ağır ruh halı ilə çıxmışdı.

​Və məhz orada Allah "yeni yaralar açaraq deyil, həyatın artıq açmış olduğu yaraları dəyişdirərək" müdaxilə edir.  

Fransiskin çəkdiyi əzablar — uğursuzluğa uğrayan layihələri, qardaşlarının onu anlamaması, özünü təmənnasız fəda edən birinin tənhalığı — artıq daxildə gizlənən bir yük olmaqdan çıxıb bir ünsiyyət vasitəsinə çevrilir. Onu başqalarından ayıran hər nə varsa, artıq onu Məsihlə birləşdirən və nəticədə qardaşları ilə barışdıran bir körpüyə çevrilir.

Son söz ağrının deyil

​Ata Pazolini xatırlatdı ki, stiqmata "daxili dəyişimin görünən əlamətidir". Fransisk La Verna dağından "möhürlənmiş bir bədən, lakin azad bir qəlblə" düşdü. Ağrı yox olmur, lakin artıq son sözü o demir. Bu, bu gün bizim üçün xoş müjdədir. İztirablar qeyb olmur, "amma artıq bizi dünyaya qapatmaq gücünə də malik deyil. Qəlbimizin dərinliklərində elə bir hüzur kəşf edirik ki, onu nə bir kəs, nə də bir hadisə əlimizdən ala bilməz".

Həyatın ağrıları bizdə həmişə başa düşmədiyimiz və qəbul etməkdə çətinlik çəkdiyimiz izlər qoyur. Bu yaralar iki seçim qarşısında qalır: ya bizi inciklik və qaçışla özümüzə qapada bilər, ya da böyümə və azadlıq məkanlarına çevrilə bilər.

Çevrilmə üçün son fürsət

Ölümündən əvvəlki aylarda Fransisk "ən çətin hərəkəti yerinə yetirir: o, dilənməyi öyrənir", lakin çörək üçün deyil, "təsəlli, yaxınlıq, şəfqət üçün. O, qəbul etməyi öyrənir". O, Assizi yepiskopunun sarayında ona qulluq edilməsini qəbul etdi. Bu, "yaşamaq və ölmək üçün başqalarına ehtiyacı olduğunu bilən birinin yoxsulluğudur". O, Ölümü "bacı" adlandıranda, bu söz "təsəlli verici bir metafora deyil", "uzun bir barışıq yolunun bəhrəsidir". Çünki İbranilərə Məktubda deyildiyi kimi, iblis ölüm qorxusu ilə bizi bütün həyatımız boyu qul kimi saxlayır.

​Lakin Məsihin sevgisi bizdə yeni bir həyat quranda, o qorxu tədricən əriyir. Ölüm öz simasını dəyişərək çevrilmə üçün son və qəti fürsətə çevrilir. Bu, hələ də bərk-bərk yapışdığımız hər şeyi buraxdığımız və özümüzü — qeyd-şərtsiz — Atanın ədalətli və mərhəmətli nəzərinə təslim etdiyimiz andır.

Fransisk sonun yaxınlaşdığını hiss edəndə dünyada ən çox sevdiyi yerə — Portsiunkolaya getdi. Orada onu romalı dostu Yakopa dei Settezoli ziyarət etdi; Fransisk ondan çox sevdiyi şirniyyatları gətirməsini xahiş etmişdi.

Bu, Fransiskin Müjdə yoxsulluğunun son aktıdır: "öz kövrəkliyi ilə görünməyi qəbul edən birinin yoxsulluğu". “O, qəbul etməyin verməyin ən saf forması olduğunu və sona qədər sevilməyə icazə verməyin ən böyük azadlıq olduğunu dərk edərək dünyadan köçür.”

Çılpaq, yalın torpaq üzərində

Ata Pazolini hər kəsə xatırlatdı ki, müq. Fransisk xristian qəhrəmanı kimi deyil, ehtiyaclı bir insan kimi ölür. O, çılpaq şəkildə yalın torpağa uzadılır. Bu, onun bütün ömrünün zirvəsidir, çünki hər cür mülkiyyətdən və iddiadan arınmaq onun bütün həyat yolunun ana xətti idi.

ata Roberto Pazolini
ata Roberto Pazolini   (@Vatican Media)

​O, gəncliyində şəhər meydanında atasının verdiyi libasları çıxarıb hər şeydən imtina edəndə, rahib cübbəsini sanki azadlıq libası kimi geyinmişdi. İndi isə ömür yolunun sonunda, hətta o son geyimə də ehtiyacı yoxdur. O, imanın xeyirli döyüşünü apardı və Allahın həqiqi övladı oldu. Yaradılış kitabında dünyanın başlanğıcında Adəm və Həvva üçün "çılpaqlıq şəffaflıq idi"; bu, hər şeyi bir hədiyyə kimi qəbul edən, heç bir müdafiəyə ehtiyac duymayan insanın halı idi. Lakin ilan şübhə toxumu səpərək həyatın mülkiyyət kimi sahiblənilməli və qorunmalı olduğunu təlqin etdi. Məhz həmin andan çılpaqlıq utanca çevrildi.

Məsih bu hekayəni çarmıxda tamamlayır: O, çarmıxda hər şeydən məhrum və müdafiəsiz olsa da, xeyir-dua verməyə davam edirdi. Məhz orada Allah insana varlığının ən kövrək nöqtəsində toxunur və həyatla ölüm haqqındakı bütün şübhələri birdəfəlik yox edir. Qorxunun dərmanı daha güclü müdafiə deyil, tam əksidir: müdafiəni dayandırmaq, qollarını açmaq və qəbul etməyi öyrənməkdir.

​Ata Pasolini vurğuladı ki, Fransisk üçün Portsiunkoladakı hər şeydən tam təmizləndiyi bu son hal - sadəcə zahid yolunun davamı deyil, "bir insanın özü ilə barışması idi". Məhz buna görə Kilsə onu müqəddəs kimi tanıyır.

O, öz kövrəkliyini qəbul etməyi, bir övlad və bir qardaş kimi yaşamağı, öz kiçikliyindən artıq utanmamağı öyrəndi. Məhz bu qəbul edilmiş "kiçiklikdə" o, ən böyük azadlığı tapdı: özünü Kilsəyə və dünyaya səxavətlə, təmənnasız, hesabsız və heç bir müdafiə səddi qurmadan həsr etmək azadlığını.

Allah övladlarının azadlığına doğru gedən yol

Vaiz çıxışını belə yekunlaşdırdı: Assizli Fransiskin yolu yalnız seçilmiş bir neçə nəfər üçün deyil, "İncilin hər bir vəftiz olunmuş şəxsə vəd etdiyi həyatın tam formasıdır: sona qədər sevə bilən və ağrılara məğlub olmadan dözməyi bacaran azad bir ömür". Bu elə bir şəhadətdir ki, onun qarşısında kilsə çobanlarının üzərinə çox incə və məsuliyyətli bir vəzifə düşür.

Biz İncili qorxularımıza uyğunlaşdıra, onu sadəcə təsəlli verən bir təklifə və ya ruhu boşaldılmış quru dini ayinlərə çevirə bilmərik. İnsanlara daha asan, lakin mənəvi dərinliyi olmayan "ucuz bir xristianlıq" təklif etmək, onları əsl ehtiyac duyduqları şeydən — addımlarımızı əbədi həyata apara biləcək o müqəddəs yoldan məhrum etmək deməkdir.

Ata Pazolini vurğuladı ki, müq. Fransiskin bəyan etdiyi İncil heç bir qısayol təklif etmir, əksinə, "bizi Allah övladlarının azadlığına aparan saflaşma və mənəvi çevrilmə yoluna çıxarır".

​Kilsə rəhbərlərinin vəzifəsi "bu həqiqəti bulandırmadan qorumaq, Məsihdə tam yetkinliyə qapı açan yolları göstərməkdir". Müqəddəs Fransiski dərindən düşündüyümüz bu ildə, qoy onun həyatının hər addımına bələdçilik edən o böyük istəyin — "Məsihi tanımaq" arzusunun bizi hərəkətə gətirməsinə icazə verək.

28 mart 2026, 10:41