Müqəddəs Taxt-Tac: Həqiqi sülh qorxu vasitəsilə qurula bilməz
Linda Bordoni tərəfindən
Bu həftə Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının “Silahlı münaqişələr zamanı mülki əhalinin qorunması” mövzusunda keçirilən Açıq Müzakirəsində çıxış edən Müqəddəs Taxt-Tacın nümayəndə heyəti dünyada milyonlarla insanın yaşadığı ağır humanitar vəziyyətə diqqət çəkib. Çıxışda vurğulanıb ki, müasir müharibələrin ən ağır nəticələrini məhz mülki şəxslər yaşayırlaк. Onlar məcburi köçkünlüyə, zorakılığa, aclığa və həyati vacib xidmətlərin iflic olmasına məruz qalırlar.
Nümayəndə heyəti vurğuladı ki, mülki şəxslərin qorunması sadəcə siyasi və ya əməliyyatla bağlı bir problem deyil, eyni zamanda dərin mənəvi bir məsuliyyətdir.
“Papa XIV Leonun sözləri ilə desək, ‘hər bir insanın vicdanına həkk olunmuş və beynəlxalq hüquq tərəfindən tanınmış insanlıq prinsipi mülki əhalini müharibənin dəhşətli təsirlərindən qorumaq kimi mənəvi öhdəlik tələb edir’,” – deyə nümayəndə heyəti Şuraya xatırladıb.
Hüquqi çərçivələri aşan dərin etik məsuliyyəti vurğulayan nümayəndə heyəti narahatlıq yaradan üç əsas sahəni diqqətə çatdırıb.
İbadət yerlərinin və dini icmaların qorunması
Nümayəndə heyəti dini məkanlara və dini icmalara qarşı hücumların “ciddi narahatlıq doğurduğunu” bildirib. Bu cür əməllər cəmiyyətlərin mənəvi və sosial quruluşunu zədələyir.
Bəyanatda vurğulanıb ki, münaqişə dövrlərində bu məkanlar çox zaman sığınacaq rolunu oynayır, yardım göstərir və həmrəyliyi təşviq edir.
Müqəddəs Taxt-Tac bildirdi ki, münaqişə zamanı dini etiqad azadlığının təmin edilməsi insan ləyaqətinin qorunması və barışıq toxumlarının səpilməsi üçün vacibdir.
Tibb işçilərinin və səhiyyə müəssisələrinin qorunması
Nümayəndə heyəti qeyd edib ki, 2286 saylı qətnamənin qəbulundan on il keçməsinə baxmayaraq, səhiyyə işçilərinə və tibb müəssisələrinə qarşı hücumlar davam edir.
“Yaralanan və ya xəstələnən şəxslər heç vaxt tibbi yardımdan məhrum edilməməlidir və humanitar yardım göstərən şəxslər heç vaxt hədəfə çevrilməməlidir,” – deyə bəyanatda vurğulanıb.
Müharibədə ortaya çıxan texnologiyalar və etik narahatlıqlar
Müasir münaqişələrdə getdikcə daha çox yer alan yeni texnologiyalara, xüsusən də süni intellektə diqqət yetirən Müqəddəs Taxt-Tac bildirib: "İnsan həyatı təhlükə altında olduğu zaman heç bir maşın mənəvi mühakiməni əvəz edə bilməz".
O xəbərdarlıq etdi ki, insanın tam nəzarətində olmayan texnologiyalar təhlükəlidir. Çünki bu cür texnologiyalar qərar verən şəxsləri müharibənin gətirdiyi insan faciəsindən uzaqlaşdırır. Nəticədə, dinc əhalinin qorunmasına görə məsuliyyət hissi azalır.
Çağırış
Müqəddəs Taxt-Tacın nümayəndə heyəti beynəlxalq humanitar hüquqa hörmət göstərilməsinə, eləcə də münaqişələrin qarşısının alınmasına, dialoqa və sülh yolu ilə həllinə yenidən üstünlük verilməsinə çağırış edib.
“Həqiqi sülh qorxu və dağıntı vasitəsilə deyil, qarşılaşma, etimad və məsuliyyət vasitəsilə qurulur,” – deyə nümayəndə heyəti bildirib.
Sonda Papa XIV Leonun sözləri xatırladılıb: “Sülh hər birimizdən başlayır: başqalarına necə baxdığımızdan, onları necə dinlədiyimizdən və onlar haqqında necə danışdığımızdan.”